Məhkəmə qərarları › İş №3(056)-1609/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1609/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1609/2024 15.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Qasımbəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən inzibati xəta haqqında xx.xx.2024-cü tarixli MN ******* saylı «İnzibati xəta haqqında protokol» daxil olmuşdur. Daxil olmuş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı evdə gəlini Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, gəlinini döyməmişdir. Oğlu Ruslan Bakı şəhərində işləyir. xx.xx.2024-cü il tarixdə o, yaşadıqları evdə olan zaman nəvəsini arvadına verib özünə məxsus nar bağına işləməyə getmiş, bir qədər sonra arvadı ona köməyə gəlmişdir. Həmin zaman o, uşağın ağlamağını eşidərək arvadını uşağı sakitləşdirməyə göndərmişdir. Gəlininin səsi gəlməsini eşidib evə tərəf gəlmiş, görmüşdür ki, gəlini bildirir ki, uşağa dəyməyin psixologiyasını pozursunuz. O, nəvəsini qucağına alıb sakitləşdirmək istədikdə Ramilə uşağı ona verməmiş və öz qucağına almışdır. Bundan sonra o, gəlininin hərəkətləri barədə oğluna zəng edib məlumat vermiş, oğlu Ruslan ona söz-söhbət yaratmamalarını, özünün zəng edib Ramilə ilə danışacağını bildirmişdir. Bundan sonra Ruslan Ramiləyə zəng etmiş, Ramilə ondan kəndə təcili gəlməsini tələb etmiş, oğlu Bakı şəhərinə işinə yeni qayıtdığını. İşini qoyub gələ bilmədiyini demiş, bir qədər aralarında telefonda mübahisə olmuşdur. Bundan sonra Ramilə anasıgillə telefonla danışmış, 102 sözü işlətmələrini eşitmiş, fikir verməyib uzanmağa getmişdir. Bir qədər sonra qapılarının açılmasını eşitmiş, arvadına qapıya baxmasını bildirmiş, arvadı polis əməkdaşının gəlməsini demiş, həyətə düşənə kimi Ramilə uşağı götürüb polislə birgə getmişdir. Bundan sonra bilmişdir ki, gəlini ondan şikayət edib. Hazırda o, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onu nəinki sonuncu dəfə, bundan əvvəl də bir neçə dəfə döymüş, lakin şikayət etməmişdir. Hazırda danışdıqları yalandır. Qaynatası çöldən içəri gəlib onun saçlarından tutub sürümüş, boğazından tutub boğmağa çalışmışdır. O, qaynatasının məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqdim edilmiş sübutlara və izahatlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirməklə İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması ekspert rəyi və zərərçəkmiş şəxsin ifadəsi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddə üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın ilk dəfə inzibati xəta törətməsini və yaşını Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, tərəflər gəlin-qaynata olmaqla onlar arasında hazırda gərgin münasibət mövcud olsa da, bu gələcəkdə münasibətlərin normallaşması halını istisna etmir. İnzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi isə tərəflər arasında mövcud olan gərgin münasibətin daha da gərginləşməsinə gətirib çıxara bilər ki, bu hal da yolverilməz hesab edilməlidir. Bu zaman zərərçəkmiş şəxsin də mövqeyi nəzərə alınmalı, göstərilən əsaslarla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar