Məhkəmə qərarları › İş №3(056)-1128/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1128/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1128/2023 25.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs, Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçsi ev 203, mənzil 20-də qeydiyyatda olmaqla Sabirabad şəhəri, Vidadi küçəsi ev 23-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarına tabesizlik göstərmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-də əməliyyatistintaq qrupunun üzvü olduğu zaman RPŞ-nin DYPB-nin inspektorları, polis serjantları Zərərçəkmiş şəxs və X5 şəhəri Vidadi küçəsi ev 23-də yaşayan Şəxs RPŞ-nə gətirərək, onun barəsində polisin qanuni tələbinə məhəl qoymaması və ictimai qaydanı barədə raport tərtib etmişlər. Şəxs RPŞ-də alkotestrdən keçirilən zaman sərxoş olduğu müəyyən edilmişdir. Bu səbəbdən müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Sabirabad RPŞ-nin DYPB-nin əməkdaşlarının onun barəsində tərtib etdikləri raportla tanış olmuşdur. Onun özünə məxsus Wolkswagen Amarok markalı, **-FC-*** dövlət nömrə nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Sabirabad şəhərində yerləşən "Rafət” kafedə spirtli içki qəbul etmiş, siqareti avtomobilində qaldığından siqaret qəbul etmək üçün avtomobilinə yaxınlaşıb siqaret götürüb geri qayıtmışdır. Geri qayıdanda DYPB-nin əməkdaşları xidməti avtomobillərini saxlayaraq ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra həmin polis əməkdaşları onun spirtli içki qəbul etməsini ondan soruşub, ona və idarə etdiyi avtomobilə aid sənədlərini və avtomobilinin açarlarını onlara təqdim etməsini xahiş etmişlər. O, da cavabında piyada olduğu halda nəyə görə sənəd və avtomobilinin açarlarını təqdim etməsini bildirmişdir. Həmin zaman o, səbiləşdiyindən bir qədər ucadan danışmışdır. Bu zaman polis əməkdaşları onu öz maşınlarına aparmaq istəmişlər. Həmin yerə PPXB-nin polis əməkdaşları gəlmişlər və onu Sabirabad RPŞ-nə gətirmişlər. Sabirabad RPŞdə alkotestrlə yoxlanılarkən onun sərxoş olduğu müəyyən olunmuşdur. Polis əməkdaşlarının tərtib etdiyi raportla tanış olarkən, raportla polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaması qeyd edilsə də, əslində o, polis əməkdaşlarının qanuni tələblərini pozmamışdır. Özü yüksək dərəcəd şəkəli diabet xəstəliyindən əziyyət çəkir. Ayaqlarının altı yaradır. Gigiyenik qaydalara əməl olunmasa ayaqları qısa müddətdə çürüyə və amputasiya oluna bilər. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, 2021-ci ildən DİO-da, hal-hazırda isə Sabirabad RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 24:10 radələrində Sabirabad RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxslə birlikdə KİA markalı **-YP-*** dövlət nömrə nişanlı avtopatrul avtomobili ilə Sabirabad şəhəri Muğan prospektində xidmətdə olduqları zaman Wolkswagen Amarok markalı, **- FC-*** dövlət nömrə nişanlı avtomobilin uzaqvuran işıqlardan istifadə edib hərəkətdə olduğunu görmüşlər. Həmin avtomobilin sürücüsünə işarə edib saxladaraq yaxınlaşıb özlərini təqdim etdikdə, həmin sürücüdən tünd spirtli içki qoxusu gəldiyini hiss etmişlər. Belə olan halda həmin sürücüdən özünə və idarə etdiyi avtomobilə aid sənədlərini təqdim etməsini xahiş etmişlər. Sürücü onların qanuni tələblərinə məhəl qoymayıb sənədlərini qəsdən təqdim etmədiyini bildirmişdir. Onlar sürücünü dəfələrlə nizam-intizama dəvət edib sənədlərini təqdim etməsini istəsələr də, lakin sürücü onların qanuni tələblərinə qəsdən tabe olmamış, ucadan səs-küy salmışdır. Bu barədə RPŞ-nin NHnə məruzə etmişlər və həmin yerə onlara kömək məqsədi ilə PPXB-nin polis nəfərlərinin gəlməsini xahiş etmişlər. PPXB-nin polis nəfərləri həmin yerə yaxınlaşmışlar və sürücü tərəflərindən RPŞ-nə gətirilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, həmin sürücü Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsi ev 203, mənzil 20-də qeydiyyatda olan Şəxsdur. Şəxs spirtli içki qəbul etməsi tərəflərindən alkotestrlə yoxlanılarkən onun sərxoş olduğu müəyyən olunmuşdur. «İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında» qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535-ci maddələri üzrə toplanmış inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul olunması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, İXM-in 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı izahatlarla da müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində uca səslə polis əməkdaşları ilə danışmış və ictimai qaydanın pozulamasına gətirib çıxaran hərəkətlərə yol vermişdir.. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmişdir. Lakin, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmişdir. Bu halını nədə ifadə olunmasını hətta qanuni inzibati xəta törətmiş şəxsin onun qanuni tələbinə qəsdən tabe olmadığını iddia edən polis əməkdaşı belə izah edə və əsaslandıra bilməmişdir. Göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbininə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində iş ürə icraat apaılan şəxsin və şahidin izahatlarından görünür ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxsin polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən «onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində olan hazırkı işin İXM-nin 535.1-ci maddəsi ilə olan hissəsinə bu hissə üzrə əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsi faktı onun özünün etirafedici yazılı izahatı ilə tam sübuta yetirildiyindən onun barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs yaşını, ilk dəfə inzibati xəta törətməsini və xəstəliyinin xarakterini Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inziabti xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 33-cü maddəsində sadalanmış məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (inzibati cərimə növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, yaşını və Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələbini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində iş üzrə icraat aparılan şəxs haqqında xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində tutma protokol tərtib edilmiş, hazırki vaxtsadək şəxs azad edilməmişdir. Ona görə də, məhkəmə İXM-nin 89.5-ci maddəsinin tələbinə (inzibati qaydada tutma müddəti inzibati xətanı törətmiş şəxsin protokol tərtib etmək üçün gətirdiyi vaxtdan, sərxoş halda olan şəxsin isə ayıldığı vaxtdan hesablanır.) əsasən hesab edir ki, həbs etmənin əvvəlinin onun tulduğu vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 535.1-ci hissəsi üzrə əməlindən inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və o, 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2023-cü il tarixdən saat 03:30-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar