Məhkəmə qərarları › İş №3(056)-1338/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1338/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1338/2025 18.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs və vəkili X3 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol məhkəməyə daxil olmuşdur. Daxil olmuş protokola görə, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanın qarşısında ucadan nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, heç bir inzibati xəta törətməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində özü şöbəyə Amid müəllimlə görüşməyə getmiş və orada onu iki gün saxladıqdan sonra sənədə imza etməsini, bundan sonra buraxılacağını bildirmişlər. O, imza etməmiş, daha sonra ona polisə tabesizlik göstərməsini bildirmişlər. Şöbəyə getməsinin də səbəbi o olmuşdur ki, həmin gündən bir neçə gün əvvəl onunla qonşuluqda yaşayan İlqar adlı polis əməkdaşı telefonda ona şəkil göstərib həmin şəxsi tanıyıb-tanımadığını soruşmuş, o, Əzizağa olduğunu bildirmiş, polis əməkdaşı da ona həmin şəxsin dana oğurlamasını bildirmişdir. O, bir neçə gün əvvəl xidmət haqqı qarşılığında Əzizağanın sifarişi ilə Ağcəbədi rayonuna dana aparmasını xatırlayıb onun yanına getmiş, dananın oğurluq olubolmadığını soruşmuş, daha sonra dana sahibini tapıb Əzizağa ilə həmin şəxsi danışıb malın dəyəri barədə onları razılaşdırmış, sonra İlqara oğurluq edənin Əzizağa olduğunu bildirmiş, Amid müəllimin yanında olmuş, Amid müəllim ondan bu işin həll olunmasında köməklik etməsini xahiş etmiş, o, hətta polis əməkdaşları ilə Ağcəbədiyə heyvan alan şəxsin də yanına getmiş, o da polislərə heyvanı Əzizağadan almasını bildimişdir. xx.xx.2025-ci ildə də bu işlə bağlı Amid müəllimin yanına özü getmişdir. Onun ünvanına hər hansı polis əməkdaşı gəlməmiş və o, nalayiq ifadə işlətməmişdir. Əgər polis şöbəsinin kamera görüntüləri çıxarılarsa, qapı poltundakı qeydiyyat dəftəri götürülərsə, onun özünün sərbəst qaydada saat 09-10:00 radələrinə şöbəyə getməsi aydın olar. Özü İİ qrup əlildir. Müharibə iştirakçısı olmuşdur. Göstərdiklərinə əsasən o, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs vəkili X2 Bağırovun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 bildirdi ki, o, Sabirabad RPŞ-nin Cinayət-Axtarış şöbəsinin əməliyyatçısı vəzifəsində işləyir. X10 rayon ərazisində baş vermiş heyvan oğurluğu ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında 16.08.205-ci il tarixində o, Şamillə birgə Şəxs yaşadığı ünvana getmiş, Şəxs qapısının ağzında onlarla mübahisə edərək, heyvan oğurlayan Əzizağa olduğu halda onun arxasınca niyə gəlmələrini bildirmiş, Əzizağanın ünvanın nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Samiri nizam-intizama dəvət edib yenə də şöbəyə getməsini təklif etsələr də, Samir onların tələbinə tabe olmamışdır. Bundan sonra onlar Samiri şöbəyə gətirib təhvil vermişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 RPŞ-nin Cinayət-Axtarış şöbəsinin əməliyyatçısı vəzifəsində işlədiyini qeyd edərək, şahid qismində dindirilmiş X8 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli düzgün tövsif edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi halını isə məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, şəxsin əməli şahid ifadələri ilə öz təsdiqini tapmaqdadır. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənın əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş Şəxs daha ciddi xətaya görə İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinin tələbini (Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır) və əlillik dərəcəsini nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi mümkün hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 16 avqust 2025-ci il tarixdə saat 12:30 radələrində tutulmuş, 18 avqust 2025-ci il tarixdə saat 12:30 radələrində azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun təxminən 2 gün müddətində inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə məbləği inzibati həbsdə saxlanıldığı müddətlə kompensasiya edilməklə 100 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 100 (bir yüz) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar