Məhkəmə qərarları › İş №3(056)-1099/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1099/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1099/2025 08.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28775539 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28775539 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikasının İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmişdir. X4 barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, onun barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28775539 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 15:03 radələrində etibarnamə əsasında idarə etdiyi «Merecedes Benz AXOR 1840LS» yük markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi vasitəsi ilə onun icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda onun yükü 38820 kq ola-ola əsassız olaraq ona 600 (altı yüz) manat məbləğində cərimə yazılmışdır. Halbuki, Sumqayıt şəhərində yerləşən İnşaat İn MMC-də yük maşınını çəkdirən zaman xx.xx.2025-ci il tarixdə 38820 kq çəki müəyyən edilmişdir. Lakin buna baxmayaraq ona xx.xx.2025-ci il tarixdə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əsassız olaraq çəkisi limiti keçmiş kimi 42880 kq müəyyən edilmişdir. Əldə etdiyi müvafiq çəki sənədlərindən də görünür ki, çəki 40 tonu keçməmişdir. Bu qərara istinadən maksimum 40 tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olmuşdur. Amma buna baxmayaraq ona 38820 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 bildirdi ki, o, idarə etdiyi «Merecedes Benz AXOR 1840LS» yük markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına yük yükləyib yola çıxmamışdan əvvəl çəkini yoxlatdırsa da, bu barədə qəbzi əldə etməmişdir. Belə ki, həmin qəbzin əldə edilməsi üçün 5 manat tələb olunur. Həmin pulu ödəməməsi üçün o, müvafiq qəbzi əldə etməmişdir. Lakin yükü çatdırmalı olduğu şirkətə çatdıqdan sonra yük boşaldılmamış çəkilmiş və orada da müəyyən edilmişdir ki, o, təyin olunmuş limiti keçməmişdir. Ona görə də o, şikayətinin təmin edilməsini xahiş edir. DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28775539 nömrəli inzibati tənbeh vermə haqqında qərarı və əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çəkilmiş olan fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixində saat 15:03 radələrində **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomaşında 42880 kq yük aşkar edilmişdir. İş materiallarında olan kserokopiya şəklində olan və üzərində hər hansı möhür olmayan 2360 nömrəli qaimə çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixində saat 16:46 radələrində **- FJ-*** dövlət qeydiyyat nişanlı avtomaşında 38820 kq yük aşkar edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 2 nömrəlinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Həmin cədvəlin 3.1-ci bəndin üçüncü abzasına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. İş materiallarını araşdırıb şikayətin dəlillərinə qiymət verərək hesab edirəm ki, işdə olan sübutlar iş üzrə icraata xitam verilməsinə əsas vermir. X2 əməlində İXM-nın 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş inzibati xəta faktını təsdiq edən elektron tərəzinin göstəricilərinin əks olunduğu fotoşəkil ilə öz təsdiqini tapır. Baxmayaraq ki, Yusif Alışovun özünü müdafiə üçün məhkəməyə təqdim etdiyi kserokopiya çıxarışdan onun əməlində inzibati xəta tərkibinin olmaması görünür, amma nəqliyyat vasitəsinin yükü təhvil verdiyi yerdəki çəkisi, cərimənin tətbiq edildiyi texniki vasitə ilə və nəzarət postunda çəkilən çəkinin hər biri arasında fərqlərin olması iş materiallarına əlavə olunmuş sənədlərdən açıq görünür. Habelə məhkəməyə kserokopyası təqdim edilmiş çıxarış üzrə nəqliyyat vasitəsinin hansı şəraitdə çəkilməsi bəlli deyildir. Həmçinin həmin kserokopya çıxarış hər hansı blankda deyildir, habelə mötəbərliyini təsdiq edən möhür və digər rekvizitlər əks olunmamış, həmin tərəzinin lisenziyasının mövcud olub-olmaması barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdır. Azərbaycan Respublikasının İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi əsasları müəyyən edilmədiyi üçün həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsaslaraq qərarın dəyişdirilmədən saxlanması haqqında qərar qəbul edilməsini məhkəmə əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134, 135, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28775539 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət təmin edilməsin və qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada əlkdə edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar