Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1344/2025 19.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Sabirabad RPŞ-nin Qaragüney PB-nin sahə rəisi Tural Kərimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Sabirabad rayonunun Yaxa Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə Şirvan şəhəri X5 İdarəsində yanğınsöndürən vəzifəsində işləyən, Sabirabad rayonunun Yaxa Dəllək kəndində qeydiyyatda olmaqla Sabirabad rayonunun Qarağac kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney PB-dən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney PB-dən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol məhkəməyə daxil olmuşdur. Daxil olmuş protokola görə, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:20 radələrində Qarağac kəndində “Oba Market”in qarşısında səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək özünü təqsirli bilməyib bildirdi ki, xx.xx.2025-ci ildə gecə saatlarında üzqırxan almaq üçün yaşadığı evdən çıxaraq kənddə yerləşən “Oba Market”ə getmiş, orada həmkəndlilərini görüb başı onlarla söhbətə qarışmışdır. Bu zaman polisin xidməti avtomobili onlara yaxınlaşmış, avtomobildə olan sahə rəisi kobud formada gecənin bu vaxtında orada nə iş görmələrini soruşmuş, o, gecə vaxtı çöldə gəzməyin qadağan olunub-olunmadığını soruşmuş, daha sonra həmin əməkdaş kobud formada onu yanına çağırmış, o, həmin şəxsin yanına gedərkən əlində siqaret olmuşdur. Polis əməkdaşı iki dəfə təkidlə ondan siqareti yerə atmasını tələb etdiyi üçün o, siqareti yerə atmışdır. Polis əməkdaşına yaxınlaşdıqdan sonra onu sanki zibil torbasını atırmış kimi xidməti avtomobilə mindirib bölməyə aparmışlar. Orada siqareti yerə atmasına görə ona cərimə yazmışlar. Daha sonra isə səhərə kimi onu orada saxlayıb məhkəməyə gətirmişlər. O, nə ictimai qaydanı pozmuş, nə də polisin qanuni tələbinə tabesizlik etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 bildirdi ki, 2-3 gün əvvəl vətəndaş X2 olduğu marketin qarşısında hadisə baş vermiş, həmin zaman market ətrafında yaşayan şəhid anası və bir neçə sakin gecələr cavan uşaqların marketin qarşısına yığışıb səs-küy salmalarından narazılıqlarını ifadə etmiş, buna görə də həmin zamandan göstərilən ərazi gecə saatlarında tərəflərindən yoxlanılmağa başlamışdır. xx.xx.2025-ci il tarixində saat 01:20 radələrində xidməti avtomobili o, idarə etmiş, avomobildə sahə rəisi Tural Kərimov və əməliyyat müvəkkili Xəyyam Cəfərli olmuşdur. Qeyd edilən marketin yanından keçərkən marketin yanında bir neçə cavan uşaqların yığılmasını görüb onlara yaxınlaşmışlar. Sahə rəisi Tural Kərimov bu saatda nə etdiklərini soruşmuş, həmin şəxslərin içərisindən sonradan adını bildiyi Şəxs “28 yaşım var, mən uşaq deyiləm, gecə vaxtı küçədə dayanmaq üçün icazə almaq lazımdır?” deyə cavab vermiş, sahə rəisi onu yanına çağırmış, həmin şəxs damağında siqaretlə yaxınlaşarkən sahə rəisi bu hərəkətini ona irad bildirmiş, o, siqareti yerə atmışdır. Daha sonra Samir uca səslə sahə rəisi ilə mübahisə etməyə başlamışdır. Sahə rəisi onu intizama dəvət etsə də, o, tabesizlik göstərmişdir. Buna görə də onu xidməti avtomobillə bölməyə aparmışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 RPŞ-nin Qaragüney PB-də əməliyyat müvəkkili vəzifəsində işlədiyini vurğulayaraq, şahid X6 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təklifi əsasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, Samir onun məhlə uşağıdır. xx.xx.2025-ci il tarixində gecə saat 01 radələrində o, Samir və bir neçə qonşu uşaqlar “Oba Market”in yanında dayanıb söhbət edərkən polis avtomobili onlara yaxınlaşmış, polislərdən biri bu saatda nə iş gördüklərini soruşmuş, Samir gecə saatlarında küçədə dayanmağın qadağn olunmadığını bildirmiş, həmin şəxs Samiri yanına çağırmışdır. Samir həmin polis əməkdaşının yanına gedərkən polis əməkdaşı əlindəki siqareti yerə atmasını iki dəfə tələb etmiş, Samir siqareti yerə atmışdır. Bundan sonra polis əməkdaşı ona siqareti yerə atmasını irad bildirmiş, Samir polis əməkdaşına onun təklifi əsasında siqareti yerə atdığını bildirmiş, daha sonra Samirlə polis arasında sözlə bir qədər mübahisə olmuş və Samiri bölməyə aparmışlar. Məhkəmə şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai yerdə kənar şəxslərin yanında və gecə saatlarında polis əməkdaşı ilə mübahisə etmişdir. Bu fakt şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə yanaşı, Şəxs təklifi əsasında şahid qismində dindirilmiş Şahid də ifadəsi ilə öz təsdiqini tapmaqdadır. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmiş, Şəxs İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elemetlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törətdilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcələnin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi üzrə Şəxs əməlində nə inzibati xəta hadisəsi, nə də inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs İXM-nin 510-cu maddəsi ilə barəsində başlanmış icraata münasibətdə onun ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinin tələblərinə uyğun olaraq məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri deyil, inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bu qənaətin əsasını isə yuxarıda qeyd edilmiş və cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış xüsusatlar təşkil etməlidir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə saat 01:15 radələrində tutulmuş, barəsində inzibati xəta haqqındsa iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim edilənədək azad edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun təxminən 16 saatdan artıq müddətdə inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehi inzibati həbsdə saxlanıldığı müddətə uyğun kompensasiya edilməklə 50 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 12, 32, 33, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 50 (əlli) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1344/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1344/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver