Məhkəmə qərarları › İş №3(056)-1331/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1331/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1331/2025 18.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2009-cu ildə Sabirabad rayonunun Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məktəbli, Sabirabad rayonunun Güdəcühür kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə 15 avqust 2025-ci il tarixli MN ******* nömrəli «İnzibati xəta haqqında protokol» baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işin baxılmasına hazırlanması zamanı müəyyən edildi ki, Şəxs azyaşlı olmaqla inzibati araşdırma onun qanuni nümayəndəsinin iştirakı olmadan həyata keçirilmiş, müdafiəçi ilə təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən, valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən, bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən, on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Sadalanan qanunvericilik normaları kontekstində hazırki inzibati xəta haqqında materiala yanaşdıqda inzibati xəta haqqında araşdırma aparıb inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik olan şəxsin qanunvericiliyin tələblərinə əməl etmədən, natamam araşdırma aparmaqla inzibati xəta haqqında protokolu tərtib edib baxılması üçün məhkəməyə təqdim etdiyi aydın olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində inzibati araşdırma natamam həyata keçirildiyindən toplanmış materiallar natamam hesab edilməli və həmin natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində olan inizbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabirabad rayon Polis şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabirabad rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar