Məhkəmə qərarları › İş №3(056)-130/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-130/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-130/2024 08.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Protokola və əlavə edilmiş iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Protokola və əlavə olunmuş materiala görə, Şəxs fəaliyyəti zamanı formalaşan istehsalat tullantılarının qalaqlanaraq yanıdırılması faktı müəyyən edilmiş və bununla da MMC İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs fəaliyyət göstərən quşçuluq fermasının ərazisində istehsalat tullantılarının qalaqlanaraq yanıdırılması ehtimalı əsası ilə müvafiq akt tərtib edilərək, həmin MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1765133 nömrəli Protokol hazırlanıb baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin Protokol tərtib edildikdən sonra Şəxs fəaliyyət göstərən quşçuluq fermasının ərazisinə baxış keçirərkən, tullantıların yandırılması üçün krimatoriyanın mövcudluğu aşkar olunmuş, həmçinin fermanın ərazisinə yandırılmış kütlənin sənaye tullantılarının deyil, məhz ərazidə aparılmış təmizlik işləri nəticəsində qalaqlanmış saman, kağız və ya lazımsız odun olması müəyyən edilmişdir. Ona görə də hesab edir ki, Şəxs tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması və ya göstərilən tullantıların yandırılması halı aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X4 təmsil etdiyi MMC barəsində tərtib edilmiş protokola etiraz edib, etirazını belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli MN1765133 nömrəli Protokol tərtib edildikdən sonra, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Şəxs fəaliyyət göstərən quşçuluq fermasının ərazisinə baxış keçirərkən, tullantıların yandırılması üçün krimatoriya onlara təqdim edilmiş, həmçinin fermanın ərazisinə yandırılmış kütlənin sənaye tullantılarının deyil, məhz ərazidə aparılmış təmizlik işləri nəticəsində qalaqlanmış saman, kağız və ya lazımsız odun olması onların nəzərinə çatdırılmışdır. Ona görə də hesab edir ki, Şəxs tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması və ya göstərilən tullantıların yandırılması halı aşkar edilmir. Məhkəmə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu, ona əlavə edilmiş sənədləri və hazırda məhkəməyə təqdim edilmiş sübutu araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinin tərkibi mövcud olmadığından MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Adı çəkilən normanın dispozisiyasından göründüyü kimi, inzibati xəta hadisəsi sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasını, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsini özündə ehtiva edir. İnzibati xəta haqqında protokolda qeyd edilən normanın pozuntusuna yol verilməsinin MMC ərazisində ölmüş cücə yandırılmasına istinad edilib materiala video və fotoşəkil, həmçinin xx.xx.2023-cü il tarixli akt əlavə edilsə də, nə video, nə də fotoşəkillərdən bu faktın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahatında Şəxs barəsində hazırlanmış xx.xx.2024-cü il tarixli MN1765133 nömrəli Protokol quşçuluq fermasının ərazisində istehsalat tullantılarının qalaqlanaraq yanıdırılması ehtimalı əsası ilə hazırlanmasını, lakin sonradan Protokol tərtib edildikdən sonra Şəxs MMC-nin fəaliyyət göstərdiyi quşçuluq fermasının ərazisinə baxış keçirərkən, tullantıların yandırılması üçün krimatoriyanın mövcudluğu və fermanın ərazisinə yandırılmış kütlənin sənaye tullantılarının deyil, məhz ərazidə aparılmış təmizlik işləri nəticəsində qalaqlanmış saman, kağız və ya lazımsız odun olması müəyyən edilməsini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən norma üzrə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından və normanın dispozisiyasının tələblərinə uyğun olaraq inzibati xəta hadisəsi baş vermədiyindən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 134, 135, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1765133№-li Protokol əsasında Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində həmin maddə ilə bağlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və həmin MMC inzibati məsuliyyətdən azad olunsun. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar