Məhkəmə qərarları › İş №3(056)-1674/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1674/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1674/2025 10.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs, Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X2, müdafiəçi – X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sabirabad rayonunun Ulacalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində ictimai qaydanı kobud şəkildə pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati protokol tərtib etmiş şəxs Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X4 inzibati xəta haqqında tərtib etdiyi protokolun tərtib edilməsinin səbəbləri və əsası haqqında bildirdi ki, xx.xx.2025-ci il tarixdə icraatına daxil olmuş materialla əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin DYPB-nin polis əməkdaşlarının raportu əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Sabirabad rayonu, Ulacalı kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində evinin yaxınlığında küçədə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və orada ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan başqa həmkəndlisini məsuliyyətdən uzaqlaşdırmaqdan ötrü həmin yerə kütlə yığmaqla qonşularına bildirmişdir ki, polislərin kəndə girişinə imkan verməsinlər, polislərin bu kənddə nə işi var? Həmin faktı təsdiq edəcək polislər də şahid otağında gözləyirlər. Onların bu barədə sözləri var və həmin hadisə ilə bağlı təfərrüfatı ilə danışa bilərlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, küçədə olan hadisə ilə bağlı polis əməkdaşının videoçəkilişi var. Hətta çəkilişdə belə qeyd etmişdir ki, polisin maşında narkotik olmasına dair fikrinə cavab olaraq demişdir ki, əgər maşında narkotik olmasından şübhə və bu barədə cinayət əməli varsa, PPXB-nin əməkdaşları çağırılsın. Bu zaman maşının onun olub-olmamasını xəbər aldıqda o, maşının ona deyil, qonağına məxsus olmasını, uşaq ağladığı üçün uşağı sakitləşdirib gələcəyini və onlara bir az səbirli davranmasını bildirmişdir. O, ümumiyyətlə qonşuları oraya çağırmamışdır. Həmin fakt da videogörüntülərdə öz əksini tapmışdır. Qonşular isə oradan surətlə gedən polis maşınına görə oraya yığışmışlar. O, küçəyə çıxandan sonra nə məsələ olmasını soruşmuş, polislər bildirmişlər ki, maşına görə gəlmişlər. O, da polis əməkdaşlarına bildirmişdir ki, həmin maşını idarə edən şəxs onun qonağıdır və uşağı sakitləşdirib gəlir. Həmin şəxs isə həmkəndlisi və bundan başqa ailəvi dostdurlar. O, orada heç bir inzibati xətaya yol verməmişdir. Ona görə də özünü təqsirli bilmir. Məhkəmə iclası zamanı barəsində iş üzrə inizbati icraat aparılan şəxsin müdafiəçisi çıxış edərək bildirdi ki, mənafeyini təmsil etdiyi şəxsin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törtətməsi videogörüntü ilə təsdiqini tapır. Lakin onun əməlində həmin Məcəllənin 535.1-ci maddəsinin tərkibinin olması sübuta yetmir. Ona görə də o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 510-cu maddəsi ilə cərimə edilməsini və onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində xidmətdə olmuşdur. Bu zaman uzaqdan gələn Kia Sorento markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazından düzgün istifadə etmədiyi üçün ona saxla işarəsi verilmiş, lakin sonuncu onlara əl hərəkəti edərək avtomobili saxlamamışdır. Buna görə onlar BMW 3301 markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə geriyə dönüb onun arxası ilə getmişlər və ona təkrar-təkrar saxla işarəsi vermişlər. O, isə torpaq yol keçmiş və həmin yolla sürətlə hərəkət etmişdir. Bu zaman toz-torpaq qalxmış və avtomobilin qeydiyyat nömrəsini görməkdə çətinlik çəkmişlər. Onlar isə həmin avtomobilə yaxınlaşan zaman həmin avtomobilin bir qapının ağzında dayanıqlı vəziyyətdə olduğunu, sürücünün isə orada olmadığını görmüşlər. Qeydiyyatlarını aparıb geri qayıdan zaman həmin həyətdən adını sonradan bildiyi Şəxs çıxmış və əlində telefon ilə onları videogörüntüyə alaraq onlara bildirmişdir ki, onların ixtiyarı yoxdur evlər arası yolda kimisə saxlamağa. Bu zaman o, nalayiq ifadələr də işlətmişdir. Onlar həmin şəxsdən sürücünün o, olub-olmamasını xəbər almışlar və o, onlara bildirmişdir ki, xeyr o, maşın sürücüsü deyildir. Elnurdan başqa hətta qapının axrasına bir nəfər də şəxs var idi və o, da eyni ilə Elnur kimi nalayiq ifadələr işlədirdi. Onun səs-küyünə qonşular da yığılmışdır. O və digər polis əməkdaşı Şahid2 ilə birlikdə Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu hərəkətlərini qərəzli olaraq davam etdirmişdir. Hətta Elnur onları şantaj etmişdir ki, onları şikayət edib işdən azad etdirəcəkdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Sabirabad RPŞ-nin DYPB-nin YPX-nin polis inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində xidmətdə olan zaman uzaqdan Kia Sorento markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil onlara tərəf gəlmiş və həmin avtomobilin sürücüsü işıqlandırma cihazından düzgün istifadə etməmiş və ona saxla işarəsi verilən zaman sürücü onlara əl hərəkəti edərək avtomobili sürətlə sürüb getmişdir. Onlar isə onun hərəkətlərindən şübhələnərək onun arxası ilə getmişlər. Elə hərəkətdə olan zaman sürücü onlara nalayiq ifadələr edərək idarə etməni davam etdirmişdir. Sürücü istiqmətini dəyişib torpaq yola keçmiş və avtomobili sürətlə idarə etməyə başlamışdır. Ona çatmaq mümkün deyildi. Amma onlar sürət həddini keçməmişlər. Müəyyən yol getdikdən sonra sürücü gedib bir həyətin qapısında dayanmışdır. Onlar ona çatan vaxtı sürücü artıq sükanı tərk etmişdir. Orada avtomobilin qeydiyyat nişanlı nömrəsini komputer vasitəsi ilə müəyyənləşdirən vaxtı oradan bir nəfər adını sonradan bildiyi Şəxs çıxaraq əlində telefon vasitəsi ilə videogörüntüyə onları çəkərək bildirmişdir ki, buraya niyə gəlmişlər, bura gəlmək olmaz. Bundan başqa nalayiq ifadələr işlədərək onlara xidməti vəzifəsini icra etməyə maneəçilik törədərək onların qanuni tələblərinə riayət etməmişdir. Onlar onu nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələbinə qəsdən və qərəzli olaraq tabe olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Sabirabad RPŞ-nin DYPB-nin YPX-nin polis inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə gecə vaxtı Sabirabad rayonu, Ulacalı kəndində xidmətdə olarkən bir nəfər şəxsin idarə etdiyi Kia Sorento markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onlara tərəf gəldiyini və işıq cizahızından düzgün istifadə etmədiyini görüb saxla işarəsi vermişlər. Sürücü onların əmrinə məhəl qoymayaraq avtomobili daha da sürətlə idarə edib saymazyana əl hərəkəti edərək çıxıb getmişdir. Onlar isə xidməti avtomobil ilə onun arxasınca getmişlər. O, avtomobili o qədər surətlə sürmüşdür ki, yol toz-duman olmuş və buna görə də yolda görünmə məhdudiyyət çoxaldığından onlar xidməti maşını asta sürətlə idarə etmişlər. Sürücü avtomobili bir həyətin qabağında saxlayıb avtomobildən düşüb qaçmışdır. Bu zaman həyətdə bir nəfər adını sonradan bildiyi Şəxs çıxararaq əlindəki telefon ilə videogörüntüyə onları alıb, nalayiq ifadələr edərək oraya çoxlu sayda kütlə camaatı toplayıb onları gözü qarşısında ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Onlar onu nizam-intizama dəvət etsələr də, sonuncu hərəkətlərini davam etdmiş və onların qanuni tələbinə qəsdən və qərəzli olaraq riayət etməmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə küçədə ucadan polis əməkdaşları ilə mübahisə etməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə hörmətsizlik etdiyini başa düşmüş və bunu arzu etmişdir. Buna dair məhkəmə iclasında videogörüntüyə baxılmış və bu hallar müəyyən edilmişdir. Bununla da o, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmişdir. Göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarından görünür ki, Şəxs polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən «onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi Şəxs hərəkətlərində mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində olan hazırkı işin İXM-nin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilməlidir. Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı onun özünün izahatı ilə tam sübuta yetirilmişdir. Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı və heç yerdə işləməməsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (inzibati cərimə növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və İXM-nin 31.4-cü maddəsinin tələbini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində azad edilmişdir. Lakin o, faktiki olaraq azad edilmədən məhkəməyə gətirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində iş üzrə icraat aparılan şəxsin həbsetmə müddətinin əvvəli onun faktiki tutulduğu zamandan, yəni xx.xx.2025-ci il tarixdən saat 15:30 radələrindən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510- cu maddəsi ilə təqsirli bilinsin və o, 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən saat 15:30dan hesablansın Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar