Məhkəmə qərarları › İş №3(056)-1042/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1042/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1042/2023 04.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonu, Kovlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Kovlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən inzibati xəta haqqında xx.xx.2023-cü tarixli İXP ******* saylı «İnzibati xəta haqqında protokol» daxil olmuşdur. Daxil olmuş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü ildə saat 15:42 radələrində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan «VAZ-2107» markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilli idarə etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan əməl üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, o, «VAZ-2107» markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobili etirbarnamə ilə sürür. xx.xx.2023-cü il tarixdə evdə yemək zamanı spirtli içki olan araq içmiş, avtomobilə əyləşərək yaşadığı kənddən çıxıb Sabirabad şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman ötmə əməliyyatı etdiyi üçün Sabirabad RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ilə ünsiyyətdə olduğu zaman onlar onun spirtli içki qəbul etdiyini hiss etmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətirildikdən sonra onu tibbi müayinədən keçirmişlər və onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi müəyyən olunmuşdur. Belə ki, o, ilk dəfə inzibati xəta törətmiş və barəsində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)- 1043/2023 saylı qərarına əsasən xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar bilindiyi kimi 10 gün müddət keçdikdən sonra qanuni qüvvəsini almış olur. xx.xx.2023-cü ildə onun barəsində inzibati xəta haqqında təkrarçılıqla bağlı protokol tərtib edilərkən xx.xx.2023-cü il tarixində barəsində tərtib edilmiş protokol üzrə qərar mövcud olmamış və qanuni qüvvəsini almamışdır. Belə olan halda ona il ərzində təkrar eyni inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilməsi qanunsuzdur. Odur ki, o, hazırda barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1043/2023 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, nə inzibati xətaların törədilmə zamanı arasında, nə də Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1043/2023 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq etmək haqqında qərar qəbul edildiyi zaman arasında qanunvericiliklə qərarın qüvvəyə minmə müddəti tamam olmadan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinməklə qeyd edilən madddə üzrə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi əsassızdır. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin miiəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Qətnaməsi ilə qəbul və bəyan edilmiş «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin. təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və va inkar cavab verməsinin səbəbləri göstərilsin. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar