Məhkəmə qərarları › İş №3(055)-993/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-993/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-993/2023 08.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Saatlı rayonu, Mollavaizli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 08 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Saatlı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(055)-509/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və 730 manat borcu tələbkara ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(055)- 509/2023 saylı icra sənədinə əsasən ümumilikdə 730 manat pulu tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. Səhətində olan problem, himayəsində uşağının olması, heç bir yerdə işləməməsi, ailə və maddi imkanının ağır olması səbəbindən tələbkara olan borcunu ödəyə bilməmişdir. Lakin, buna baxmayaraq ona vaxt verilərsə hər ay 50-100 manat məbləğində pulu tələbkara ödəyə bilər. Hal-hazırda isə icra sənədi üzrə olan 730 manat pulu tələbkara bir dəfəyə ödəmək iqtidarında deyildir. Ona görə də, göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(055)-509/2023 saylı icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 730 manat pulu ona ödəməlidir. İcra sənədinin icrasından bir neçə ay keçməsinə baxmayaraq borclu Şəxs onun borcunu qaytarmamışdır. Hesab edir ki, borclu icra sənədinin icrasından qəsdən yayınır. Ona görə də, borcludan 730 manat pulun tam qaytarmasını tələb edir, əks təqdirdə isə Şəxs şikayətçidir. İş materiallarına əlavə olunmuş Saatlı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(055)- 509/2023 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh Şəxs 700 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 730 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə olunmuş 08 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Saatlı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(055)-509/2023 saylı icra sənədinin icrasının həyata keçirilməsi məqsədi ilə borclu Şəxs Saatlı şəhəri H.Əliyev prospektində yerləşən 5 mərtəbə massivində yaşadığı mənzilə baxış keçirilərkən tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlakın olmaması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Saatlı rayon İcra və Probasiya Şöbəsindən verilmiş şəxs haqqında məlumatdan və AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 28 aprel 2014-cü il tarixdə doğulmuşdur və qohumu (anası) Şəxs himayəsində yaşayır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, icra işinin materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları və inzibati xəta haqqında protokol ilə müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(055)-509/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 700 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 730 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini yerinə yetirməyərək borcluya olan borcundan heç bir ödəniş etməmişdir, həmçinin də Zərərçəkmiş şəxs ona ödənilməli olan 730 manat pulun tam qaytarılmasını borcludan tələb edir və əks təqdirdə Şəxs şikayətçidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Saatlı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(055)-509/2023 saylı icra sənədində göstərilən pulun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirməməsi inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar