Məhkəmə qərarları › İş №3(056)-1235/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1235/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1235/2024 15.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin sahə rəisi Sehran Zeynalovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, X3 xadimə işləyən, Sabirabad rayonunun Qalağayın kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən inzibati xəta haqqında xx.xx.2024-cü tarixli MN ******* saylı «İnzibati xəta haqqında protokol» daxil olmuşdur. Daxil olmuş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu X4 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024cü il tarixdə Ramilə açıq-saçıq geyimdə qonşuluqda yaşayan Səidə adlı qadınla küçədə hərəkətdə olarkən uca səslə telefonla kiminləsə danışıb söyüşlər işlətdiyinə görə əri Taleh ona iradını bildirmiş, bu zaman Ramilə Talehə 102-yə zəng edib onu götüzdürəcəyini bildirmiş, aralarında sözlə mübahisə olmuşdur. Nə o, nə Taleh, nə də qaynanası Elmira Ramiləni döyməmişdir. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 bildirdi ki, xx.xx.2024-cü il tarixində Səidə adlı qonşusu ilə küçədə gedərkən qonçuluqda yaşayan Taleh onlara söz atmış, o, cavab qaytardıqdan sonra Taleh onu döyməyə başlamışdır. Bu zaman Talehin arvadı Aynurə və anası Elmira da onlara kömək etməyə gəlmiş və üçü birgə onu döymüşlər. Elmira Aynurə ilə birgə onun yaxasından tutub qolunu, sinəsini cırmışlar. Taleh isə arxa hissədən saçından tutub dartışdırmışdır. Hazırda o, Aynurədən şikayətçidir və onun barəsində ağır tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Sabirabad RPŞ-nin sahə rəisi Sehran Zeynalov bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar əsasında tərtib etmişdir. Məhkəməyə gələrkən və həmçinin məhkəmənin göstərişi ilə Səidə adlı xanımı şahid qismində dindirilməsi üçün zəng edərək məhkəməyə dəvət etmiş, Səidə xanım gəlməyəcəyini, heç bir şeyin şahidi olmadığını bildirmişdir. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Malik Nuruyevin xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, X1 şikayəti əsasında cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs barələrində AR İXM-nin 157-cı maddəsi ilə inzibatı qaydada tədbir görülməsi üçün qərarın surətinin İTB-nə qərara alınmışdır. MTE və PA Birliyinin Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 330 saylı rəyindən görünür ki, R.Məstanovanın məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – ənsə nahiyyəsində, sağ bazunun 1/3-də iç səthində, sol bazunun aşağı 1/3-də ön səthində, boyunun sol yan səthində qançırlar, sağ bazunun aşağı 1/3-də iç səthində sıyrıqlar küt əşyanın (ların) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə təqdim edilmiş sübutlara və izahatlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirməklə İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması ekspert rəyi, zərərçəkmiş şəxsin ifadəsi və özününü cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Malik Nuruyevin xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarında olan Şəxs izahatının məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda olarkən Ramilənin küçədə bərk səsinin gəldiyini eşitmiş, küçəyə qaynanası Elmira ilə çıxarkən Ramilə ona təhqiredici söz işlətmişdir. R.Məstanova ona təpik atsa da dəyməmiş, Elmiraya dəymişdir. Orada R.Məstanovanın saçlarından tutumuşdur. Taleh onu qolundan tutub evə gətirmişdir. Ramilənin saçından tutsa da onu vurmamışdır. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddə üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini və himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İXM-nin 31ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Tərəflər qonşu olmaqla onlar arasında hazırda gərgin münasibət mövcud olsa da, bu gələcəkdə münasibətlərin normallaşması halını istisna etmir. İnzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi isə tərəflər arasında mövcud olan gərgin münasibətin daha da gərginləşməsinə gətirib çıxara bilər ki, bu hal da yolverilməz hesab edilməlidir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, cərimə tənbehinin həddi müəyyən edilərkən isə zərərçəkən şəxsin hazırda şikayətçi olması nəzərə alınmaqla orta həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar