Məhkəmə qərarları › İş №3(056)-1400/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1400/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1400/2024 27.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1957-ci ildə Kürdəmir rayonunun Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, "xxxx" MMC-də sərəncamverici direktor vəzifəsində işləyən, Sabirabad şəhəri, Nizami küçəsi, 44 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(121)-75/2024 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(121)- 75/2024 saylı icra vərəqəsinə əsasən, "xxxx"xxxx"xxxx" MMC-nin direktoru Şəxs auditor xidməti göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli AP No 000020 saylı müqavilə üzrə audit fəaliyyətinin göstərilməsinə dair hər hansı məhdudiyyətin qoyulması qadağan edilməli və "xxxx" MMC-də “Auditor Xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun auditorun fəaliyyətinə şərait yaradılmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə onun icraatına daxil olmuş, o, borclu ilə telefon əlaqəsi saxlamış, icra sənədinin mahiyyəti barədə borcluya məlumat verib müəssisəyə icra işinin icrası ilə əlaqədar sabah gəlmək istədiklərini bildirmiş, borclu yas mərasimləri olmasını, birigün gəlmələrini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, tələbkar tərəf, auditor ilə birgə müəssisəyə getmiş, borclu da gəlmiş, lakin auditora auditor fəaliyyətinin həyata keçirilməsinə şərait yaratmamış, sənədləri təqdim etməkdən imtina etmiş, əsas kimi sənədlərin vəkilində olmasını bildirmişdir. Daha sonra ona “Asan imza”sı vasitəsi ilə vergi, DSMF, Bank, gömrük sənədlərinin portal vasitəsi ilə götürülüb istifadə edilməsi təklif edilmiş, o, bundan da imtina etmiş, cücə və yumurtaların sayımına da karantin rejimi tətbiq edilməsini bildirib şərait yaratmamışdır. Ona görə də o, hazırki protokolu tərtib etmişdir. Məhkəmə iclasının vaxtı barədə də telefonla borcluya bildirmiş, lakin o, xəstə olduğunu bildirərək məhkəmə iclasına gəlməyəcəyini demişdir. Məhkəmə inzibati xəta haqqında materiala Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs bildiriş, təqdim edilmiş, o, bildirişi qəbul etməkdən imtina etmiş, hər hansı sənədi imzalamayacağını qeyd etmiş, məhkəmə işləri ilə əlaqədar bütün mühasibat sənədlərinin məhkəmədə və vəkilində olduğundan bu gün sənəd təqdim edə bilməyəcəyini demiş, “Asan imza”sı vasitəsi ilə vergi, DSMF, Bank, gömrük sənədlərinin portal vasitəsi ilə götürülüb istifadə edilməsi təklif edilmiş, o, bundan da imtina etmiş, avadanlıqların bə sair əmlakların sayılması, baxış keçirilməsinə şərait yaradacağını bildirsə də, sonradan bundan imtina etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində barəsində minimum həddə cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1200 (bir min iki yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar