Məhkəmə qərarları › İş №3(056)-1179/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1179/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1179/2024 05.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunun Padarçöl adlanan ərazisində ucadan nalayiq söyüşlər söymüş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində o, Məzahir, Vəfadar və Elnurla birgə “VAZ 2107” markalı avtomobillə balıq tutmaq üçün Sabirabad rayonu Padarçöl adlanan yerdə su kanalına getmiş, bir balıq tutduqdan sonra yeyib içmək məclisi təşkil etmişlər. xx.xx.2024cü il tarixdə saat 02:05 radələrində ərazidə xidmətə aparan polis əməkdaşları onlara yaxınlaşmış, nə iş görmələrini soruşmuşlar. Polis əməkdaşları Vəfadarın Vətən müharibəsi veteranı olduğunu bildikdən sonra ondan hal-əhval tutmuşlar və onlar balıq tutmalarını bildirmişlər. Polis əməkdaşları avtomobilin yük yerinə baxmaq istədikdə Elnur avtomobilin yük yerini açan zaman o və Məzahir onlara yaxınlaşmış, Məzahir polislərə “sizi Gülağa göndərib” deyərək Gülağa adlı polis əməkdaşının ünvanına söyüşlər söyməyə başlamışdır. Bundan sonra o da polisləri təhqir etməyə başladı. Vəfadar Məzahirin üzündən sillə ilə bir neçə dəfə vurmuşdur ki, sakitləşsin. Məzahir ilə o, polis əməkdaşlarının üzərinə gedərək onlarla mübahisə edib polisləri itələməyə başlamışdır. Vəfadarın Məzahiri vurması nəticəsində Məzahir yerə yıxılmış, göz nahiyyəsi yerdə bərk daş parçasına dəymişdir. Hazırda özünü təqsirli bilir və əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. İçkili olduğu üçün bu hadisə baş vermişdir. Ailəlidir və himayəsində üç azyaşlı övladı vardır. Fərdi qaydada usta işləməklə ailəsinə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən qərar qəbul edilərkən göstərdiyi xüsusatları nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə o, Şahid ilə dislokasiyaya uyğun olaraq Padarçöl yolunda xidmətdə olarkən təxminən saat 01:45 radələrində yolun kənarında su kanalının ətrafında avtomobil olduğunu və ətrafında insalanların olmasını görüb həmin yerə yaxınlaşmış, orada olan şəxslərin balıq tutub içki məclisi təşkil etdilərini görmüşlər. Orada olan şəxslərdən Vəfadar adlı şəxs onlara Vətən müharibəsi veteranı olmasını bildirmiş, vətəndaşlardan elektriklə balıq ovlanmasına görə çoxsaylı şikayətlər olduğu üçün onlar avtomobilin yük yerinə baxış keçirmək istədiklərini bildirmişlər. Oradan olan şəxslərdən Vəfadardan başqa hamısı içkili olduğundan nalayiq ifadələr işlətməyə başlayaraq baxış keçirilməsindən imtina etmişlər. Həmin şəxslərdən Məzahir və Raqif onların üzərinə gəlmiş, onlarla mübahisə etmiş, polis şöbəsində işləyən Gülağa adlı və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişlər. Onları nizam-intizama dəvət etsələr də, tabe olmamışlar. Bu şəxsləri qollarından tutub xidməti avtoçobilə mindirmək istədikdə isə Elnur adlı şəxs onların qolundan tutub dartırdı ki, Məzahir və Raqif qollarından çıxıb qaça bilsinlər. Vəfadar isə həmin şəxslərdən sakitləşmələrini tələb edirdi. Məzahir sakitləşmədiyi üçün Vəfadar onu sillə ilə vurmuş, sillənin təsirindən Məzahir yerə yıxılmışdır. Bundan sonra göstərilən şəxslər şöbəyə gətirilmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid X1 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahidlərin ifadəsini dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş Şəxs daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və ailə vəziyyətini Azərbaycan Respublikasının İXMnin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisəni sərxoş vəziyyətdə törətməsini həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Çünki şəxsin törətmiş olduğu inzibati xətalar ictimai qaydanın mühafizə qaydalarının pozulmasına yönəlmiş xətalardır ki, həmin xətaların törədilməsi birbaşa cəmiyyətin mənafeyi ilə bağlıdır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 04 avqust 2024-cü il tarixdə saat 04:10 radələrində tutulmuş, bu barədə həmin tarixdə tutma protokolu tərtib edilmiş və o, Sabirabad RPŞdə saxlanılmış, hal-hazıradək azad edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikasının İXM-nin 89.5-ci maddəsinin tələbinə istinad edərək (inzibati qaydada tutma müddəti inzibati xətanı törətmiş şəxsin protokol tərtib etmək üçün gətirdiyi vaxtdan, sərxoş halda olan şəxsin isə ayıldığı vaxtdan hesablanır.) hesab edir ki, ona həbs təyin edərkən həbsetmənin əvvəli göstərilən zamandan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada həbsetmə müddətinin əvvəli 04 avqust 2024-cü il tarixdən saat 04:10dan hesablansın. Qərann icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar