Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1444/2024 09.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin Qaragüney PB-nın X1 sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1959607№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X5 PB-nın X1 sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1959607№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə 20 radələrində şəxsi münasibətlərin pozulması səbəbindən əmisi oğlu Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu ağac parçası ilə vuraraq, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1959607№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib, izahatında bildirmişdir ki, Vaqif onun əmisi oğludur və Vaqifin və sonuncunun atası Vilayətin onun əmisi Şahlar ilə aralarında uzun müddətdir ki, su arxına görə münaqişə yaşanır. Təxminən 2023-cü ilin sentyabr ayında Vaqifin atası Vilayət əmisi Şahların istifadə etdiyi avtomobil yolunu bağlamaq məqsədi ilə su arxının yanından keçən avtomobil yolunun üzərindən mişar daşından hasar hörmüşdür. Həmin hasar hörüldükdən sonra o, sahəsinə su açmaq üçün təxminən 2 kilometr əlavə yol getməli olmuşdur. O bu barədə bələdiyyə sədrinə demişdir. İcra başçısının göstərişi əsasında komissiya yaradılmış və həqiqətən də Vilayətin onun sahəsinə gələn su arxının qarşısını kəsməsi barədə akt tərtib edilmişdir. Lakin o, şikayətini davam etdirməmişdir. 25 oktyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində özünə məxsus avtomobil ilə kənd ərazisində olan Aqil adlı şəxsə məxsus ərzaq mağazasına getmişdir. Mağazanın qarşısında avtomobildən düşüb mağazada işləyən Fuadla söhbət edən zaman arxadan kiminsə "əmi oğlu bir dəqiqə bura gəl" dediyini eşitmişdir. Arxaya baxanda həmin şəxsin Vaqif olduğunu görmüşdür. Vaqif onu çağırıb mağaza ilə üzbəüz olan parka girmiş, o da Vaqifin arxasınca parka daxil olduqda, Vaqifin parkda onu gözlədiyini görmüş və Vaqifin yanına çatanda Vaqif ona heç bir söz demədən uca səslə ünvanına nalayiq ifadələr işlətmiş, yumruqla onun üz nahiyəsinə vurmuşdur. O Vaqifin onu vuracağını düşünmədiyi üçün özünü müdafiə edə bilməmiş və yerə yıxılmışdır. Ayağa qalxmış bu zaman Vaqif təpiklə onun sağ diz nahiyəsinə vurmuş və onu söyüb təhqir etməkdə davam etmişdir. Ağrının təsirindən o, yenidən yerə yıxılmış və huşunu itirmişdir. Bir neçə dəqiqə sonra özünə gəldikdə mağazanın sahibi Aqilin və bir neçə şəxsin Vaqifi tutaraq oradan uzaqlaşdırmaq istədiklərini görmüş, lakin Vaqif nalayiq ifadələr işlətməkdə davam edərək onlara da müqavimət göstərərək ona hücum etmişdir. O çətinliklə ayağa qalxdıqdan sonra Vaqif Aqil və digər şəxslərin əlindən çıxaraq yenidən onun üzərinə gəlmiş və onu tutub yuxarı qaldıraraq yerə çırpmışdır. Bundan sonra Aqil Vaqifi tutaraq oradan aparmışdır. Lakin Vaqif oradan uzaqlaşanadək onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Əlavə olaraq qeyd edir ki, əmisi oğlunu vurmamış, ümumiyyətlə ona toxunmamışdır. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən kəndə gəlmişdir. Kazımın onlara gələn su arxının qarşısını bağladığını buna görə də evlərində söz-söhbət olduğunu görmüşdür. Həmin gün axşam saat təxminən 20 radələrində Kazıma zəng edərək kəndin ərazisindəki mağazanın qarşısına gəlməsini söhbət etmək istədiyini bildirmişdır. Özü də mağazanın qarşısına getmişdir. Bir qədər sonrada Kazım mağazanın qarşısına gəlmişdir. O Kazımı gördükdən sonra parka daxil olmuş, Kazım da onun arxasınca parka gəlmişdir. O Kazıma salam vermişdir. Bundan sonra Kazıma nə üçün söz-söhbət yaradırsan suyun qarşısını nə üçün kəsmisən demişdir. Kazım da ona "sən problem həll edənsən" demişdir. O da Kazıma "sən bizim həyətimizdən keçib həyətini suvarırsan" demişdir. Kazım da ona keçmədiyini bildirmişdir. O da Kazıma "yalançını söyərəm" demişdir. Kazım da onun vəfat etmiş anasını təhqir edərək əynindəki pencəyinin altından ağacı çıxardıb sol qoluna bir dəfə vurmuşdur. Sonra həmin qoluna təpik vurmuşdur. Şəxs ilə barışmadığını və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 745№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər sağ əlin üst səthində sıyrıq küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə 20 radələrində şəxsi münasibətlərin pozulması səbəbindən əmisi oğlu Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu ağac parçası ilə vuraraq, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkimiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1959607№-li protokolla, inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş işin halları və xx.xx.2023-cü il tarixli 745№-li tibbi rəyi, zərərçəkmiş şəxsin izahatı, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını, toplanmış materiallara əlavə edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş işin halları və xx.xx.2023-cü il tarixli 745№-li tibbi ekspert rəyinə və inzibati işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İXM-nın tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1959607№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-1444/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1444/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver