Məhkəmə qərarları › İş №3(056)-1482/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1482/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1482/2023 24.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sabirabad rayonu, Bala- Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Sabirabad rayonu, Bala-Həşimxanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis X3 Bölməsindən Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis X3 Bölməsindən Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli MN 1855018№-li inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə görə, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndində Zərərçəkmiş şəxs1 məxsus evinin pəncərəsini sındırmaqla sonuncuya 100 manat ziyan vuraraq özgə əmlakını qəsdən məhv etmiş, bundan başqa o, xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞnin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamış və bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə AR DİN-nin 102 xidmətinə mənim barəmdə Zərərçəkmiş şəxs1 müraciət etmişdir. Zərərçəkmiş şəxs1 qaynatasıdır. Əvvəllər münasibətləri normal olsa da, sonradan Zərərçəkmiş şəxs1la ailədaxili münaqişə edərək, onu yola verməmişdir. Onun qızı Gülnar ilə 2016-cü il tarixdə ailə qurmuş, birgə nigahdan iki uşaqları vardır. Özü hazırda Qaradağ rayonunda yerləşən daş karxanasında fəhlə işləyir. Arvadı Gülnar ailə-daxili münaqişəyə görə ondan ayrılıb, hazırda atası Həsənin evində uşaqları ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadığı Bala-Həşimxanlı kəndinə gəlmiş, uşaqlarını görmək üçün qaynatası Həsənin evinə getmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs1 onu evinə qoymadığı üçün arvadı Gülnarı çağırmaq üçün evin pəncərəsinə daş atmışdır ki, çölə çıxsın. Lakin daş pəncərənin şüşəsini vurub sındırmışdır. Sonra pəncərənin şüşəsini sınmasını görüb, oradan uzaqlaşıb getmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evin pəncərəsini qəsdən daşla sındırmamış, hadisə ehtiyatsızlıqdan olmuşdur. Bundan başqa o, heç bir polis əməkdaşına müqavimət etməmiş, hər hansı qanuni tələbləri olmamışdır ki, əməl etməsin. Onu şöbəyə dəvət etmişlər, o, səbəbini soruşmuş, səbəbi bildikdən sonra polis əməkdaşları ilə birgə şöbəyə getmişdir. Göstərdiklərinə əsasən o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, Şəxs keçmiş kürəkənidir. O, qızı Gülnar ilə 2016-ci ildə ailə qurmuş, birgə nigahlarından iki övladı vardır. Sonradan ailədaxili münaqişələrə görə qızı Gülnar ərindən ayrılıb onun yanına uşaqları ilə birlikdə yerləşmişdir. Dəfələrlə evdə olmayan zaman Şəxs qızı Gülnarı və ailə üzvlərini narahat etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdə mətbəxtə çay içən zaman keçmiş kürəkəni Şəxs heç bir səbəb olmadan mətbəxin pəncərəsinin şüşəsini daşla vurub sındırmış, ona 100 manat ziyan vurmuşdur. O, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir və onun barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Qaragüney PB-nin sahə polis nəfəri Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, o, polis əməkdaşı Zərərçəkmiş şəxs2 ilə 102 Xidmətinə edilmiş şikayətlə bağlı Şəxs kafedə olmasını öyrənib onun arxasınca getmişlər. Xalid orada içki içirdi. Onu Bölməyə dəvət etmişlər. Xalid nə ilə bağlı dəvət olunduğunu soruşduqda, səbəbi izah etdikdən sonra Xalid onlarla birgə Bölməyə gəlmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Qaragüney PB-nin sahə polis nəfəri Zərərçəkmiş şəxs2 şahid Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə izahatları və ifadələri dinləyib, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması inzibati xəta haqqında protokol, sübutların qiymətləndirilməsi haqqında qərar və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş zərərçəkmiş şəxsə vurulmuş ziyanın bir misli həcmində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Digər tərəfdən, göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat apaılan şəxsin və şahidin izahatlarından görünür ki, Şəxs polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən «onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi X2 hərəkətlərində mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində olan hazırkı işin İXM-nin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və vurulmuş ziyanın bir misli məbləğində, yəni 100 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar