Məhkəmə qərarları › İş №3(056)-1332/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1332/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1332/2025 18.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Sabirabad RPŞ-nin sahə rəisi Xalis Kərimovun, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs və vəkili X2 iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Qasımbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol məhkəməyə daxil olmuşdur. Daxil olmuş protokola görə, Şəxs xx.xx.2025-ci il tarixdə Muğan prospektində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, heç bir inzibati xəta törətməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində Muğan prospektində idarə etdiyi “Qazel” markalı avtomobillə avtomobil ustasının işlədiyi yer istiqamətində dönmə hərəkəti edərkən arxa tərəfdən gələn “Kia Rio” markalı avtomobil işıqları ilə ona dayanma işarəsi vermiş və o, avtomobilini saxlamışdır. Həmin avtomobildən bir nəfər mülki geyimli şəxs düşmüş və ona yaxınlaşaraq niyə avtomobilini onların idarə etdiyi avtomobilin üzərinə sürməsini, onları hansı səbəbə sağdan manevr edib keçdiyini, onların polis əməkdaşı olmalarını görmədiyini soruşmuş, ona avtoxuliqan olduğunu bildirmiş, o, qarşısındakı avtomobilin dairədə dönəcəyini zənn etdiyi üçün sağa manevr edib hərəkət etdiyini, avtoxuliqan olmadığını bildirmiş, söhbət əsnasında siqaret yandırmış, çəkdikdən sonra gərginləşdiyi üçün siqareti yerə atmış, bu zaman həmin şəxs ona siqareti niyə yerə atdığını, onlara niyə hörmətsizlik etdiyini demiş, o, isə hörmətsizlik etmədiyini gərgin olduğunu bildirmiş, bundan snora onlar ona şöbəyə getməyi təklif etmiş, o, hansı səbəbə şöbəyə getməli olduğunu soruşmuşdur. Həmin şəxs ona həm siqareti yerə atıb onlara hörmətsizlik etdiyinə görə, həm də avtoxuliqanlıq etməsi ilə bağlı görüntülərin ona göstəriləcəyi ilə bağlı şöbəyə gedəcəyini bildirmişdir. O, imtina edərək PPX çağırmalarını, onlarla gedəcəyini bildirmişdir. Bun dan sonra oraya PPX əməkdaşları dəvət edilmiş və o, həmin əməkdaşlarla şöbəyə gəlmişdir. Göstərdiklərinə əsasən o, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs vəkili X1 Əsgərlinin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 bildirdi ki, o, Sabirabad RPŞ-nin PPX-də polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixində xidmət yoldaşı X5 prospektində hərəkətdə olarkən qarşıda tıxac yaranmasını görüb sağa dönmək istəyərkən arxa istiqamətlərində olan “Qazel” markalı avtomobilin sürücüsü avtomobilini qəfil sağ istiqamətdə çıxararaq qəza şəraiti yaratmaqla hərəkətini davam etdirmişdir. Buna görə onlar həmin şəxsi saxladıb hərəkətinin səbəbini soruşmuşlar və ona qəza şəraiti yaratdığını izah etmişlər. O, mülki geyimdə olsa da, Bəxtiyar formada olmuşdur. Sürücü Rahul onların suallarına aqressiv cavablar vermiş, hətta cavab verə-verə çəkdiyi siqareti yerə atmışdır. Ona siqareti yerə atmağın qanunazidd olduğu bildirilmiş, o, “nə edim, cibimə qoyum?” deyə cavab vermişdir. Onun davranışı səbəbi ilə o, şöbəyə dəvət edilmiş, lakin sürücü aqressiv hərəkətlərini davam etdirərək onlarla şöbəyə getməkdən imtina etmişdir. Bundan sonra oraya PPX avtomobili dəvət edilmiş və şəxs şöbəyə gətirilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli düzgün tövsif edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi halını isə məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, şəxsin əməli şahid ifadəsi ilə öz təsdiqini tapmaqdadır. Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və yaşını (cavanlığını) Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinin tələbini (Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır) nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi mümkün hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 15 avqust 2025-ci il tarixdə saat 20:30 radələrində tutulmuş, 17 avqust 2025-ci il tarixdə saat 19:50 radələrində azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun təxminən 2 gün müddətində inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə məbləği inzibati həbsdə saxlanıldığı müddətlə kompensasiya edilməklə 150 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək s 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 50 (əlli) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar