Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1471/2025 12.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Sabirabad rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə inspektoru, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1971-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad şəhəri, E.Qasımov küçəsi ev 13-də qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan və protokola əlavə olunmuş sənədlərinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən Mələk adlı şadlıq sarayının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və səs-küy salaraq nalayiq söyüşlər söymüşdür. Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X4 inzibati xəta haqqında protokolun səbəbləri və əsası haqqında bildirdi ki, Sabirabad rayon sakini Şəxs sosial şəbəkədə qazilərin müavinətlərin artırılması ilə bağlı etdiyi paylaşımları bəyənərək rəy bildirmşdir. Buna görə də polis əməkdaşları həmin şəxslə Sabirabad şəhəri 20 yanvar küçəsində qarşılaşıb ona bu barədə bildirib, proflaktik söhbət aparmaq və həmin rəylərin silinməsi üçün polis şöbəsinə dəvət edən zaman o, polis əməkdaşlarına narazılıq edib həmin məlumatı polisə verən şəxsin ünvanına nalayiq ifadələr işlədərək ucadan səs-küy salmağa başlamışdır. Bu zaman polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini qərəzli şəkildə davam etdirdiyi üçün barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirib NH-yə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Sabirabad şəhəri 20 yanvar küçəsində işlətdiyi mağazada olarkən, iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edib sosial şəbəkədə Qazilərin müavinətinin artırılması ilə bağlı çıxışını “layk” etdiyini bildirmişlər. O, isə bunun cəfəngiyat olduğunu və belə bir şey etməməsini bildirmişdir. Polis əməkdaşı onu şöbəyə aparmalı olduğunu bildirdikdə, o, etiraz edərək “belə bir şeyə görə adamı polisə apararlar?” demişdir. Polis əməkdaşı onunla profilaktik söhbət ediləcəyini bildirdikdən sonra o, həmin polislərlə birgə piyada şəkildə şöbəyə gəlmişdir. O, bu yaşına qədər əsla nalayiq ifadə işlətməmişdir. Özü isə polisə müqavimət göstərəcək adam deyil. Əvvəla, həm polislərə hörmət edir, həm də özü yaşlı və xəstə adamdır. Göstərdiklərinə əsasən, o, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə hər hansı bir ictimai qayda pozulmamış, bu xüsusda polisin qanuni tələbinə tabesizliklə bağlı şəxsin əməlində tərkib yaranmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquq ədəbiyyatında ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İXM-nin 510-cu maddəsinin nəzərdə tutduğu mənada ictimai qaydanı pozma qiymətləndirici anlayışdır və pozuntunun mühümlüyünü və əhəmiyyətli olmasını ifadə edir. Bu anlayış özlüyündə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə əlamətini də ehtiva edir ki, məhz bu əlamət xuliqanlığın zəruri əlaməti hesab edilir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 1-ci bəndinə əsasən «Təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habeləözgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yaranır. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması iləvə ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur» Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür.Xuliqanlıq zamanı xəta töərətmiş şəxsin hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı şəxsə qarşı yönəlmiş olur. Xəta töərətmiş şəxsin bu əməli təsadüfən rastlaşdığı və tanımadığı və ya az tanıdığışəxslər barəsində törədir. Çox vaxt təqsirkar şəxs və şəxslərin davranışından xuliqanlıq hərəkətlərini həyata keçirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq mövcud olur. Azərbaycan Respubükası Konstitusiya Məhkəməsinin Plenumunun «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli Qərarı»-nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlanna uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki. ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Yuxarıda göstərilən anlayışlar kontekstində işin halları da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində göstərilən inzibati xətaların tərkibinin olmadığını təsdiq edir. Belə ki, araşdırma nəticəsində müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai qayda pozmaq niyyəti güdməmiş, onun hərəkətində ictimai qaydanın pozuntusu ilə bağlı tərkib mövcud olmamışdır. İctimai qayda pozulması ilə bağlı hərəkətlər mövcud olmadığı halda ictimai qaydanı müfahizə edən polis əməkdaşının qanuni tələbinə tabesizlikdən də söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar nəzərə alınmaqla X2 barəsində olan hazırki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1471/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1471/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver