Məhkəmə qərarları › İş №3(056)-1143/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1143/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1143/2023 28.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin X1 polis sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 2002-ci ildə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonunun Qəzli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Sabirabad rayonu Qəzli kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus 100 ədəd yonca bağlarını oğurlanmaqla sonuncuya 300 manat dəyərində ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Günəş anasıdır, Fariz isə atasıdır. Onlar 2014-cü il tarixdə rəsmi olaraq boşanıblar, anası öz evində, atası isə atası evində yaşayır. Onlar iki qardaş, bir bacıdırlar, qardaşı ilə bacısı anası Günəşlə, özü isə atası Farizlə qalır. Günəş evdə oldu-olmadı ona evinə gedib gəlməyə icazə versə də, Farizə isə icazə verməmişdir. Günəş xx.xx.2023-cü il tarixdə müalicə olunması üçün Bakı şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə ona zəng edib pula ehtiyacı olmasını dedikdə, Günəş ona veriləsi pulu olmadığınıı demişdir. Həmin günü saat 15 radələrində görmüşdür ki, kənddə tanımadığı bir şəxs at-arabayla gəzərək satılıq ot kipi axtarır. Qərara gəlmişdir ki, Günəşin həyətində olan ot kipini satsın, pulunu isə götürsün. Tanımadığı ot alanla Günəşin həyətinə gəlmiş, arabanı həyətə salıb hər birini iki manatdan, 91 ədəd saman kipini satıb borclarına paylamışdır. Sonra eşitmişdir ki, Günəş ondan və Farizdən şikayət edib. Fariz, anası Günəşin həyətinə girməyib, nədə ki, ot oğurlamayıb, Farizin anasının həyətindən kip satmağından ümumiyetlə xəbəri yoxdur, otu tək götürüb satmışdır. Günəşin tayasında yonca kipi olmamış, orada olan saman kipi olub, onu da satmışdır. Hazırda əməlindən peşman deyildir. Ziyanı da ödəmək niyyətində deyildir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, səhhəti ilə bağlı Bakı şəhərində cərrahi əməliyyata məruz qalmışdır. xx.xx.2023-cü il tarixdə qonşu Ağagülün oğlu Ehtiram qonşuları Gülbənizə söyləmişdir ki, keçmiş əri Fariz və oğlu Sahib həyətlərində olan 100 ədəd ot bağlarını oğurlayıb satmışlar. Bu barədə bildikdən sonra Bakı şəhərindən 102 xidmətinə zəng vurub baş verənləri söyləmişdir. Onun 300 manat dəyərində 100 ədəd ot bağları oğurlanmışdır. Ot bağını Fariz oğurlamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də o, ziyanın ödənilməsini istəyir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları yoxdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (ictimai işlər növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü törətdiyi əmələ münasibətdə təqsirli bilməməklə yanaşı, haqlı hərəkət etmiş kimi davranmaqdadır, əməlinə tənqidi yanaşmır. Həmçinin zərər çəkmiş şəxs ziyanının ödənilməsini tələb etsə də, ziyanın ödənilməyəcəyini bildirməkdədir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 24 (iyirmi dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar