Məhkəmə qərarları › İş №3(056)-1049/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1049/2023

06.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1049/2023 06.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs, Sabirabad rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1971-ci il tarixdə Sabirabad rayonu, Axtaçı- Muğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Axtaçı-Muğan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən 1,36 qram olan çətənə (kannabis) bitkisi, 0,42 qram qurudulmuş marixuana aşkar edilmiş və bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan əməl üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Şirvan şəhərində yaşayıb orada qeydiyyatda olsa da, bu ilin yanvar ayından Sabirabad rayonu Axtaçı Muğan kənd sakini Məhəmmədin evində yaşayır. 2022-ci ilin dekabr ayından narkotik vasitə olan marixuana qəbul edir. O, narkotik vasitəni hər zaman Şirvan şəhərində tanımadığı şəxslərdən alıb çəkmiş, sonra qərara gəlmişdir ki, öz istifadəsi üçün bir ədəd ağac əksin. Bu ilin may ayında çəkdiyi marixuananın toxumundan götürüb polietilen qabda əkərək həyətlərinin yaxınlığında olan arxın qırağında gizlətmişdir. Marixuana yetişdikdən sonra onu dərərək çəkmiş, kötüyünü isə zibilliyə atmışdır. xx.xx.2023-cü il tarixdə özü üçün əkdiyi marixuananı yarpaqlarını həyətində zibilləri yandırdığı yerə atmış, bir bükümünü isə həyətində olan dəmir çəlləyin altında gizlətmişdir ki, özü çəkər. xx.xx.2023-cü il tarixdə saat 18:55 radələrində Sabirabad RPŞ-nin əməkdaşları onun yaşadığı evə gəlmiş, daxil olmuş əməliyyat məlumatı əsasında həyətində və evində narkotik saxlamasını, buna görə həyətinə baxış keçirəcəklərini bildirmişlər. O, baxış keçirilməsinə etiraz etməmişdir. Sorğu zamanı video çəkiliş keçirilərkən polis əməkdaşlarına dəmir çələyin altına gizlətdiyi bir büküm marixuananı, əkib gizlətdiyi yeri və ocağın qırağına tulladığı yarpaqları göstərmişdir. Polis əməkdaşları təqdim etdiyi bir büküm marixuananı bir neçə marixuana yarpağını və marixuana budağına oxşar iki ədəd budağı götürmüş, elektron tərəzidə çəkdikdən sonra zərfə qablaşdıraraq RPŞ-nin 139 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra yenidən həyətinə və yaşadığı evə baxış keçirilmiş, heç bir narkotik vasitə aşkar olunmamışdır. Hazırda əməlindən peşmandır. Ailəsindən ayrılmışdır və ayda 200 manat aliment ödəyir. Özü fəhləlik etməklə məşğul olur. Həyətində yandırdığı kollar çətənə bitkiləri yox, qardaşının parnikinin tullantıları olmuşdur. Məhkəmədən göstərdiyi xüsusatların, həmçinin yaşının nəzərə alınaraq barəsində yüngül tənbeh tədbiri tətbie edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs, Sabirabad rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, xx.xx.2023-cü il tarixində Sabirabad RPŞ-yə Şəxs narkotik vasitələrin kultivasiyası və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, təxirəsalınmaz əməliyyat tədbirinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, əməliyyatçılar Şəxs yaşadığı evə yollanmışdır. Əməliyyat məlumatında Şəxs həyətində 20-dən çox kol olması göstərilmişdi. Lakin məlumat sızıntısı olduğundan polis əməkdaşları Oktayın yaşadığı evə çatana kimi Oktay tərəfindən əkilmiş kolların çıxarılaraq yandırılmasının şahidi olmuşlar. Bundan sonra həyata keçirilmiş axtarış tədbirləri nəticəsində hazırda göstərilmiş narkotik vasitələr, həmçinin yaşayış evindən təxminən 100 ədəd boş kibrit qutusu aşkar edilmişdir. Hazırda Oktay cəzadan yayınmaq niyyəti ilə parnikin tullantılarının yanıdırılmasını bildirir. Ama əməliyyatçılar Oktay evinə gedərkən ocaqda yanğın nəticəsində tam yanmamış çətənə kolunun qırıntılarına da rast gəlmişlər. Protokola əlavə edilmiş: Sabirabad rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Möhlət Bayramovun «cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixlli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğuna görə onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. AZA No 019570 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 20:55 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN1854441 nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 32.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, şəxs hazırki izahatında da narkotik vasitə istifadəçisi olduğunu bildirməkdədir. Bu hal da onun şəxsiyyətini səciyyələndirilən hal kimi nəzərə alınmalı, cərimə tənbehinin şəxsin islah olunmasına yetərli təsir etməyəcəyi anlamını ifadə etməsi kimi qiymətləndirilməlidir. Bu halda məhkəmə hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (inzibati cərimə növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və həmçinin sahə rəisinin məhkəmə iclasında göstərmiş olduğu xüsusatları nəzərə alaraq inzibati həbsin müddətini maksimum həddə müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 05 avqust 2023-cü il tarixdən saat 20:55-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Tədqiqatdan sonrakı 01 ədəd bükümdə təzmi çəkisi 1,36 qram olan bitkisi mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, təmiz çəkisi-0,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən ksutar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi sayı iki ədəd, ümumi çəkisi-0,96 qram olan bitki hissələri narkotik tərkibli bitkilərə aid olmayan bitki hissələri məhv edilsin. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə və Sabirabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar