Məhkəmə qərarları › İş №3(056)-1428/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1428/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1428/2024 04.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sabirabad rayon Prokurorunun böyük köməkçisi Mikayıl Müşviqin iştirakları ilə xx.xx.1955-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, təaqüdçü, Sabirabad rayonunun Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol məhkəməyə daxil olmuşdur. Daxil olmuş protokola görə, Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin DYPB-nin inzibati binasında söyüşlər söymüş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək özünü təqsirli bilməyərək bildirdi ki, bir gün əvvəl oğlu “VAZ 2121” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, avtomobil dayanacağa yerləşdirilmişdir. Oğlunu həmin günü buraxmışlar. Səhəriu günü, yəni bu gün onun da avtomobilə dair etibarnaməsi olduğu üçün avtomobili dayanacaqdan çıxaqrmaq üçün DYPB-nə getmiş, orada Cəlal adlı inspektorla görüşmüş, avtomobili çıxarmaq istədiyini bildirmiş, Cəlal ondan 500 manat pul tələb etmişdir. O, 100 manat pulu olduğunu, qalan pulu da oğlu ilə danışıb ona kart atmasını, oğlunun həmin karta pul atmasını, qardaşı ürək əməliyyatı olduğundan və vəziyyəti ağır olduğundan avtomobili götürmək istədiyini bildirmişdir. Lakin Cəlal onunla razılaşmamış, 500 manat pulu götərdikdən sonra avtomobili apara biləcəyini demişdir. Bu hadisələr inzibati binanın dəhlizində baş vermişdir. O, etiraz edəndə içəridən bir otaqdan mayor rütbəli, sonradan DYPB-nin rəisi Müşfiq adlı şəxsin olduğunu öyrəndiyi şəxs çıxaraq ona “ə, çalsaqqal nə istəyirsən, bura gəl görüm” demiş, o, bu sözə irad bildirib həmin şəxsin yanına getməmiş, həmin şəxs ona yaxınlaşaraq pencəyinin çiyin hissəsindən tutub sürüyərək öz xidməti otağına aparmış, orada onun sağ əl barmaqlarını tutub geriyə burmağa başlamış, o, güclə onun əlindən çıxmışdır. Bundan sonra həmin şəxs onu söyüb təhqir etmiş, daha sonra digər polis əməkdaşlarını çağırıb onu şöbəyə aparmalarını tapşırmışdır. O, yaşlı insandır. Namaz qılır. Əsla söyüş, nalayiq ifadə işlətmir. Ona görə də o, özünü heç bir maddə üzrə təqsirli bilmir. Əksinə o, təzyiqə və təhqirə məruz qalmışdır. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 bildirdi ki, o, Sabirabad RPŞ-nin DYPBnin Baş Dövlət Avtomobil müfəttişi vəzifəsində işləyir. O, Əlimirzə kişini əvvəllərdən tanıyır. Bir gün əvvəl onun oğlu avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılmış, bu gün atası Əlimirzə kişi avtomobili dayanacaqdan çıxarmaq üçün gələrək ona yaxınlaşmış, bu istəyini ona bildirmiş, o da cəriməni ödəməyi tələb etmişdir. Söhbət əsnasında rəis Müşfiq müəllim gəlmiş, nə məsələ olduğunu soruşmuş, Əlimirzə kişini otağına dəvət etmişdir. Rəisin otağında nə baş verməsindən məlumatsızdır. Əlimirzənin orada söyüş söyüb söymədiyini xatırlamır. Əlimirzəyə də nəsə təhqiramiz ifadə işlədilməsini xatırlamır. Növbədən çıxdığı üçün bir qədər yuxuludur deyə xatırlamır. Əlimirzə kişi orada bir qədər ucadan danışmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 bildirdi ki o, Sabirabad RPŞ-nin DYPBnin rəisi vəzifəsində işləyir. Bu gün səhər saat 9-a qalmış o, işə gəlmiş, bu kişini həyətdə görmüşdür. Bu adam işçilərlə söhbət edirdi. O, həmin şəxsə bir qədər kənara çəkilməsini işçilərə sözü olduğunu bildirmiş, sözünü dedikdən sonra xidməti otağına getmişdir. 15 dəqiqə sonra dəhlizdə səs-küy eşitmiş, səs-küy bir qədər də davam etdiyindən otaqdan çıxaraq həmin şəxsi otağına dəvət etmiş, nə baş verməsini soruşmuş, həmin şəxs qışqıra-qışqıra danışdığı üçün ondan qışqırmamasını tələb etmiş, lakin o, yenə də qışqıra-qışqıra danışmağa davam etmişdir. Bundan sonra o, həmin şəxsə raport yazıb şöbəyə aparacağını bildirmiş, həmin şəxs ona darıxmamasını, onları 30000 manat ziyana salacağını bildirib hədələməyə başlamışdır. O, işçiləri çağırıb şəxsi şöbəyə aparmalarını tapşırmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 bildirdi ki, o, YPX inspektoru vəzifəsində işləyir. Bu gün səhər saatlarında DYPB-nin yaxınlığında xidməti avtomobilin yanında olarkən inzibati binadan yüksək səs-küy gəlməsini eşitmiş, Bölməyə yaxınlaşmışdır. Yaxınlaşanda görmüşdür ki, bu kişi, rəis və Cəlal oradadır. Rəis ona bu kişini şöbəyə aparmaq lazım olduğunu bildirmiş, digər YPX inspektoru Elnur və o, həmin şəxsi aparıb Növbətçi Hissəyə təhvil vermişlər. Bundan sonra İTB-də olmuşlar və izahat vermişlər. Orada heç bir hadisə baş verməmişdir. O, bu şəxsin söyüş söyməsini eşitməmişdir. Yalnız səs-küyü eşitmiş, heç bir şey görməmişdir. Lakin bu kişi əsəbi idi. Sabirabad rayon Prokurorunun böyük köməkçisi Mikayıl Müşviq bildirdi ki, inzibati materialın məhkəmə araşdırmasının yekun nəticəsində müəyyən olunur ki, Şəxs heç bir inzibati xəta hadisəsi törətməmişdir. İzahat vermiş şəxslər də konkret xəta baş verməsi barədə bir şey deyə bilmədilər. Bundan əlavə, həmin şəxslər bir başa işdə maraqlı olan şəxslər kimin nəzərə alınmalıdırlar. Hadisə baş vermişdirsə, ən azı bir mülki şəxs də görməli idi. Göstərdiklərinə əsasən o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ictimai qaydanınn pozulmasını və ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində hazırki inzibati xəta tərkibi olmasını təsdiq edəcək hər hansı sübut (videogörüntü və s.) məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin dispozisiyasında nəzərdə tutulmuş əsasların olması və mövcudluğu öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elemetlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törətdilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcələnin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri üzrə Şəxs əməlində nə inzibati xəta hadisəsi, nə də inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 12, 32, 33, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci il maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar