Məhkəmə qərarları › İş №3(056)-1132/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1132/2023

27.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1132/2023 27.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sabirabad rayonu, Axtaçı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Mehtiyev X5 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(056)- 23/2011 saylı saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(056)-23/2011 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından 31 avqust 2008-ci ildə anadan olmuş X6 anası X2 yanında qalmaqla onun yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 11 noyabr 2010cu il tarixdən başlayaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 verilməsi qərara alınmışdır. İcra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq o, icra sənədinin icrasını təmin etməmişdir. 2020-ci ildən borclu İcra şöbəsinə gəlməmiş, borcun ödənilməsi üçün cəhd etməmiş, onu yaşadığı yerdə aşkar etmək mümkün olmamışdır. Ona görə də borclunun axtarılması barədə qərar qəbul edilmiş və qərar əsasında Sabirabad rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Hazırda borclu işləmədiyini əsas gətirərək icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının icrası ilə bağlı tələbini yerinə yetirmir. Onun bu günə ödənilməmiş 7965 manat aliment borcu vardır. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Sabirabad rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən ümumilikdə 7965 manat aliment borcu yaranmışdır. Əvvələr aliment borcundan ödənişlər etmişdir. 2020-ci ildən isə birinci ailəsindən olan nəvəsinin sağlamlığında problemlər yaranmış, başı ona qarışıq olmuşdur. Sonradan özü də xəstələnmiş, işləyə bilməmişdir. Ona görə də alimentlə bağlı icra sənədinin icrası ilə məşğul ola bilməmiş, İcra şöbəsinə gəlməmiş və ödəniş etməmişdir. Hazırda özü heç yerdə işləmir. Yaranmış borcu ödəmək imkanı yoxdur. Məhkəmə qərarının icrasından boyun qaçırmır. Odur ki, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun təkrarən eyni xətanı törətməsini, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onun maddi vəziyyətini daha da ağırlaşdırmamaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi düzgün hesab etmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aliment borcunu ödəməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməkdədir. Əgər onun barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu aliment məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini, həmin tənbehin həddinin isə 10 gün həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Çünki, şəxsin uzun müddət inzibati qaydada həbs edilmiş olması onun uzun müddət aliment öhdəliyini icra etmək imkanına da mane olacaqdır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 26 avqust 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar