Məhkəmə qərarları › İş №3(056)-1201/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1201/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1201/2025 16.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsi Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Ərizə tələbi

1. İddiaçı X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASC-nin Salyan rayon Regional Qaz İdarəsinin 17.4.2025-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akt əsasında əsassız olaraq hesablanmış 1349,76 manat pulun onun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsi ilə birlikdə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri kimi işə mahiyyəti üzrə baxılanadək müvəqqəti olaraq ona məxsus yaşadığı Sabirabad rayonu, Çağırğan kəndində yerləşən evinə qazın verilməsinin dayandırılmasının cavabdeh "xxxx" ASC-nə qadağan edilməsi və kəsilmiş qazın bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizənin əsaslarına görə, o, cavabdeh "xxxx" ASC-ə qarşı «Akt əsasında yazılmış cərimənin silinməsi barədə» məhkəmədə iddia qaldırmışdır. Yaşadığı Sabirabad rayonu, Çağırğan kəndində yerləşən evində Azəriqaz ASC-nin Sabirabad rayon İdarəsi tərəfindən qaz xətti kəsilmişdir. Odur ki, gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin həlli üçün iddianın təmini tədbiri zəruridir. Ona görə də cavabdehin qanunsuz hərəkətləri barədə məhkəməyə iddia ərizəsi vermişdir. Məhkəməyə verdiyi iddia ərizəsi əlbəttə ki, cavabdehin xoşuna gəlmədiyindən, evinə qazın gəlişi dayandırılmışdır. Ona görə də iddia ərizəsinin araşdırılması müddətində Sabirabad rayonu, Çağırğan kəndində yerləşən evinə qazın verilməsinin bərpa olunması barədə cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər; Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər; Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir; Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.”

Məhkəmənin mövqeyi

6. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu kontekstdə müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilməlidir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Odur ki, müvəqqəti təminat tədbirləri yalnız cavabdehin (digər şəxslərin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməli, bunun üçün də, birincisi, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunması mümkün olmamalı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olması məhkəmə araşdırması ilə təsdiqini tapmalı, ikincisi, bu tədbir istinad olunan məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

7. İşin hallarından müəyyən olunur ki, tərəflər arasındakı mübahisənin predmeti cavabdeh tərəfindən akt əsasında hesablanmış pulun silinməsi barədədir.

8. Odur ki, tərəflər arasındakı mübahisənin mövcud vəziyyətini və işin digər hallarını nəzərə alan məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.

9. Müvəqqəti təminat tədbirinin tətbiq olunmasının məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır.

10. Məhkəmə qeyd edir ki, bu hal borcu olan subyekt(lər)ə görə intizamlı vətəndaşların hüquqlarının əsassız yerə məhdudlaşdırılmasına səbəb ola bilər.

11. Nəticədə, "xxxx" İstehsalat Birliyi tərəfindən tətbiq edilmiş məhdudiyyət qanunsuz və əsassız olmaqla ağır şərtlidir, istehlakçının hüquqlarının əsassız olaraq qanuna zidd formada məhdudlaşdırılmasına səbəb olur.

12. "xxxx" İstehsalat Birliyinə izah olunur ki, əsas iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər abonentə qazın verilməsinin davam etdirilməsi məqsədə müvafiqdir. Nəzərə almaq lazımdır ki, sözügedən borc məbləği əgər əsaslıdırsa, yekun məhkəmə aktı qəbul edildikdən sonra da abonentdən qanuna uyğun qaydada tələb edilə bilər.

13. Məhkəmə hesab edir ki, hazırki şərtlər daxilində zəruri həyat şərtlərindən biri olan vətəndaşın qaz ehtiyacının məhdudlaşdırılması yolverilməzdir.

14. Nəticədə, tətbiq edilməsi ehtimal olunan (təcrübəyə əsasən) məhdudiyyət qanunsuz və əsassız olmaqla ağır şərtlidir, abonentin hüquqlarının ağır dərəcədə məhdudlaşdırılması və yaşam keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

15. Beləliklə, məhkəmə hesab edir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə ərizə təmin edilməli, Sabirabad rayonu, Çağırğan kəndində yerləşən ünvana (abonent kodu: **********00060) qazdan istifadənin məhdudlaşdırılması cavabdeh "xxxx" İstehsalat Birliyinə qadağan edilməlidir.

16. Azərbaycan Respublikası MPM-in 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir.

17. Həmin Məcəllənin 163.1-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar.

18. Məhkəmə yuxarıda göstərilənləri və MPM-nin 163, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

X1 “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizəsi təmin olunsun. Sabirabad rayonu, Çağırğan kəndində yerləşən ünvana (abonent kodu: **********00060) qazdan istifadənin məhdudlaşdırılması cavabdeh "xxxx" İstehsalat Birliyinə qadağan edilsin. Qərardad dərhal icra olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar