Məhkəmə qərarları › İş №3(056)-1155/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1155/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1155/2023 02.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, ərizəçi X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1966-cı ildə anadan olmuş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2000 (iki min) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 lisenziya olmadan stomotoloji xidmət göstərməsi faktı qanun pozuntularına yol vermişdir. X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə razılaşmayaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. F.S.Həsənov şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarına əsasən o İXM-nin 210.1-ci maddəsinə əsasən təqsirli bilinib 2000 manat miqdarında cərimə edilmişdir. Qeyd edilən qərarı əsassız sayır. Belə ki, o, heç bir fəaliyyət göstərməmişdir. Yeni fəaliyyətə başlayacaq olan klinikada təmir və rekonstruksiona işləri dəzgahların quraşdırılması işləri aparılır. Klinika fəaliyyət göstərmir. O, qeyd olunan klinikada X1 üzərində diş çəkimi cərrahi proseduru icra etməmişdir. Bu barədə Aysel Abdullayeva da Sabirabad rayon Prokurorluğunda izahatında bildirmişdir. Onun tərəfindən həmin ərazidə heç bir qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən də qeyd olunan qərarı qərəzli, əsassız və qanunazidd hesab edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq, işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, X2 şikayəti təmin edilməlidir. Belə ki, hazırki şikayət məhkəmənin icraatına daxil olduqdan sonra qərarından şikayət verilmiş orqan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 2 dəfə sorğu edilərək hazırki şikayətlə əlaqədar materialın məhkəməyə təqdim edilməsi xahiş edilmiş, lakin məhkəməyə hər hansı material təqdim edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, şikayəti əsaslı hesab edən məhkəmə təsvir olunanlara əsasən belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərar üzrə X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 449.1.5-ci-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olması sübuta yetmədiyi üçün inzibati tənbeh vermə haqqında Qərar ləğv olunmalı və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar