Məhkəmə qərarları › İş №3(056)-1177/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1177/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1177/2024 05.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs, Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonu Qalağayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada taksi sürücüsü işləyən, Sabirabad rayonu Qalağayın kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Padarçöl yolunda ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində o, Məzahir, Vəfadar və Elnurla birgə “VAZ 2107” markalı avtomobillə balıq tutmaq üçün Sabirabad rayonu Padarçöl adlanan yerdə su kanalına getmiş, bir balıq tutduqdan sonra yeyib içmək məclisi təşkil etmişlər. xx.xx.2024-cü il tarixdə saat 02:05 radələrində ərazidə xidmətə aparan polis əməkdaşları onlara yaxınlaşmış, nə iş görmələrini soruşmuşlar. Polis əməkdaşları Vəfadarın Vətən müharibəsi veteranı olduğunu bildikdən sonra ondan hal-əhval tutmuşlar və onlar balıq tutmalarını bildirmişlər. Polis əməkdaşları avtomobilin yük yerinə baxmaq istədikdə o, avtomobilin yük yerini açan zaman Məzahir və Raqif onlara yaxınlaşmış, Məzahir polislərə “sizi Gülağa göndərib” deyərək Gülağa adlı polis əməkdaşının ünvanına söyüşlər söyməyə başlamışdır. Bundan sonra Raqif də polisləri təhqir etməyə başladı. Vəfadar bunu görən kimi əmisi oğlu Məzahirin üzündən sillə ilə bir neçə dəfə vurmuşdur ki, sakitləşsin. Raqif ilə Məzahir polis əməkdaşlarının üzərinə gedərək onlarla mübahisə edib polisləri itələməyə başlamışdır. O, isə onları sakitləşdirməyə çalışmışdır. Hazırda özünü təqsirli bilir və əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Məhkəmədən qərar qəbul edilərkən göstərdiyi xüsusatları nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə o, Şahid1 ilə dislokasiyaya uyğun olaraq Padarçöl yolunda xidmətdə olarkən təxminən saat 01:45 radələrində yolun kənarında su kanalının ətrafında avtomobil olduğunu və ətrafında insalanların olmasını görüb həmin yerə yaxınlaşmış, orada olan şəxslərin balıq tutub içki məclisi təşkil etdilərini görmüşlər. Orada olan şəxslərdən Vəfadar adlı şəxs onlara Vətən müharibəsi veteranı olmasını bildirmiş, vətəndaşlardan elektriklə balıq ovlanmasına görə çoxsaylı şikayətlər olduğu üçün onlar avtomobilin yük yerinə baxış keçirmək istədiklərini bildirmişlər. Oradan olan şəxslərdən Vəfadardan başqa hamısı içkili olduğundan nalayiq ifadələr işlətməyə başlayaraq baxış keçirilməsindən imtina etmişlər. Həmin şəxslərdən Məzahir və Raqif onların üzərinə gəlmiş, onlarla mübahisə etmiş, polis şöbəsində işləyən Gülağa adlı və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişlər. Onları nizam-intizama dəvət etsələr də, tabe olmamışlar. Bu şəxsləri qollarından tutub xidməti avtoçobilə mindirmək istədikdə isə Elnur adlı şəxs onların qolundan tutub dartırdı ki, Məzahir və Raqif qollarından çıxıb qaça bilsinlər. Vəfadar isə həmin şəxslərdən sakitləşmələrini tələb edirdi. Məzahir sakitləşmədiyi üçün Vəfadar onu sillə ilə vurmuş, sillənin təsirindən Məzahir yerə yıxılmışdır. Bundan sonra göstərilən şəxslər şöbəyə gətirilmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahidlərin ifadəsini dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinın tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənın əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış X1 ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal, hadisəni sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini (hadisə zamanı rolunu) nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (inzibati cərimə növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və İXM-nin 31.4-cü maddəsinin tələbini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə saat 01:50 radələrindən Sabirabad RPŞ-də saxlanılmışdır. Ona görə də, məhkəmə İXM-nin 89.5-ci maddəsinin tələbinə (inzibati qaydada tutma müddəti inzibati xətanı törətmiş şəxsin protokol tərtib etmək üçün gətirdiyi vaxtdan, sərxoş halda olan şəxsin isə ayıldığı vaxtdan hesablanır.) əsasən hesab edir ki, həbs etmənin əvvəlinin şəxsin tulduğu vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və o, 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2024-cü il tarixdən saat 01:50dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar