Məhkəmə qərarları › İş №3(056)-1231/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1231/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1231/2025 24.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 03 avqust 1989-cu il tarixdə Sabirabad rayonu, Cəngən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sabirabad rayonu, Cəngən kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 24 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6581/2023 saylı icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini heç bir üzrlü səbəb olmadan yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolun dəlillərinə uyğun izahat verərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru əvvələr barəsində inzibati qaydada icraat aparılan şəxsin əvvəllər işsiz olduğunu, lakin hazırda işlədiyini, 4460 manat borcundan ödəniş etdiyini və borcunun 760 manat qaldığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, alimenti ödəməkdən yayınmır. İşsiz olması ilə əlaqədar arada bir neçə dəfə aylıq ödəniş edə bilməsə də, mütəmadi olaraq maddi imkanının yol verdiyi məbləğdə alimenti ödəmişdir. Hazırda da 4460 manat borcundan 760 manat ödənilməmiş hissə qalmışdır. O, heç bir zaman alimenti ödəməkdən qəsdən və ya qərəzli olaraq ödəməkdən yayınmamışdır. Məhkəmə iclasında verilmiş suala cavab olaraq barəsində inzibati qaydada icraat aparılan şəxs əvvəllər fərdi əməklə məşğul olduğundan vaxtlı vaxtında alimenti ödədiyini, əvvəlki aylar işsiz qaldığını və ciddi maddi sıxıntılar çəkməsini, lakin buna baxmayaraq arada bir neçə ay istisna olmaqla hər ay bacardığı aliment ödədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6581/2023 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 380 manat aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. “İcraata başlama haqqında” 01 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6581/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, o, həmin izahatlarında icra sənədində xəbərdar olduğunu, lakin işləmədiyindən və maddi imkanı olmadığından yığılmış borcu tam məbləğdə ödəmədiyini, tam ödəyə bilməsə də, hissə-hissə ödənişlər etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs bir müddət işləməməsi, hazırda yeni işə başlaması, yığılmış 4460 manat borcdan 3700 manat ödəniş etməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara hissə-hissə ödəməsi öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, Şəxs bir müddət işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq işləməyə başladıqdan sonra 3700 manat ödəniş edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs hazırda fərdi işlə məşğul olaraq hər ay mütəmadi olaraq ödənişlər edəcəyini, bir neçə aydır ki, işsiz olduğundan arada bəzi aylar ödəniş edə bilmədiyini, lakin buna baxmayaraq bacardığı məbləğdə ödənişlər etdiyini, icra sənədinin icrasından yayınmadığını bildirmişdir. Bundan savayı, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 da Şəxs qəsdən icra sənədini icra etməsini iddia etmədiyini, sadəcə tələbkarın borcun tam ödənilməsini tələb etdiyini bildirmişdir ki, bu da zərərçəkmiş şəxsin özünün də Şəxs maddi imkanından məlumatlı olaraq onun üzürsüz səbəbdən deyil, məhz maddi imkansızlıq səbəbindən icra sənədini tam icra etməməsi halının mövcudluğunu qəbul etdiyini deməyə əsas verir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 02 ilə yaxın müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddət işsiz olması, hazırda yeni işə başlaması, borcundan 3700 manat ödəniş etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar