Məhkəmə qərarları › İş №3(056)-1602/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1602/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1602/2024 14.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Sabirabad rayonunun Qaragünə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Sabirabad rayonunun Qaragüney kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında 14 noyabr 2024-cü il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 2(056)-2848/2017 saylı icra sənədinin tələbinə əsasən Şəxs, X3 və X1 müştərək qaydada ümumilikdə 13512.57 ABŞ dolları pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. Lakin borclu Şəxs icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, kredit götürərkən iş yerinə malik olmuş, lakin sonradan işdən azad edildiyindən ödəniş etmək imkanında olmamışdır. İcra şöbəsinə o, dəfələrlə dəvət edilmiş, izahatlarında da maddi vəziyyətinin olmamasını göstərmişdir. İcra məmuru hər zaman yalnız onu şöbəyə dəvət etmiş, zaminləri heç bir zaman İcra şöbəsinə dəvət edilməmiş, bundan başqa, nə onun, nə də zaminlərinin evində olmaqla onların əmlak vəziyyətləri yoxlanılmamışdır. Zaminlərdən oğlu Amil Muğansutikinti MMC-də işləyir və kifayət qədər normal əmək haqqı əldə edir. Bu günə kimi oğlunun əmək haqqına yönəldilmə həyata keçirilməmişdir. O, məhkəmə qətnaməsini icra etməkdən yayınmamışdır. Bu günə kimi işləməyə-işləməyə 2000 manatdan çox ödəniş etmişdir. Bundan sonra da hər ay ən azı 150 manat ödəniş edəcəkdir. İcra şöbəsində izahatı alınarkən borcunu ödəməkdən yayınmadığını, zamini olan oğlunun iş yerinə malik olduğunu, hər ay 150 manat ödəniş edəcəyini bildirmişdir. Buna baxmayaraq, barəsində protokol tərtib edilmişdir. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati protokola əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 2(056)-2848/2017 saylı icra sənədinin tələbinə əsasən Şəxs, X3 və X1 müştərək qaydada ümumilikdə 13512.57 ABŞ dolları pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən, göstərilən icra sənədi üzrə icraata başlanılmış və borclulara könüllü icra üçün 10 günlük müddət verilmişdir. Şəxs xx.xx.2020-ci il tarixli izahatının məzmunundan görünür ki, o, hazırda heç yerdə işləmədiyini, heç yerdən qazancı olmadığını, borcu bu günə qədər ödəməməsinin səbəbinin ailə üzvlərinin birinin ağır xəstəliyə tutulması olmasını göstərmiş, möhlət verilməsini, qısa müddətdə bankla razılıq əldə edib bu barədə məktub təqdim edəcəyini bildirmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatının məzmunundan görünür ki, o, hazırda heç yerdə işləmədiyini, heç yerdən qazancı olmadığını, zamininin əmək haqqısı olduğunu bildirmiş, borcu bu günə qədər ödəməməsinin səbəbinin ailə üzvlərinin birinin ağır xəstəliyə tutulması olmasını göstərmiş, borcunu ödəməsi üçün möhlət verilməsini xahiş etmiş, hər ay borcundan 150 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, həmçinin icra işini araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olandan sonra icra sənədi 3 ilə yaxın hərəkətsiz saxlanılmış, heç bir icra tədbiri həyata keçirilməmiş, 2020-ci ildə borclu İcra şöbəsində olmuş, izahatında vəziyyətini bildirmiş, həmin il borclulardan yalnız Şəxs barəsində məcburi icra tədbirləri (məcburi gətirilmə, ölkədən getmək hüququnun məhdudlaşdırılması və s.) həyata keçirilmiş, digər borclulara münasibətdə hər hansı məcburi icra tədbiri həyata keçirilməmiş. Onların izahatları alınmamış, əmlak və gəlir vəziyyətləri yoxlanılmamışdır. Bundan sonra isə yenidən icra sənədi 2022-ci ilədək hərəkətsiz saxlanılmış, 2022-ci ildə borclu Şəxs barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, yenidən icra sənədi 2024-cü ilin iyul ayınadək hərəkətsiz saxlanılmış, 2024-cü ilin iyul ayında borcluya xəbərdarlıq ünvanlanmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixində borclunun yaşayış yerində olmadan, borclunun qeydiyyatda olduğu ünvanda yaşamaması barədə akt tərtib edilmiş, akt yalnız icra məmuru və İcra şöbəsinin əməkdaşları tərəfindən imza edilmiş, həmin tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, borclunun əmlak vəziyyəti yerində yoxlanılmamış, elektron İcra sistemi ilə əmlak vəziyyəti müfəssəl yoxlanılmaqla kifayətlənilmişdir. Digər borclulara münasibətdə isə tələbin təmin edilməsi istiqamətində tutarlı hər hansı icra hərəkəti həyata keçirilməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, yuxarıda sadalanan halların mövcudluğu borclunun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməsinin əks göstəricisi kimi nəzərə alınmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar