Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1296/2024 05.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs, Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi Rahim Şahkərəmovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, Sabirabad rayonunun Kürkəndi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi Rahim Şahkərəmov tərəfindən məhkəməyə verilmiş protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin inzibati binasında ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbini pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, həmkəndlisi Zərərçəkmiş şəxs şikayəti əsasında qardaşı Elman ilə birlikdə Sabirabad RPŞnə dəvət edilmiş, orada onları rəis müavininin otağına aparmışlar. Həmin otaqda onlara suallar verilmiş, cavab verərkən sözləri kəsilmiş, bundan sonra o, nə tədbir görəcəklərsə görmələrini bildirmişdir. O, ictimai qaydanı pozmamış, polis əməkdaşına qarşı tabesizlik etməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahdi qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, Elman və Zahir qardaşlarından hər kəsin istifadə etdiyi su kanalında törətdikləri qanunsuzluqlar barədə polis şöbəsinə müraciət etmiş, onları Sabirabad RPŞ-yə dəvət etmişlər. Bu gün Sabirabad RPŞ-yə gəldikdən sonra rəis müavini Emin adlı şəxs onları xidməti otağına dəvət etmiş, hadisə barədə soruşmuş, əvvəl o, danışmış, sonra Elman və Zahirə suallar verilmiş, rəis müavini sahə rəisinə onların izahatlarını alması barədə göstəriş verdikdən sonra xidməti otaqdan çölə çıxanda Elman və Zahir uca səslə qışqıa-qışqıra niyə izahat verməli olduqlarını demiş, Emin Şirinov verməli olduqlarını deyəndə onların hər ikisi Emin Şirinovun üzərinə ucadan qışqıra-qışra hücum etmişlər. Sahə rəisi araya girib onları aralamış, otaqdan çıxarmışdır. Məhkəmə iclasında şahdi qismində dindirilmiş X2 bildirdi ki, o, Sabirabad RPŞ-nin rəis müavini vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs adlı Kürkəndi kənd sakininin şikayəti əsasında Elman və Şəxs adlı qardaşlar şikayətçi ilə birgə Sabirabad RPŞ-yə dəvət edilmiş, o, həmin şəxsləri otağına dəvət edərək mübahisələrinə danışıq yolu ilə son qoymaq istəmiş, lakin onların birbiri ilə anlaşa bilmədiklərini görüb sahə rəisinə izahatların alınmasını tapşırmış, otaqdan çıxanda göstərilən qardaşlar “siz kimsiniz bizdən izahat alasınız, biz nə etmişik ki, şöbəyə çağırmısınız” kimi sözlər işlətməyə başlamış, o, izahat alınmalı olduğunu bildirdikdə ona qarşı aqressivləşərək üzərinə yeriməyə başlamışlar. Bu zaman sahə rəisi Rahim Şahkərəmov araya girərək həmin şəxsləri sakitləşdirməyə çalışmış, lakin onlar hərəkətlərini davam etdirmişlər. Bir qədər sonra şəxslərin onun xidməti otağından çıxarılması mümkün olmuşdur. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ ərazisində şahid ifadələri ilə təsdiqini tapan yuxarıda göstərilmiş həeəkətləri etməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə hörmətsizlik göstərdiyini başa düşmüş və bunu arzu etmişdir. Bununla da o, İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmişdir. Göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elemetlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törətdilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcələnin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi üzrə X1 əməlində nə inzibati xəta hadisəsi, nə də inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs İXM-nin 510-cu maddəsi ilə barəsində başlanmış icraata münasibətdə onun ilk dəfə inzibati xəta törətməsi və İİ qrup əlil olmasını Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinin tələblərinə uyğun olaraq məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri deyil, inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bu qənaətin əsasını isə yuxarıda qeyd edilmiş və cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış xüsusatlar təşkil etməlidir. Həmçinin şəxsin əlillik dərəcəsi ilə əlaqədar inzibati qaydada həbs edilməsinin yolverilməzliyi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 12, 32, 33, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1296/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1296/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver