Məhkəmə qərarları › İş №3(056)-1300/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1300/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1300/2024 06.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tələbə, Sabirabad rayonunun Qəzli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən inzibati xəta haqqında xx.xx.2024-cü tarixli MN ******* saylı «İnzibati xəta haqqında protokol» daxil olmuşdur. Daxil olmuş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Qazax rayonunda BDU-nun Tarix və Coğrafiya müəllimi ixtisası üzrə təhsil alır. xx.xx.2024-cü il tarixdə sevdiyi qızın atası Coşqun tərəfindən başqa şəxsə nişanlanmasını eşidib əsəbiləşərək Coşqunun yaşadığı evə getmiş, onu bu hərəkətinə görə qorxutmaq istəmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Tələbədir. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Sabirabad RPŞ-nin sahə rəisi X2 bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar əsasında tərtib etmişdir. Zərərçəkmiş şəxs hazırda psixiatriya stasionarında müalicə aldığı üçün məhkəmədən iştirakı təmin edilməmişdir. Hazırda tərəflər barışmamışlar. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şamxal Həsənovun xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs barələrində AR İXM-nin 157-cı maddəsi ilə inzibatı qaydada tədbir görülməsi üçün qərarın surətinin İTB-nə qərara alınmışdır. MTE və PA Birliyinin Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyyəsində sağda, burnun belində, sağ şiyin qurşağı proyeksiyasında, sol qoltuqaltı xətt üzrə 9-10-cu qabırğa səviyyəsində qançırlar, burnun belində, sol dirsək oynağının bayır səthində sıyrıqlar küt əşyanın təsirindən əmələ gəlmiş, müddəti xx.xx.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə təqdim edilmiş sübutlara və izahatlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirməklə İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması ekspert rəyi və özünün etirafedici izahatı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddə üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və tələbə olmasını Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Tərəflər həmkəndli olmaqla onlar arasında hazırda gərgin münasibət mövcud olsa da, bu gələcəkdə münasibətlərin normallaşması halını istisna etmir. İnzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi isə tərəflər arasında mövcud olan gərgin münasibətin daha da gərginləşməsinə gətirib çıxara bilər ki, bu hal da yolverilməz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar