Məhkəmə qərarları › İş №3(056)-1054/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1054/2025

22.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1054/2025 22.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Rəşad Akif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Sabirabad rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sabirabad rayonu, Ulacalı Ərazi dairəsi, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə müvafiq olaraq 22 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 22 iyun 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 20 iyun 2025-ci il tarixdə Ulacalı kəndində olan zaman nalayiq ifadələr işlədib və polisin qanuni tələbinə qəsdən tabe olmayıb. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdi ki, o bibisinin evindən bir sıra məişət əşyalarını oğurlayaraq bibisindən icazə almadan şəxsi istifadəsi üçün götürmüşdür və bundan bibisinin xəbəri yox idi. Bibisi bununla bağlı RPŞ-nə müraciət etmişdir. O, xalasıgildə olan zaman ora polis əməkdaşları gəlmiş, onu RPŞ-nə dəvət etdikləri üçün özündən asılı olmayaraq sərxoş halda “yenə məni bezdirmisiniz, yaxşı etmişəm” kimi ifadələr işlədərək, ünvansız nalayiq sözlər demişdir. Polis əməkdaşları ilə şöbəyə getməmək üçün ordan uzaqlaşmaq istəyəndə polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Sabirabad Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Yusif Abdullayev bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu, Şıxlar kənd sakini X1 RPŞ-nə müraciət edərək Sabirabad rayonu, Şıxlar kəndində özünə məxsus fərdi yaşayış evindən xx.xx.2025-ci il tarixdə zirzəminin kilidini sındırmaqla naməlum şəxslər tərəfindən bəzi məişət əşyaları oğurlandığını bildirmişdir. Həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Sabirabad rayonu, Şıxlar kənd sakini Şəxs yerini müəyyən edib izahatının alınması məqsədi ilə Sabirabad RPŞ-nə gətirilməsini təmin etmək üçün onun ünvanına gedilmiş, lakin həmin şəxs evdə olmamışdır. Daxil olmuş məlumat əsasında ünvan 2 ünvana yaxınlaşdıqda Samidi səsləyib çağıran zaman onların polis əməkdaşı olduğunu bilmiş, əsəbləşərək “yenə məni bezdirmisiniz,tək oğurluq edən mənəmmi, yaxşı etmişəm” deyib səs küy salaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin ərazidən uzaqlaşmağa cəhd göstərərkən onu nizam intizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra onu izahatının alınması və qanuni tədbirlərin görülməsi üçün xx.xx.2025-ci il tarixdə, saat 11:40 radələrində RPŞ-nə aparmışlar. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 22 iyun 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 20 iyun 2025-ci il tarixdə Ulacalı kəndində olan zaman nalayiq ifadələr işlədib və polisin qanuni tələbinə qəsdən tabe olmayıb. “İnzibati qaydada tutma haqqında” 20 iyun 2025-ci il tarixli, İ441 ******* nömrəli protokoldan görünür ki, Şəxs 20 iyun 2025-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuş və 20 iyun 2025-ci il tarixdə, saat 10:00-da azad edilmişdir. Şəxs Sabirabad Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxin özünün izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəyə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətaları etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda olan zaman törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və onun 20 iyun 2025-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulması, 22 iyun 2025-ci il tarixdə, saat 12:00-da azad edilməsi nəzərə alınmalı, həbsetmənin əvvəli 20 iyun 2025-ci il tarixdən, saat 17:00-dan hesablanmalı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Tətbiq edilmiş inzibati tənbehdən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi inzibati qaydada tutulduğu 02 (iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 06 (altı) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh saxlanılsın Həbsetmənin əvvəli 22 iyun 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Sabirabad Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar