Məhkəmə qərarları › İş №3(056)-1428/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1428/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1428/2023 04.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs, Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonu Əsədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Əsədli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X3 tərəfindən məhkəməyə verilmiş protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Polis Şöbəsinin YPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla nalayiq ifadələr işlətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ-2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində hərəkətdə olan zaman YPX avtomobilini görüb onları saxlatdırmış, ondan əvvəl ondan pul almaqlarını, buna görə də bundan sonra onun idarə etdiyi avtomobili saxlatmamaları xx.xx.2023-cü il tarixdə ona məxsus **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Ülvi Əlizadə idarə edən zaman Sabirabad şəhər ərazisində H.Əliyev prospektində Yol Patrul Xidmətinin əməkdaşları saxlayaraq sənədlərini yoxlayan zaman avtomaşında qabaq tərəfdə əyləşən Rifat Mahmudova təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün protokol tərtib etmişlər. Sonra oğlu Ülvi evə gələrək ona bu barədə deyəndə o, əsəbləşmişdir. Sabirabad RPŞ-yə gələrək orda olan YPX-nin əməkdaşı Mirsahib adlı şəxslə bir qədər söhbət etdikdən ona bir qədər uca səslə iradını bildirərək onda olan videolarını paylaşacağını bildirmişdir. O, polis əməkdaşlarının hər hansı bir qanuni tələbini pozmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Sabirabad RPŞnin DYPB-nin YPXİ-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Faiq Cəfərovla RPŞ-nin yaxınlığında xidmətdə olan zaman Cavad kənd sakini olan Şəxs adlı şəxs onlara yaxınlaşmış, onlara qərəzli olaraq oğlu Ülviyə protokol yazılıb cərimə olunduğunu bildirərək onu şantaj etmişdir. Onlar ona sakitləşməyi və protokolla razılaşmadığı halda şikayət verə biləcəyini bildirildikdə, sonuncu daha da qərəzli mövqe göstərərək onları nalayiq ifadələrlə söymüş, onu nizam-intizama dəvət edən zaman hərəkətlərini davam etdmişdir. O da sonuncu barəsində tədbir görülməsi üçün rəhbərliyə raportla müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri. H.Əliyev prospektində uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Göründüyü kimi Şəxs ictimai qaydanı pozduğu və cəmiyyətə hörmətsizlik göstərdiyini başa düşmüş və bunu arzu etmişdir. Bununla da o, İXM-nin 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmişdir. Lakin, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmişdir. Polis əməkdaşının qanuni tələbinə tabe olmama faktının mövcudluğunu hətta inzibati xəta törətmiş şəxsin onun qanuni tələbinə qəsdən tabe olmadığını iddia edən polis əməkdaşı belə izah edə bilməmişdir. Göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat apaılan şəxsin və şahidin izahatlarından görünür ki, Şəxs polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən «onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi Şəxs hərəkətlərində mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində olan hazırkı işin İXM-nin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilməlidir. Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı onun özünün izahatı ilə tam sübuta yetirilmişdir. Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində müəyyənləşdirilmiş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində müəyyənləşdirilmiş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (inzibati cərimə növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və İXM-nin 31.4-cü maddəsinin tələbini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrindən Sabirabad RPŞ-də saxlanılmışdır. Ona görə də, məhkəmə İXM-nin 89.5-ci maddəsinin tələbinə (inzibati qaydada tutma müddəti inzibati xətanı törətmiş şəxsin protokol tərtib etmək üçün gətirdiyi vaxtdan, sərxoş halda olan şəxsin isə ayıldığı vaxtdan hesablanır.) əsasən hesab edir ki, həbs etmənin əvvəlinin şəxsin tulduğu vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və o, 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2023-cü il tarixdən saat 21:00dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar