Məhkəmə qərarları › İş №3(056)-1157/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1157/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1157/2023 31.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında 31 avqust 2023-cü il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1052/2007 saylı icra sənədinin tələbinə əsasən Şəxs və X7 1850 (min səkkiz yüz əlli) ABŞ dolları, (xx.xx.2006-cı il tarixə məzənnə üzrə manatla) 1628.0 ( min altı yüz iyirmi səkkiz) AZN manat məbləğində pulun alınaraq X4 ödənilməsi qərara alınmışdır. Lakin borclu Şəxs icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1052/2007 saylı icra sənədinin tələbinə əsasən Şəxs və X7 1850 (min səkkiz yüz əlli) ABŞ dolları, (xx.xx.2006-cı il tarixə məzənnə üzrə manatla) 1628.0 ( min altı yüz iyirmi səkkiz) AZN manat məbləğində pul alınaraq X4 ödənilməsi qərara alınmışdır. 01 aprel 2021-ci il tarixdə icra sənədi üzrə onun tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü qaydada icra etmək üçün borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. İcra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq, icra şöbəsinin çağırışına məhəl qoymamış, icra şöbəsinə gəlməmiş, barəsində qəbul edilmiş borclunun axtarılması qərarı əsasında icra şöbəsinə gətirilməsi təmin edilmişdir. İzahatı alınarkən müəyyən edilmişdir ki, borclu uzun müddətdir ki, ölkə xaricində olmuşdur. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı qərar qəbul edildiyi üçün, həmçinin axtarışa verildiyi üçün icra şöbəsinə gətirilmişdir. Lakin tələbkar şikayətçi olduğu üçün o, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, onun tələbkara göstərilən məbləğdə borcu olsa da, 18 ildir ki, Türkiyə Respublikasında ailə qurmaqla orada yaşayır. İcra sənədi isə 10 il bundan qabaq çıxmışdır. İcra sənədinin icraatda olmasından xəbəri olmamışdır. Çünki bu məsələ ilə bağlı Bakı şəhərində yaşayanda aralarında danışıq olmuş, sonradan Türkiyə Respublikasına getdiyi və orada daimi yaşamağa başladığı, başı ailəsinə qarışdığı üçün bu məsələ barədə unutmuşdur. Uzun illərdən sonra övladları ilə valideynlərini görməyə Azərbaycan Respublikasına gəldiyi zaman polis əməkdaşları tərəfindən saxlanılıb Sabirabad rayon İcra şöbəsinə gətirilmişdir. Bu zaman ona məlum olmuşdur ki, hazırki tələbkara olan borcla əlaqədar barəsində axtarış qərarı qəbul edilmiş və axtarış işi açılmışdır. Hazırda onun üzərində tələb edilən pul məbləğini ödəmək üçün vəsait yoxdur. X2. Onunla telefon əlaqəsi saxlamış və vəziyyəti ona izah etmişdir. Əri 20 gün ərzində əmək haqqını əldə edib həmin pulu ona göndərə biləcəyini bildirmişdir. Söz verir ki, 20 gün müddətində tələbkara olan borcunu tam şəkildə ödəyəcəkdir. O, icra sənədi barədə mlumatlı olmadığından hesab edir ki, icra məmurunun da hər hansı qanuni tələbinin yerinə yetirilməməsi ilə bağlı pozuntuya yol verməmişdir. Göstərdiklərinə əsasən o, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati protokola əlavə olunmuş: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1052/2007 saylı icra sənədinin tələbinə əsasən Şəxs və X7 1850 (min səkkiz yüz əlli) ABŞ dolları, (xx.xx.2006-cı il tarixə məzənnə üzrə manatla) 1628.0 ( min altı yüz iyirmi səkkiz) AZN manat məbləğində pul alınaraq X4 ödənilməsi qərara alınmışdır. xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən, göstərilən icra sənədi üzrə icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. xx.xx.2017-ci il tarixli Həşimxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs hazırda nümayəndəlik ərazisində yaşamır. Nümayəndəlik ərazisində heç bir mülkü və əmlakı yoxdur. xx.xx.2017-ci il tarixli aktdan görünür ki, icra məmurları Gülmalı Əzizov, Mirqasım Mövsümov, hal şahidləri Həbib Şahbazov və Bəşir İbişov borclu X5 Həşimxanlı kəndində yerləşən qeydiyyatda olduğu ünvanda olduqları zaman müəyyən olundu ki, borclu həmin ünvanda yaşamır. xx.xx.2017-ci il tarixli borclunun axtarışması barədə qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, həmçinin icra işini araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, borclu Nağıyeva X6 rayon İcra və Probasiya şöbəsində icra məmuruna vermiş olduğu izahatda icra sənədinin verildiyi zamandan bu günə kimi xəbər tutmadığını bildirmiş, icra məmuru onun əməlini icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirib onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra icra işindən o hal da aydın olur ki, icraata başlamaq haqqında qərar qəbul edilib tələbin könüllü surətdə 10 gün ərzində icra edilməsi barədə bildiriş borcluya ünvanlanmış olsa da, həmin sənədlərin borcluya təqdim edilməsi barədə hər hansı sübut mövcud deyildir. Borclu yalnız onun barəsində qəbul edilmiş axtarış qərarının nəticəsi olaraq icra və probasiya şöbəsinə gətirilmişdir. Bu halın özü də borclunun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməsinin əks göstəricisi kimi nəzərə alınmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar