Məhkəmə qərarları › İş №3(056)-1526/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1526/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1526/2024 01.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Göyçay rayonunun İncə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Göyçay rayonunun İncə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunun Zəngənə kəndində 1 ədəd dövşan ovlayaraq ekologiyaya 11 manat ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin tələblərinə istinad edərək, inzibati xəta haqqında materiala barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində qeyd edilən inzibati xəta tərkibinin olması müəyyən edilməməkdədir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan X1 izahatından görünür ki, o, 2023-cü ilin oktyabr ayında İmişli rayonunda yerləşən Elmar adlanan ovçular mağazasından Türkiyə istehsalı olan ov tüfəngi almış, tüfəngi alarkən sənədləşdirmişdir. Tüfəngdə nasazlıq yaranmış, atəş açan zaman düzgün nişan almamış, bu səbəbdən mağazanın sahibi ilə telefonla danışmış, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində tanışları Zaur və Qisməti götürüb şəxsi “VAZ 2107” maraklı avtomobili ilə Göyçay rayonundan İmişli rayonuna gəlmişlər. İmişli rayonunda Elmar ona nişangahı düzgün tuşlamamasını bildirmiş, mağazadan əlavə patronlar almış, Göyçay rayonuna qayıtmışlar. Kürdəmir rayonu ərazisində havanın qaranlıq vaxtında avtomobili Seyran adlı qohumu idarə edərkən hara getdiklərini bilməmişlər. Asfalt yol ilə xeyli yol gedərkən yolu səhv saldıqlarını başa düşmüşlər. Avtomobildə qabaq sağ oturacaqda Qismət əyləşmiş, əlində fənərlə ətrafa işıq salmış, o, isə tüfənglə qamışlıq əraziyə atəş açmışdır. Avtomobillə 30-40 metr irəliyə gedərkən iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış, polis əməkdaşları olmalarını bildirib avtomobilin yük yerinə və salonuna baxmışlar. Tüfəng aşkar olunduğuna görə şübhələndikləri üçün polis şöbəsinə aparmışlar. O, tüfəngdən atəş açsa da, dovşan ovlamamışdır. İzahatları alınmış X2, Şəxs, X3 izahatlarını eyni məzmunda vermişlər. Beləliklə, hazırki inzibati xəta haqqında protokolun tərtib edilmə əsasını təşkil edən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Şəxs Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin tələblərinin pozuntusuna yol verməsi və əməlində həmin maddə üzrə xəta tərkibi olması barədə hər hansı sübut və hal qeyd edilməmiş, məhkəmə araşdırması zamanı da belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar nəzərə alınmaqla Şəxsnın barəsində olan hazırki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar