Məhkəmə qərarları › İş №3(056)-1526/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1526/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1526/2025 24.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Sabirabad rayonunun Azadakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025ci il tarixli, MN ******* nömrəli protokol məhkəməyə daxil olmuşdur. Daxil olmuş protokola görə, Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad RPŞ-nin DYPB-nin qarşısında ucadan nalayiq söyüş söyərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin sahə rəisi, polis kapitanı X5 inzibati xəta haqqında protokolun tərtib edilmə səbəbləri və əsası haqqında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs etdiyi qanunazidd hərəkətlərinə görə Sabirabad rayon Polis Şöbəsinə çağırılmış və orada DYPB-nin inzibati binasının otağında ona verilən suallar onu qane etmədiyi üçün nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək özünü təqsirli bilməyərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu, Qaratuğay kəndinə doğru idarə etdiyi QAZ 3302-18 yük markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman qarşıdan polis xidməti avtomobili ilə üz-üzə gəlmiş, polis avtomobili ona saxla əmri vermiş və o, saxlamışdır. Saxladıqları yer isə qəbirstanlığın qarşısı olmuş, həmin vaxt vəfat etmiş bir şəxsə qəbirstanlığa gətirirdilər. O, avtomobilini yolun qırağında, polis avtomobili isə yolun ortasında saxlamışdı. Bu zaman kənd camaatı polislərlə mübahisə etməyə başlamış və o, avtomobilini sürüb irəli getmiş, polis əməkdaşlarının arxasınca gəlmədiyini görüb öz işi ilə məşğul olmuşdur. Deyilənə görə yolda ona saxla əmri vermişlər. O, isə həqiqətən də bu əmri eşitməmişdir. Postdan dönüb evə getmişdir. Bundan bir xeyli müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə Sabirabad rayon X6 Polis Bölməsinə çağırılmış və ona avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməməsi irad tutulmuşdur. O, isə orada heç bir mübahisə aparmadan bildirmişdir ki, keçdiyi yerdə müşahidə kamerası var və 24/7 saat çəkiliş aparır, əgər o, avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməsəydi, bu an ona cərimə tətbiq edilərdi. Ondan sonra isə o, Bölmədən deyilənlər əsasında Sabirabad RPŞ-nin DYPB-nin YNH üzrə b/i polis mayoru Mehdi Muxtarovun yanına gəlmişdir. Mehdi Muxtarov xidməti otağında avtomobilin harada olmasını soruşmuş və o, cavabında bildirmişdir ki, avtomobil Bakı şəhərindədir. Həmin vaxt Mehdi Muxtarov sənədləri onun üzərinə tullayaraq avtomobili gətirməsini bildirmişdir. O, həmin şəxsdən avtomobili gətirməli olmasının səbəbini soruşmuş, Mehdi Muxtarov qışqıraraq onu otaqdan qovmuş, avtomobili gətirəndə gəlməsini bildirmişdir. O, çölə çıxan anda söz soruşmağa hüququ çatıb çatmadığını bildirmiş, Mehdi Muxtarov isə onun arxasınca çıxaraq onu təhqir etməyə başlamışdır. Daha sonra onun tapşırığı əsasında onu aparıb polis şöbəsinə təhvil verərək orada 2 gün saxlatdırmışlar. O, orada olan zaman heç bir hüquqi pozuntuya yol verməmiş, orada nalayiq ifadələr işlətməmiş və polisin qanuni tələbinə riayət etmişdir. Sadəcə bildirmişdir ki, onun danışmaq hüququ var ya yox? Orada başqa bir şey olmamışdır. Özünü təqsirli bilmir. Ailəli olmaqla himayəsində 3 azyaşlı övladı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin DYPB-nin YNH üzrə b/i polis mayoru X3 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında bir yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxtı xidməti otağında yol nəqliyyat hadisəsini sənədləşdirirərkən otağa sonradan adını bildiyi Şəxs yanında bir nəfər yaşlı şəxslə onun xdiməti otağına daxil olmuşlar. O, əvvələr Şəxs tanımamışdır. O, daxil olmuş raporta əsaslanmaqla Şəxs idarə etdiyi QAZ 3302-18 yük markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin harada olmasını soruşduqda, Şəxs Bakı şəhərində olduğunu demişdir. O, da ona dünən sabah idarə etdiyi QAZ 3302-18 yük markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Sabirabad RPŞ-nin DYPB-də olmasının bildirildiyini demişdir. Çünki həmin avtomobilin saxlanma səbəbi var və həmin avtomobilə baxış və ekspert keçirilməsi zərurəti yaranmışdır. Bundan başqa ekspert rəyindən sonra onun barəsində tədbir görülməlidir. Şəxs isə uca səslə bildirmişdir ki, onun avtomobili ümumiyyətlə oraya gəlməyəcəkdir, onun barəsində səhv raport yazmışlar, onun təhlükəsizlik kəmərindən istifadə etməməsi göstərilmişdir, halbuki o, təhlükəsizlik kəməri taxmışdır. O, Şəxs bunları burada şifahi ona deməməsini və onun xidməti vaxtını almamasını, idarə etdiyi avtomobilə dair ekspert təyin olunmalı və barəsində inzibati tənbeh görülməli olduğunu bildirmişdir. Bunları Şəxs izah etdikdən sonra sonuncu onu orada olan vətəndaşların yanında hədələməyə başlamış, daha sonra isə nalayiq ifadələr işlətmişdir. O, Şəxs arxası ilə xidməti otağından çıxararaq nəyə görə bu ifadələri işlətdiyini irad tutmuş, Şəxs əməllərini davam etdirərək ona qarşı təkrarən hədə-qorxu gələrək bildirmişdir ki, gör ona nə edəcəkdir. Aqil dövləti hədələmiş, bu dövlətdə yaşamağın düzgün olmamasını bildrimiş və onu xidmət otağında təhqir etmişdir. O, dəfələrlə şifahi xəbərdarlıq etməsinə baxmayaraq sonuncu hərəkətlərini davam etdirdiyi üçün onu Sabirabad Rayon Polis X2 təhvil vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai yerdə mübahisə etməklə ictimai qaydanın pozulmasına səbəb olmuşdur. Bu fakt onun məhkəmə iclasında vermiş olduğu izahatın da məzmunundan aydın olur. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmiş, Şəxs İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elemetlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törətdilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcələnin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi üzrə Şəxs əməlində nə inzibati xəta hadisəsi, nə də inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs İXM-nin 510-cu maddəsi ilə barəsində başlanmış icraata münasibətdə onun ilk dəfə inzibati xəta törətməsi, ailə vəziyyəti və ailəsinə yeganə qazanc gətirən şəxs olması Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinin tələblərinə uyğun olaraq məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri deyil, inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bu qənaətin əsasını isə yuxarıda qeyd edilmiş və cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış xüsusatlar təşkil etməlidir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə saat 10:15 radələrində tutulmuş, xx.xx.2025-ci il tarixində, saat 16:30 radələrində azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun 1 gündən artıq müddətdə inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehi inzibati həbsdə saxlanıldığı müddətə uyğun kompensasiya edilməklə 50 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 12, 32, 33, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 50 (əlli) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar