Məhkəmə qərarları › İş №3(056)-1121/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1121/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1121/2023 12.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi və eyni zamanda vəkili X2, Sabirabad rayon İcra Hakimiyyəti başçısının aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakları ilə xx.xx.2004-cü ildə Sabirabad rayonu, Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu, Muradbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə Şəxs xx.xx.2021-ci il tarixdə, saat 13 radələrində keçmiş kürəkəni Zərərçəkmiş şəxs döyərək onun sağlamlığına zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-976/2021 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs Babaşov X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-976/2021 saylı qərarından apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-320/2023 saylı qərarına əsasən şikayətin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-cı maddəsi ilə barəsində olan inzibati xəta haqqında işə yenidən baxılmaq üçün işin Sabirabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-320/2023 saylı qərarında iş materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 508 nömrəli rəyinin nəticə hissəsini qeyd etməklə, “belə olan təqdirdə xx.xx.2021-ci ildə baş vermiş hadisə zamanı dərəcəsi təyin olunmayan, yüngül və az ağır dərəcəli bədən xəsarətləri alan Zərərçəkmiş şəxs, məhz dərəcəsi təyin olunmayan xəsarətin Şəxs tərəfindən yetirilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə ilə birinci instansiya məhkəməsi razılaşsa da, özü real hadisə mexanizminin müəyyən edilməsi, zərərçəkmiş şəxsin bədəni üzərində əmələ gəlmiş xəsarətlərin necə və hansı şəraitdə əmələ gəlməsi, həmin xəsarətlərin yetirilməsində Şəxs təqsirinin olub-olmaması istiqamətində heç bir araşdırma aparmamış, hadisənin bilavasitə şahidi olmuş şəxsləri məhkəmə iclasına dəvət edib izahatlarını almamış, hətta Şəxs və Zərərçəkmiş şəxs hadisə barədə təfsilatlı izahat vermələrinə təşəbbüs göstərməmişdir” kimi əsaslarla Sabirabad Rayon Məhkəməsinin yuxarıda adıçəkilən qərarını ləğv etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin göstərilən qərarında sadalanmış əsaslar əsasında yenidən məhkəmə araşdırması həyata keçirilmiş, real hadisə mexanizminin müəyyən edilməsi, zərərçəkmiş şəxsin bədəni üzərində əmələ gəlmiş xəsarətlərin necə və hansı şəraitdə əmələ gəlməsi, həmin xəsarətlərin yetirilməsində Şəxs təqsirinin olub-olmaması istiqamətində araşdırma aparılıb qənaətə gəlinməsi məqsədi ilə hadisənin bilavasitə şahidi olan şəxslər məhkəməyə şahid qismində dəvət edilib dindirilmiş, o cümlədən Şəxs və Zərərçəkmiş şəxs hadisə barədə təfsilatlı izahatları alınmışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Sabirabad rayonu Muradbəyli kəndində yaşayır. Baş vermiş hadisə ilə əlaqədar qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsi olmuşdur. Samirə Babaşova isə bacısıdır. Hal-hazırda Baris və Samirə rəsmi olaraq ayrılmışdır. xx.xx.2021-ci il tarixdə əkin sahələrindən kartof məhsulunu yığdıqdan sonra atası Akif ona bacısı Samirəgilə bir çuval kartof aparmasını ona bildirmiş, o, atasının sözü ilə Samirəgilə kartof aparmışdır. Baris Samirəni tez-tez döyüb incitdiyi üçün atası Akif bəzi hallarda onların evinə gedib gəlirdi. Samirəgilə çatıb Samirəni səsləyib çuvalı ona verəndə bacısı ona demişdir ki, “evə gəlmə tez get burdan. Baris deyib ki, harda tutsam Şükranı öldürəcəm”. O, səbəbini öyrənmək istəsə də, bacısı ona yalvarıb getməsini istəmiş və o, öz yaşadığı evə getmişdir. Evə çatdıqda atasına bacısının evində yenə də nəsə problem olduğunu, Barisin onu öldürəcəyi barədə Samirəyə bildirməsini bildirmiş, atası Akif ona təklif etmişdir ki, birgə gedib yenə də nə problem olmasını öyrənsinlər və probelmi yoluna qoysunlar. Daha sonra atası ilə birlikdə saat 13 radələrində bacısı Samirənin yaşadığı evə getmişlər. Bu zaman Baris evdə uzanmışdır. Onlar evin eyvanına qalxıb orada əyləşmişlər. Atası Samirəyə dedi ki, Barisi çağırsın, söhbət etsinlər və problemin nədən qaynaqlandığını müzakirə etsinlər. Samirə çağırdıqdan sonra Baris evdən gəlmiş, onlarla əvvəlcə salamlaşmış, sonra aşağı düşüb üzünü yuyub siqaret çəkib yuxarı qalxmışdır. Yuxarı qalxdıqdan sonra atası Barisdən niyə bacısı ilə yola getmədiyini soruşmuş, Baris isə cavabında “arvad mənimdi belə saxlayıram, istəsəm döyərəm, istəsəm öldürərəm” cavabını vermiş, hətta axşam bacısı Samirənin başını kəsəcəyini bildirmişdir. Bunun ardınca isə atası Akifə “istəyirsən gözünün qabağında da vurum qızını” dedikdə, atası Barisə “sən kimsən ki, mənim yanımda mənim qızımı vurasan” cavabını vermis, bu cavabdan sonra Baris durub Samirəyə bir sillə, sol qolundan isə yumruqla bir dəfə vurmuşdur. Atası Barisin onların yanında bacısını vurmağına əsəbləşib Barisə “utanmırsan qanacaqsız? bu nə tərbiyəsizlikdir mənim yanımda edirsən?” demiş, Baris isə cavabında “mən ailəmi belə saxlayıram, sənin kimi qızlarımı boşatdırıb yanımda saxlamıram” demişdir. Bundan sonra atası Akif əsəbindən oturduğu yerdən qalxanda Baris atasının onu vuracağını zənn edib ondan əvvəl tərpənərək atasının üzərinə cummuş, bunu görən kimi o, Barisin boynunu qolu arasına salıb özü tərəfə çəkməyə çalışmışdır ki, atasını Baris vurmasın. Baris onun qolu arasından çıxıb həyətə tərəf qaçaraq ağacın budağını qopartmış və onun üzərinə gəlib onu vurmaq istəmişdir. Bu zaman o, əli ilə özünü qoruyan zaman ağacın budağı sağ qoluna dəymiş və nəticədə sınmış ağac Barisin sifətinə dəymişdir. Daha sonra isə Baris stolun üzərində olan külqabını götürüb onu vurmaq istəyəndə atası külqabını Barisin əlindən alıb kənara atmışdır. Bundan sonra atası Barisə onun danışılası adam olmadığını bildirib zəng edib valideynlərini çağırmasını demişdir. Bir qədər keçdikdən sonra Barisin atası Mirzəkişi, anası Elmira və qardaşı Taleh evə gəlmişdir. Bu zaman Mirzəkişi onun və atasının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Elmira isə əsa ilə bacısı Samirəni vurmağa başlamış, evlərindən qızlarını da götürüb rədd olmalarını bildirmişdir. Hətta Baris uşaqları evdən qollarından tutub gətirərək çölə atmış və bu zaman atası Akifə demişdir ki, “sən yetmi saxlamağa öyrəşmisən, apar bunları da saxla”. Bacısı Samirə uşaqlarını götürüb onlarla gəlmək istədikdə qaynanası uşaqları zorla Samirənin əlindən alıb evin içərisinə salmış, qapını bağlayıb uşaqları verməmişdir. Uşaqlar içəridə ağlaya-ağlaya qalmışdır. Atası Akif vəziyyətin çətinləşməməsi üçün Samirəni də götürmüş və öz yaşadıqları evə qayıtmışlar. Nə o, nə də atası Akif Barisi döyməmişdir. Bacısının deməsinə görə Barisin qabaq dişi çirk etdiyindən sağ göz nahiyyəsində ağrılar olmuş, bu səbəbdən bir neçə dəfə əvvəllər də həkimə müraciət elmişdir. O, atasını müdafiə etmək üçün Barisin boynunu qolu arasına salıb özü tərəfə çəkmiş, Baris onu ağac budağı ilə vurmaaq istəyəndə də ağacın budağı özü gözaltı hissəsini cüzi cızmışdır. Hadisə zamanı orada o, atası Akif, bacısı Samirə, bacısı qızı Elmira və Baris olmuş, sonradan Baris valideynlərini çağırmış, Barisin atası Mirzəkişi, anası Elmira və qardaşı Taleh gəlmişdir. Hazırda o, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Babaşova Samirə Akif qızı onun keçmiş arvadı, Şəxs isə keçmiş qaynıdır. Hazırda rəsmi olaraq boşanmışlar. xx.xx.2021-ci il tarixdə evdə olduğu zaman həyətdə maşın səsi eşitmiş, çölə çıxıb qızından gələnin kim olduğunu soruşmuş, qızı Elmira Şükranın gəldiyini, 1 çuval kartof gətirib verib getdiyini bildirdi. Bundan bir qədər sonra o, evdə yatdığı qızı Elmira yanına gələrək babası Akifin və Şükranın onlara gəldiyini və onu çağırdığını demişdir. O, çölə çıxanda qaynatası Akifin və qaynı Şükranın evin eyvanında stulda əyləşdiklərini görmüşdür. Yaxınlaşıb qaynatası və qaynı ilə görüşüb kənarda, yəni həyətdə siqaret çəkib yenidən qaynatasının yanına gəlmişdir. Qaynatası Akif arvadı ilə aralarında nə problem olmasını soruşmuşdur. O, arvadı ilə aralarında şəxsi ailə problemlərinin olduğunu demişdir. Bu zaman qaynatası Akif heç bir səbəb olmadan ona “dur pencəyini də götür bas getsin” demişdir. O da cavabında Akifə “sən öz ailənə ağsaqqallıq edə bilmirsən, mənim ailəmə nə məsləhət verirsən” demişdir. Qaynatası Akif ona bir neçə dəfə kişi olmadığını demişdir. Sonra isə ona “kişisənsə dur qızımın yanından yel kimi keç, kişisənsə dur mənim yanımda qızıma əl vur gör mən səni neyniyəcəm” demişdir. O, Akifin sözünə görə ayağa qalxıb arvadı Samirənin sol qoluna bir dəfə sillə ilə zərbə endirdi. Bu zaman Akiflə Şükran anidən üzərinə hücum etdilər. Akif onun bir qolundan, Samirə isə digər qolundan tutmuş, Şükran isə azı 20 dəfə sağ gözünün altından yumruqla zərbələr endirərək almacıq sümüyünü sındırmış, sonra isə sağ gicgah nahiyəsinə 1 dəfə kəllə zərbəsi vurmuşdur. Bundan sonra ağız nahiyyəsindən və burnundan qan gəlmişdir. Samirə onun üzünün qan içərisində olmasını görüb atasına “ata öldü buraxın” demişdir. Bundan sonra Akif və Şükran onu buraxmışlar və stolun üzərindən telefonunu götürüb qardaşı Talehə zəng edib Şükranla Akifin onu döydüklərini demişdir. Bir qədər keçdikdən sonra atası Mirzəkişi, anası Elmira və qardaşı Taleh yaşadıqları evə gəlmişdir. Bundan sonra Akiflə Şükran atasıgilin yanında da üzərinə hücum etmiş, lakin atasıgil onları tutub saxlamışdır. Bundan sonra Akif oğlu ilə qızı Samirəni də götürüb getmiş, Samirə isə uşaqları da atıb atasıgilllə getmişdir. Bundan sonra o, dərhal 102 Xidmətinə məlumat vermiş, polis əməkdaşları onun evinə gəlib izahatını alıb getmişlər. Əvvəllər təhqiqat qaydasında aparılırdı. Onu ekspertizaya göndərdilər. Ekspertizadan keçdi. Digər tərəf vəsatət verdiyi üçün təkrar ekspertizaya göndərildi. CM-nin 127-ci maddəsi ilə bağlı rəy verilmiş, digər tərəf yenidən vəsatət verdiyi üçün təkrar yenə də ekspertizaya göndərilmiş, ona komisyon ekspertiza olacağını bildirmişlər. Hazırda o, işin yenidən araşdırılma aparılması üçün ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babaşov Mirzəkişi Babaş oğlu izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Şəxs isə oğlu Barisin keçmiş qaynıdır. 04 iyun 2021-ci il tarixdə saat 13-14 radələrində evdə olarkən Baris digər oğlu Talehin mobil telefonuna zəng edərək bildirdi ki, qardaş, tez yetiş məni evdə qaynatam və qaynım döyür“. Bundan sonra o, arvadı Elmira və digər oğlu Taleh Barisin yaşadığı evə getmişlər. Oraya çatanda görülər ki, Baris qan içindədi. Bu zaman o, Akifdən bunun nə demək olduğunu soruşmuş, Akif cavab verməmiş oğlu Şükran yenidən Barisin üstünə cummaq istədi, lakin onlar imkan vermədilər. Bundan sonra o, Akifə “bura layiq adam deyilsiniz, rədd olun gedin” deyə müracət etmişdir. Onun bu sözündən sonra Akif, Şükran və keçmiş gəlini Samirə həyətdən çıxıb getdilər. Onlar gedəndən sonra 102 Xidmətinə məlumat verdilər. Polis əməkdaşları gəlib Barisi polis şöbəsinə apardılar. Barisin üzü, gözü qan içində idi. Sinə, qol nahiyələri cırıq-cırıq idi. Paltarları da cırılmışdı. Baris ona Akif ilə Samirənin qolllarından tutmasını, Şükranın onu əvvəl yumruqla, sonra kəllə ilə vurmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babaşova Samirə Akif qızı izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş əri, Şəxs isə qardaşıdır. xx.xx.2021-ci ildə axşam vaxtı Baris onun paltarlarını qayçı ilə kəsib tökmüş, o, həmin kəsikləri zənbilə yığaraq səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə səhər tezdən həmin səbəi götürüb qaynanasıgilə getmiş, qaynanası Elmiraya “deyirsə sus, evində olanları heç kimə demə, bəs o zaman indi bu nə idi, mən indi nə geyinəcəm” deyə müraciət etmiş, qaynanası həmin zənbili ondan alıb saktiləməsini istədi və ona evə getməsini, özünün onlara gəlib Baris ilə söhbət edəcəyini bildirdi. Bundan sonra o, evə qayıtmış, həmin zaman Baris eyvanda olmuş və telefon ilə danışırdı. O, həyətə girəndən sonra vedrə su götürüb heyvanlara su verməyə getmiş, arxa tərəfdən hiss etmişdir ki, Baris telefonda nəsə danışdıqdan sonra qəfil hasara cumub oradan ağac qırıb onun üstünə cumur. Baris ona çatan kimi ağacla qolundan vurmuş, “sən kimsən ki, anama şikayətə gedirsən” deyə bildirmişdir. Ağac mismarlı olmuş və qoluna batmışdır. Ağrıdan əlindən vedrəni buraxıb ağlaya-ağlaya evə qalxmışdır. Bir qədər sonra qızı Elmira onun yanına gəlmiş, ona “atam deyir səni öldürəcək, qorxuram” deyə bildirmişdir. O, qızını sakitləşdirərək atasının əsəbi olduğunu, əsəbindən elə söz dediyini, elə şeyin olmayacağını, qorxmamasını bildirmişdir. Həmin gün günortaya yaxın vaxtlarda təsadüfən qardaşı Şükran onlara gəlmiş, pay olaraq 1 çuval kartof gətirmişdir. Ona qədərki mübahisələri olanda Baris həmişə Şükranın arxasınca danışaraq evində olanlar barədə atası Akifgilə xəbərçilik etdiyinə görə evinə gəlməsini istəmədiyini, onu öldürəcəyini bildirirdi. O, həmin vaxt Barisin əsəbi olduğunu bildiyi və Şükrana nəsə edə biləcəyini düşündüyü üçün qardaşı Şükrana evə gəlməməsini, getməsini bildirmişdir. Şükran da gedib atası Akifə bildirib ki, Samirə məni evə buraxmadı. Buna görə də atası Şükrana deyib ki, “gedək görək nə problem var evlərində” və beləcə onların yaşadığı evə Şükranla atası Akif gəlmişdir. Atasıgil gələndə sonra eyvanda əyləşmişlər və qızı Elmira gedib Barisi çağırdı. Baris evdən gələrək atasıgillə görüşüb həyətə düşmüş, siqaret çəkdikdən sonra yuxarı qalxmışdır. Atası Barisdən “nə olub, niyə yola getmirsiz” Baris atasına “sənə dəxli yoxdur, arvad mənimdir mən bilərəm, sən get öz ailənə sahiblik elə, istəsəm döyərəm, istəsəm öldürərəm”. Atası Barisə “bu nə danışıqdır, sən kimsən ki, mənim qızımı döyüb öldürəsən” deyəndə Baris yerindən qalxaraq onun üzündən bir sillə, qolundan bir yumruq vurmuş, o, zərbənin təsirindən yeri yıxılmış, atasına isə “bax belə vururam, cürətin var söz deməyə?” deyəndə atası otuduğu yerdən ayağa qalxmış, Baris atasının onu vuracağını zənn edib daha cəld tərpənərək atasının üzərinə cummuş, bu zaman qardaşı Şükran Barisin atasını vura bilməməsi üçün arxadan Barisin başını qolunun altına salıb özünə tərəf çəkmişdir. Baris Şükranın əlindən çıxıb söyüş söyə-söyə həyətə düşüb əlinə ağac alaraq yenidən yuxarı qalxmış, ağacla Şükranı vurmaq istədikdə ağacın bir hissəsi qırılmış və gözünün altını bir qədər cızmışdır. Bu zaman atası Barisə onunla söhbət etməyin mümkün olmadığını, ona görə də zəng edib valideynlərini çağırmasını istəmiş, Baris atasıgilə zəng etmiş, bir qədər sonra da Barisin atası, anası və qardaşı Taleh oraya gəlmişdir. Bundan sonra Barisin atasıgil onları həyətdən qovmuş, uşaqlarını isə əlindən alaraq evə salıb qapını bağlamışlar, o, uşaqları istəsə də uşaqları ona verilməmiş, onu da atası və qardaşı ilə birgə evdən qovmuşlar. Bundan sonra o, atası evinə gəlmişdir. Həmin vaxt orada qızı Elmira, atası Akif, qardaşı Şükran, Baris olmuş, sonrada Barisin valideynləri və qardaşı Taleh gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babaşova Elmira Sofu qızı izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu, Şəxs isə Barisin keçmiş qaynıdır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində oğlu Talehin mobil telefonuna zəng gəlmiş, Taleh yatdığı üçün telefonu o, açmışdır. Baris Akif, Şükran və Samirənin onu 20 dəqiqədir ki, döydüyünü deyərək təcili gəlmələrini istəmişdir. Bunda sonra Talehi yuxudan oyadıb o, əri və Taleh Barisin yaşadığı evə getmişlər. Çatanda gördülər ki, Barisin üzü qan içindədir. Sol üz hissəsini vurub partlatmışdılar. Onlar eyvana çıxdılar. Orada Akif ,ükran, Samirə və bir də nəvəsi Elmira var idi. Həmin zamanlarda əməliyyat olunacağı üçün o, güclə yuxarı çıxmış, nə baş verməsini soruşduqda Şükran, Akif və Samirə Barisin üstünə cumdular. Bu zaman o, öz uşaqlarına yalvardı ki, onlara əl vurmasınlar. Çünki istəmədi dava düşsün. Baris yaxasını açandan sonra ağlı başından çıxmışdır. Barisi pis günə qoymuşdular. Bundan sonra onlar çıxıb getdilər. Onlar gedəndən sonra o, 102 Xidmətini yığmış, polis əməkdaşları Barisin evinə gəlmişlər. Polis əməkdaşları nəsə yazıb polis şöbəsinə dəvət etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Baris onun qardaşı, Şükran isə qardaşının keçmiş qaynıdır. xx.xx.2021-ci il tarixdə saat 13-14 radələrində Baris ona zəng etmiş, telefonu o, açmış, Baris ona Akif, Şükran və Samirənin onu öldürdüyünü bildirmişdir. O dəqiqə o, anası və atası Barisgilə getmişlər. Çatanda gördü ki, Baris yaman gündədi, qan içindədi. Barisin üzü qanın içində, sinəsi cırıq-cırıq idi. Şükran öz-özündən dedi ki, “yaxşı edirik, adamımız var, istənilən adamı öldürə bilərik” Bundan sonra onları həyətdən qovdular. Orada olanda nəsə baş vermədi. Dərhal o, 102 Xidmətinə məlumat verdi və polis əməkdaşları gəlib Barisi qanın içində gördülər. Təkcə o, 102 Xidmətinə məlumat vermişdir. Onadan başqa kimsə 102 Xidmətinə məlumat verməmişdir. Hadisəni uşaqların ikisi də görüb. Polis əməkdaşları gəlib sənədləşmə aparıb getdilər. Akif, Şükran və Samirə uşaqları qoyub çıxıb getdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş kürəkəni, Şükran isə oğludur. Baris ailəsinə qarşı kobud davrandığı üçün, araları soyuq olmuş və o, onların yaşadığı evə tək-tək hallarda gedib-gəlmiş, oğlu Şükran isə tez-tez gedib gəlmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında öz sahələrindən kartif çıxardıqdan sonra oğlu Şükrana 1 çuval kartofu da götürüb bacısı Samirəgilə aparmasını bildirmiş, Şükran kartofu apardıqdan bir qədər sonra geri qayıtmış, ona bacısının onu evə buraxmadığını, bacısı evində vəziyyətin pis olduğunu, Barisin onu harada görsə öldürəcəyini dediyini bildirmişdir. Baris elə fikirləşirmiş ki, Şükran onun evində baş verən dava-dalaş barədə məlumatları ona daşıyır. O, bir ata olaraq bu vəziyyətdən narahat olmuş və oğlu Şükrana onunla birgə bacısı evinə getməsini bildirmiş və Samirəgilin evinə gəlmişdir. Həyətə çatandan sonra o, nəvəsi Elmiranı görüb səsləmiş, Elmira yaxınlaşanda atasının harada olmasını soruşmuş, Elmira atasının evdə yatmasını bildirmişdir. Bundan sonra o, Elmiraya atasını oyatmasını tapşırmış, özü oğlu Şükran ilə eyvana qalxıb orada əyləşmişdir. Bir qədər sonra Baris gəlib onlarla görüşmüş, sonra aşağı düşüb siqaret çəkdib yuxarı qalxaraq stullardan birinə əyləşmişdir. Baris əyləşdikdən sonra o, Barisdən nəyi bölə bilmədiklərini soruşmuş, Baris ona qudurduğunu, buna görə qızını vurduğunu, bir az da əsəbiləşsə axşam öldürəcəyini bildirmişdir. Bundan sonra o, qızı Samirəni çağırıb nə baş verməsini soruşmuş, Samirə Barisin onun paltarlarını doğradığını, buna görə gedib olanları qaynanasına dediyini, qaynanasının ona “get Barislə danışacam bir də belə şey olmaz” dediyini. Qayıdandan sonra heyvanlara su verəndə Barisə zəng gəldiyini, Barisin ağac qırıb onun üzərinə gələrək qolundan 3 dəfə vuraraq niyə anasına xəbər verməsini bildirdiyini danışmışdır. Bundan sonra o, Barisə “istəmirsənsə qızı boşa” dedikdə, Baris ona “mən arvadı belə saxlayıram” deyə cavab vermişdir. O, Barisin özünü idarə edə bilmədiyini görüb ondan atasına zəng edib çağırmasını tələb etmiş, əksinə Baris onun üzərinə gələrək “sən peysərsən, öz evində ağalıq edə bilmirsən, mənim evimdə nə hökmranlıq edirsən?” deməyə başlamışdır. O, Barisə danışıqlarına diqqət etməsini, qızına bir də nəsə desə ondan inciməməsini demişdir. Bu zaman Baris stulda əyləşmiş qızı Samirəyə yaxılaşaraq bir sillə vurmuş, sonra da qolundan bir yumruq vurmuş, axşam da başını kəsəcəyini bildirmişdir. Bundan sonra o, Barisə “qanacaqsız bu nə hərəkətdi edirsən?” deyib ayağa qalxdıqda Barisə onun üzərinə hücum etmiş, bu zaman oğlu Şükran Barisin başını qolunun arasına salaraq özünə tərəf çəkib bir neçə dəfə siləkələmişdir ki, özünə gəlsin. Bundan sonra o, Barisdən yenə də atasına zəng etməsini tələb etmiş, bundan sonra Baris atasıgilə zəng etmiş, bir qədər sonra Barisin atası, anası və qardaşı Taleh oraaya gəlmişdir. Barisin anası Elmira eyvana çıxan kimi Baris onlara dedi ki, guya o, Şükran və Samirə onu döymüşlər, 102 Xidmətinə məlumat versinlər. Elmira bu zaman dedi ki, “mən olan yerdə polis ola bilməz”. Atasıgil gələnə kimi Baris özü ilə 5-6 metrlik ağac gətirmişdi ki, atasıgillə birləşib onları döysünlər. X13 üzərinə cumaraq dedi ki, “nə 102, nə danışırsan?”. Şükrana da acıqlandı ki, niyə Barisi vurub. X14 vurmadığını, araladığını danışmış, Taleh Barisə “nə veribsən camaata ki, ala bilmirsən?” deyə müraciət etmişdir. Hamı bir qədər sakitləşəndən sonra yenidən stullara əyləşmişlər. Bundan sonra o, nə məsələ olmasını soruşmuş, Elmira “Barisə demişəm 3 metr zəncir al, Samirəni zəncirlə get şəhərdə kef elə” demiş, o, bu sözün mənasını soruşanda Mirzəkişi evi onun tikdiyini, qızını da götürüb evindən rədd olmasını bildirmişdir. O, alçalmaq istəmədiyi üçün qızını, oğlunu və nəvələrini götürüb getmək istəyəndə Baris dedi ki, “sən yetim saxlamağa öyrəşibsən, götür apar”. Bu zaman Elmira uşaqların əlindən tutub uşaqları evin içərisinə salıb qapını kilidləmiş, uşaqları aparmağa icazə vermədiyini bildirmişdir. Orada vəziyyət o qədər qəlizləşmişdi ki, o, məcbur qalıb öz oğlunu və qızını götürüb evinə getmişdir. Baris ağac qırıb gətirib Şükranı vurmaq istəyəndə əlindəki ağac gicgah nahiyəsinə yaxın hissəni cırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, Baris dayısıoğlu, Şükran isə həmkəndlisidir. xx.xx.2021-ci il tarixdə davadan sonra Baris ona zəng etmiş, onun yaşadığı evə gəlməsini istəmişdir. O, təxminin axtam saat 22:00 radələrində Barisin yaşadığı evə getmiş, üzü, gözü, köynəyinin qan içində olmasını görmüşdür. Gözünün altında qan var idi, lakin qan donmuş vəziyyətdə idi. Nə baş verməsini soruşduqda, Baris ona Şükran və Akiflə dalaşmasını bildirmiş və ondan Akifin evində aparatının olmasını, gedib aparatını gətirməsini bildirmişdir. O, Barislə atasgilin evinin qabağında söhbət etmişdir. Səhv etmirsə Barisin sağ gözünün altında qan var idi. Qan zədədən çıxmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Baris və Şükran onun həmkəndlisidir. xx.xx.2021-ci il tarixdə mağazanın qarşısına çıxmış və eşitmişdir ki, Barisgilə polislər gəlib. Həmin vaxt axşam tərəfi idi. Bundan sonra o, Barisin evinə getmiş, həmin zaman polis əməkdaşları Barisgilin həyətindən çıxırdı. O, Barisin üstü-başının qan içində olmasını görmüşdür. Sifətinin yan hissəsi partlaq vəziyyətdə idi. O, nə baş verməsini soruşmuş, Baris Akiflə oğlunun onu döyməsini bildirmişdir. O, görəndə Barisin üzü, köynəyi qan idi. Burnunun qanayıb-qanamadığını görməmişdir. Həmin gün Barisgilin evinə həkim çağırılmamışdır. Məhkəmə iclasında Sabirabad rayon İcra Hakimiyyəti başçısının aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə şahid qismində dindirilmiş Babaşova Elmira Baris qızı izahatında göstərdi ki, Baris onun atasıdır. Şükran isə onun heç kimidir. Onlar dalaşıblar. O, həmin gün evə olmuş, atası isə yatmışdı. Şükran tək gəldi, sonra getdi və dədəsi ilə birgə yenə qayıtdı. Onlar çağırdılar deyə atasını o, oyatmışdır. Bilmədi niyə atasını çağırırlar. Atası yuxudan oyanıb gedib onlarla görüşdü. Özü də onların yanında idi. Səbəbini bilmir, amma Akif atasına dedi ki, “dur pencəyini götür çıx”. Atası Akifə heç nə demədi. Bundan sonra Şükran atasını vurdu. Atası ona heç nə etmədi. Şükran başı ilə atasının gicgah nahiyəsinə (əli ilə göstərdi) 2-3 dəfə başı ilə vurdu, sonra getdilər. Akif və anası atasının hərəsi bir qolundan tutmuşdu. Anası da Akifgillə getdi, lakin onları aparmadı. Bilmir niyə aparmadı. İstəmədi onları. Atasının gicgahından qan axırdı. Paltarı cırılmamışdı. Atasının ağzından və burnundan qan gəlirdi. Paltarı qana batmışdı. Protokola əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad RPŞ-nin İB-nin müstəntiqi X4 tərəfindən qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» qərarının surətindən görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməlin həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və X6 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması, X6 əməlində Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin rədd edilməsi, Zərərçəkmiş şəxs dərəcəsinə görə az ağır bədən xəsarətləri hansı şəraitdə alması və kənar şəxslər tərəfindən yetirilməsi istintaq zamanı sübuta yetirilmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin İTB-nə verilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin İTB-nə verilməsi qərara alınmışdır. 12 noyabr 2021-ci il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» qərardan görünür ki, iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 321 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan, sağ gicgah alın, sol təpə nahiyyələrində hematomalar, alın nahiyyəsində ortada, sağ gözaltı nahiyyədə. boynun sağ yan səthində, sol körpücükaltı proyeksiyada qançırlar, sağ gözün tış hissəsində səthi yara küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcisən görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş təkrar məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli T193/2021 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sağ almacıq sümüyünün orbitanın alt divarı hüdudundan və qövsündən sınığı, alınalmacıq birləşməsinin aralanması, sağ gicgah-alın, sol təpə nahiyyələrində hematomalar, alın nahiyyəsində ortada, sağ gözün tış hissəsində səthi yara olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2021-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs yetirilən xəsarətlərə dair verilmiş 321 saylı rəydə sağlamlığa zərərvurmanın dərəcəsi rentgenoloqun rəyinə əsasən düzgün qiymətləndirilməmişdir. İş üzrə təyin edilmiş komisyon məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 508 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ almacıq sümüyünün orbitanın alt divarı hüdudundan və qövsündən sınığı, alın-almacıq birləşməsinin cüzi aralanması, sağ gicgah-alın, sol təpə nahiyyələrində hematomalar, alın nahiyyəsində ortada, sağ gözün tış hissəsində səthi yara, alın nahiyyəsinin beyin və sol körpücükaltı nahiyyədə qançırlar olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qeyd edilən xəsarətlərdən qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gicgah-alın, sol təpə nahiyyələrinin hematomaları ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aiddir, alın nahiyyəsində ortada boyun nahiyədə sağda və sol körpücükaltı nahiyyədəki qançırlar sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilmiş tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Sağ almacıq sümüyünün sınığı və alın-almacıq birləşməsinin cüzi aralanması küt yaranma mexanizminə malik olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlmir. Belə ki, təqdim edilmiş tomoqrammada (xx.xx.2021-ci il) bitişmə elementlərinin zəif olmasının yaranma müddətinin 1-1.5 ay əvvələ uyğun gəlməsini göstərir. Çünki keçmiş 3 ay ərzində bu sınıq tam bitişməli idi. İş üzrə verilmiş xx.xx.2021-ci il tarixli T193/2021 saylı rəydə sağlamlığın zərərvurma dərəcəsi düzgün təyin edilsə də, yetirilmə müddəti tam əsaslandırılmamışdır. xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Akif Dadaşov barəsində amnistiya aktı tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmiş vi cinayət işi üzrə icraata xitam verilmişdir. Yuxarıda sadalanmış işlə bağlı hallar məhkəmə sorğusu əsasında tədqiq edilməsi üçün Sabirabad RPŞ-dən ********* saylı cinayət işi tələb edilərkən, cinayət işinin Azərbaycan Respublikasının DİN-nin Arxiv-Uçot şöbəsinə təhvil verilməsi ilə əlaqədar təqdim edilməsinin qeyrimümkünlüyü barədə məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışda da geniş şəkildə öz əksini tapmışdır. Məhkəmə, inzibati icraatda iştirak edən şəxslərin və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olmuş, onun əməli düzgün tövsif edilmişdir. Belə ki, işdən də göründüyü kimi, Zərərçəkmiş şəxs, X12 və Şəxs arasında xx.xx.2021-ci ildə baş vermiş dava-dalaş zamanı xəsarətlərlə bağlı Zərərçəkmiş şəxs, Şəxs və Babaşova Samirə Akif qızı hər biri ayrı-ayrılıqda ekspertizadan keçirilmiş, hər biri ilə bağlı hadisənin səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə məhkəmə-tibbi ekspertizasının rəyi tərtib olunmuşdur. Daha sonra Zərərçəkmiş şəxsla bağlı xx.xx.2021-ci il tarixdə təkrar məhkəmə-tibbi ekspertizasının rəyi verilmiş, həmin rəydə əvvəlki rəydə mövcud olmamış xəsarətlə- sağ almacıq sümüyünün orbitanın alt divarı hüdudundan və qövsündən sınığı, alın-almacıq birləşməsinin aralanması ilə əlaqədar da rəy verilməklə, həm xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət kimi qiymətləndirilmişdir. Göründüyü kimi, ilkin müayinədən iki aydan artıq müddət keçdikdən sonra həyata keçirilmiş təkrar məhkəmə-ekspertizasının müayinəsi zamanı ilkin rəydə əksini tapmamış (mövcud olmamış) xəsarətlər aşkar edilmiş, həmin aşkar edilmiş xəsarətlərin sağlamlığa az ağır zərər vuran xəsarət olması göstərilmişdir. Sonuncu keçirilmiş komisyon məhkəmə tibbi ekspertizasının rəyində bu hala bir qədər də aydınlıq gətirilmiş və göstərilmişdir ki, “Sağ almacıq sümüyünün sınığı və alın-almacıq birləşməsinin cüzi aralanması küt yaranma mexanizminə malik olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlmir. Belə ki, təqdim edilmiş tomoqrammada (xx.xx.2021-ci il) bitişmə elementlərinin zəif olmasının yaranma müddətinin 1-1.5 ay əvvələ uyğun gəlməsini göstərir. Çünki keçmiş 3 ay ərzində bu sınıq tam bitişməli idi.” Yəni, həqiqətən də bu rəylə də müəyyən olunur ki, ilkin müayinə aparılarkən sağlamlığa az ağır zərər vurma ilə bağlı göstərilmiş xəsarətlər mövcud olmamışdır ki, komisyon ekspertizada da bu hala aydınlıq gətirilməklə bitişmə elementlərinin zəifliyi ilə əlaqədar həmin xəsarətlərin xx.xx.2021-ci il tarixli tomoqramma ilə müqayisədə 1-1.5 ay əvvələ uyğun gəlməsini göstərmişdir. İstintaq orqanı da sağlamlığa az ağır zərər vurma xəsarətinin hadisə gününə təsadüf etməməsi əsası ilə əməli CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif etmiş (yüngül xəsarət yetirmə əvvəldən ekspert rəyi ilə müəyyən olunduğuna görə), X12 barəsində həmin maddə ilə cinayət işi başlamış, lakin xx.xx.2021-ci ildə amnistiya aktı tətbiq edməklə A.Dadaşovu məsuliyyətdən azad etməklə cinaət işi üzrə ciraata xitam vermişdir. Digər tərəfdən istintaq orqanı həm Zərərçəkmiş şəxs, həm də Şəxs əməlində dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı inzibati xəta tərkibinin olmasını (ekspert rəyinə əsasən) müəyyən etdiyi üçün bu barədə tədbir görülməsi üçün qərarın surətini İTB-nə göndərmiş, bu əsasla da hazırki inzibati xəta haqqında material tərtib olunub baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixində baş vermiş hadisə ilə əlaqədar əmələ gəlmiş xəsarətlərlə bağlı əməllərə ayrı-ayrılıqda qiymət verilmişdir. Hazırki inzibati xəta haqqında işlə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi xx.xx.2021-ci il tarixində baş verdiyindən, hazırda həmin əməlin törədilməsindən 2 ildən artıq müddət keçdiyindən, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata itam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11, 38, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar