Məhkəmə qərarları › İş №3(055)-896/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-896/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-896/2025 19.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X6 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X5 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Məhkəməyə daxil olmuş 16 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, 25 sentyabr 2025-ci il tarixdə Saatlı şəhəri, Mirağa Ağayev küçəsində fəaliyyət göstərən “Çinar park” kafesində formalaşan tullantı sularının təyinatsız olaraq boş əraziyə axıdılması faktı müəyyən olunmuşdur. Qeyd edilən material üzrə vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X6 nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Suların İstifadəsinə və X7 Xidmətinin 6 saylı Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” AR Qanunun və suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Saatlı rayon Mirağa Ağayev küçəsində yerləşən “Çinar Park” ailəvi restoranda formalaşan çirkab suların açıq sahəyə axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı “Çinar park” ailəvi restoranda çirkab suların dəmir boru vasitəsiylə açıq sahəyə axıdılması müəyyən edilmişdir. Həmin restoranın mülkiyyətçisi X1 İstifadəsinə və X7 Xidmətinin 6 saylı Mil-Muğan regional bölməsinə dəvət olunmuşdur. X4 aşkar olunmuş faktla bağlı izahat vermiş, lakin, protokol və akta imza etməkdən imtina etmişdir. Aparılmış araşdırma zamanı X2 çirkab suların açıq sahəyə axıdılması aşkar olunduğundan onun barəsində 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda protkolu müdafiə edir və X2 inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək göstərdi ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda o, “vəzifəli şəxs” kimi göstərilmişdir. Lakin o, heç bir müəssisədə və ya təşkilatda vəzifə tutmur, təqaüddǝdir və sahibkarlıq fəaliyyəti yoxdur. Buna görə də qanunvericiliyə əsasən o, vəzifəli şəxs hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 14-cü maddəsinə əsasən “vəzifəli şəxs” dedikdə, dövlət və ya bələdiyyə orqanlarında, yaxud hüquqi şəxslərdə idarəçilik, təşkilatçılıq və nəzarət funksiyalarını həyata keçirən şəxs başa düşülür. Qeyd edir ki, o, fərdi sahibkar olmuş və VÖEN üzrə fəaliyyətini 12 iyul 2023-cü il tarixində vergi orqanına verdiyi ərizə ilə 26 iyul 2028-ci ilə qədər rəsmi şəkildə dayandırılmışdır. Hazırda yalnız mülkiyyətində olan obyekti icarəyə vermişdir. VÖEN yalnız icarə üzrə hesabat məqsədi ilə texniki olaraq açıq saxlanılmışdır. Bu səbəbdən onun aktiv sahibkarlıq və ya idarəçilik fəaliyyəti yoxdur və İXM-nin 14-cü maddəsinə əsasən “vəzifəli şəxs” anlayışına aid edilə bilməz. Bundan başqa, ünvan 1 ünvanda xidmət obyekti kimi fəaliyyət göstərən “Çinar park” ailəvi restoranı Tikintiyə Dövlət Nəzarətini həyata keçirən orqanın 03 iyul 2018-ci il tarixli və Saatlı rayon İcra hakimiyyətinin 12 iyul 2018-ci il tarixli sərəncamı ilə icazə sənədləri əsasında istismara verilmişdir. O, vaxt həmin obyektdən çıxan tullantı suları heç bir su hövzəsinə çıxışı olmayan açıq sahəyə deyil xüsusi qazılmış kanala axıdılırdı və kanalda əmələ gələn çöküntülər vaxtlı-vaxtında təmizlənirdi. Tullantı sularının kanala axıdılmasına görə heç bir dövlət və qeyri dövlət orqanları tərəfindən problem yaşanmamışdır. Bundan başqa bildirirki, “Çinar park” ailəvi restoranı onun mülkiyyətində olsa da, həmin obyekti o, X14 icarəyə vermişdir. Həmin obyekti hazırda X16 işlədir. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərmişdir ki, “Çinar park” ailəvi restoranını Dadaş Gülməmmədovdan icarəyə götürmüş və hazırda da, həmin restoranı o, işlədir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X6 əməkdaşları tərəfində də,“Çinar park” ailəvi restoranına baxış keçirilərəkən onlara, restoranın onun tərəfindən işlədildiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X6 25 sentyabr 2025-ci il tarixli, 001227 nömrəli aktından görünür ki, Suların İstifadəsinə və X7 Xidmətinin 6 saylı Mil-Muğan regional bölməsinin 22 sentyabr 2025-ci il tarixli, 0013 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” AR Qanunun və suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Saatlı rayonu Mirağa Ağayev küçəsində çirkab suların təyinatsız olaraq boş əraziyə axıdılması faktı aşkar edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Saatlı rayonu Mirağa Ağayev küçəsində fəaliyyət göstərən X3 məxsus olan “Çinar park” ailəvi restoranında formalaşan çirkab suların dəmir boru vasitəsilə təyinatsız olaraq boş əraziyə axıdılması müəyyən edilmişdir. Bununla da X4 tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 12-ci maddəsinin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblər pozulmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X6 16 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, 25 sentyabr 2025-ci il tarixdə Saatlı şəhəri, Mirağa Ağayev küçəsində fəaliyyət göstərən “Çinar park” kafesində formalaşan tullantı sularının təyinatsız olaraq boş əraziyə axıdılması faktı müəyyən olunmuşdur. İşdə olan videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsi zamanı “Çinar park” ailəvi restoranın fəaliyyəti zamanı formalaşan çirkab sualarının boru vasitəsilə təyinatsız olaraq boş əraziyə axıdılması faktı müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, X10 (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən **********-67001 kodlu “Çinar Park ailəvi restoranı” adlı təsərrüfat subyekti (obyekti) xx.xx.2025-ci il tarixdə, müvafiq daşınmaz əmlakın mülkiyyətçisi X4 (VÖEN: **********) ilə bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsi əsasında uçota alınmışdır. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması inzibati məsuliyyət yaradır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin onun tərəfindən icra olunması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X5 daxil olmuş 16 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, çirkab suların axıdıldığı ünvan 2 ünvanında yerləşən “Çinar Park ailəvi restoranı” X2 mülkiyyətində olsa da, sonuncu tərəfindən həmin restoran X14 icarəyə verilmiş və hazırda da, həmin restoran X10 istifadəsindədir. Məhkəmə yuxarıda göstərilən faktlara əsaslanaraq belə qənaətə gəlir ki, X4 tərəfindən inzibati xətanın törədilməsi faktı sübut olunmur. Bununla da, işin faktiki hallarından, habelə tədqiq olunmuş mötəbər sənəd və sübutlardan da göründüyü kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X11 tərəfindən aparılmış araşdırma natamam şəkildə həyata keçirilmiş, protokol tərtib etmiş orqan tərəfindən tullantı sularının məhz X4 tərəfindən axıdılması faktı üzrə sübutlar təqdim edilməli olduğu halda belə bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, X2 Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında təqdim edilmədiyi üçün həmin şəxsin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, X2 təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Bu mövqeyi rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, bununla bağlı lazımı dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, X4 barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: X4 barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 6 saylı X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar