Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1175/2025 07.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Sabirabad RPŞ-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sabirabad şəhəri, X4 küçəsi, ev 92 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə 07 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 07 iyul 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad RPŞ-nin inzibati binasında ucadan nalayiq söyüş söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Sabirabad RPŞ-nin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, törətdiyi inzibati xətaları etiraf edir. O, xx.xx.2025-ci il tarixində yaşadığı evin qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşdı özlərini təqdim edib bidirdilər ki, sosial şəbəkədə kiriminal aləmi təbliğ edən videolar paylaşırsan deyərək polis şöbəsinə dəvət etdilər. O, polis şöbəsinə xidməti otaqda ondan izahat alanda əşəbləşib sizə bu məlumatı kim verib deyərək məlumat verən şəxsin ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman polis əməkdaşları onu nizam intizama dəvət etdilər, lakin əsəbi olduğundan onların qanuni tələbinə tabe olmadı. Etdiyim əməldən səmimi peşman olmasını, birdə bele hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində ədadlətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Sabirabad Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Natiq Sərdarlı bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sabirabad RPŞnin NH-nın sürücü polis nəfəri, polis baş serjantı İlkin Əsgərovla birlikdə Sabirabad şəhəri Vidadi küçəsində xidmətdə olarkən Sabirabad şəhər sakini Şəxs Sabirabad şəhəri Vidadi küçəsində yaşadığı evin yerləşdiyi küçədə qapının önündə olarkən ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra kriminal aləmi təbliğ etməsi ilə əlaqədar məlumat daxil olduğunu bildirmişlər. Daha sonra Şəxs Sabirabad RPŞ-nin inzibati iş otağına dəvət edərkən Şəxs saat 19:00 radələrində onlarla birlikdə RPŞ-yə gəlmişdir. Bundan sonra onunla bu barədə profilaktik söhbətlər aparılan zaman, onun barəsində RPŞ-nə məlumat verən şəxsin ünvanına nalayiq söyüşlər söyməyə başladı. Şəxs nizam-intizama dəvət etsələr də, Şəxs polisin qanuni tələbinə tabe olmayıb ünvansız söyüş söyməyə davam etdirdi və barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin NH-təhvil verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 07 iyul 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad RPŞ-nin inzibati binasında ucadan nalayiq söyüş söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 05 iyul 2025-ci il tarixli, 1594 ******* saylı protokoldan görünür ki, Şəxs 05 iyul 2025-ci il tarixdə, saat 19:15-də tutulmuşdur. Lakin o, 07 iyul 2025-ci il tarixdə, saat 15:00-da azad edilmişdir. Şəxs Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, əməlindən peşman olduğunu, bir də belə hallara yol verməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxin özünün izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1175/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1175/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver