Məhkəmə qərarları › İş №3(056)-1703/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1703/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1703/2024 04.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, şikayətçi (barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs) X2 iştirakı ilə, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN1785778№-li inzibati tənbeh vermə haqqında Qərarından verdiyi şikayət ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Eklogiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN1785778№-li inzibati tənbeh vermə haqqında qərarına əsasən xx.xx.1988-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Qarağac kəndi ərazisində olan özünə məxsus marketdə formalaşan tullantıları qalaqlamaqla bununla da yaşayış məntəqələri ərazisinin çirklənməsini əsas gətirib, onun İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün, barəsində 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X4, onun barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1785778№-li Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 3000 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1785778№-li Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə mağaza ətrafında olan “Şəhidlər Xiyabanı” adlı yerın ətrafını zibildən təmizləyib bir yerə toplayan zaman bu vaxt 3 saylı Regional Ekologiya və X6 əməkdaşları gəlib bunu görüb onun barəsində protokol tərtib etmiş və onu 29 oktyabr 2024-cü il tarixdə idarəyə dəvət etmişlər. Onun özünü təqsirli bilmədiyi səbəbindən o, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə getməkdən imtina etmiş və o, qərarı aldıqdan sonra bilmişdir ki, onun barəsində əsassız olaraq İXM-nın 266.1-ci maddəsi ilə vəzifəli şəxs kımi 3000 (üç min) manat cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Buna baxmayaraq barəsində əsassız qərar qəbul olunaraq onun hüquqları açıq-aşkar pozulmuşdur. Ona görə də hazırkı şikayət ərizəsı ilə məhkəməyə müraciət etmək qərarına gelmişdir. Məhkəmə iclasında iştirak etmiş X4 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1785778№-li Qərardan verdiyi şikayətini müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq göstərmişdir ki, o, fiziki şəxs kimi vergi orqanında qeydə alınıb, fərdi sahibkar statusu əldə edərək yaşadığı Sabirabad rayonu Qarağac kəndi ərazisində özünə məxsus marketi idarə edir. Həmin kənddə bütün məişət və ya digər növ tullantılar kənd sakinlərinin istifadəsi üçün nəzərdə tutulan və kəndlərin müxtəlif hissələrində yaradılan çuxurlara atılır. Həmin çuxurlardan birisi də onun fəaliyyət göstərdiyi ticarət obyektinin yaxınlığında təşkil edilmişdir. Onun fəaliyyət göstərdiyi ticarət obyektinin yaxınlığında təşkil edilmiş həmin çuxura kənd sakinlərinin atdıqları tullantılarla yanaşı, həmçinin özünə məxsus marketin fəaliyyəti nəticəsində formalaşan tullantılarda atılır. Bu baxımdan hesab edir ki, özünə məxsus ticarət obyektinin fəaliyyəti nəticəsində formalaşan tullantıların kənd sakinlərinin istifadəsi üçün nəzərdə tutulan və kəndlərin müxtəlif hissələrində yaradılan çuxurlara onun tərəfindən atılması, onun tərəfindən yaşayış məntəqələri ərazisinin çirklənməsi kimi qiymətləndirilə bilməz. Belə ki, göründüyü kimi tullantılar üçün çuxurlar məhz ərazinin çirklənməməsi məqsədilə yaradılmışdır və ona görə də, bütün məişət və ya digər növ tullantılar kənd sakinləri ilə yanaşı, həmçinin onun tərəfindən də məhz ərazinin çirklənməməsi üçün həmin çuxurlara atılır və müəyyən müddətdən sonra həmin çuxurlardakı tullantılar daşınaraq çuxurlar təmizlənir. Yəni qeyd etdiyi tullantıların bu məqsədlər üçün nəzərdə tutulan çuxurlara atılması hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmadığı üçün, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayət ərizəsinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid qismində izahat verərək göstərmişdir ki, o, Sabirabad rayonu Minbaşı Bələdiyyəsində mühasib işləyir. Minbaşı Bələdiyyəsinə aid edilən digər kəndlərdə olduğu kimi Sabirabad rayonu Qarağac kəndində də bütün məişət və ya digər növ tullantılar kənd sakinlərinin istifadəsi üçün nəzərdə tutulan və kəndlərin müxtəlif hissələrində yaradılan çuxurlara atılır. Həmin çuxurlardan birisi də Qarağac kənd sakini X2 fəaliyyət göstərdiyi ticarət obyekti olan Marketin yaxınlığında təşkil edilmişdir. Həmin ticarət obyektinin yaxınlığında təşkil edilmiş həmin çuxura kənd sakinlərinin atdıqları tullantılarla yanaşı, həmçinin həmin marketin fəaliyyəti nəticəsində formalaşan tullantılarda atılır. Bu barədə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AKTı o da imzalamışdır. Tullantılar üçün çuxurlar məhz ərazinin çirklənməməsi məqsədilə yaradılmışdır və müəyyən müddətdən sonra həmin çuxurlardakı tullantılar daşınaraq çuxurlar təmizlənir. Şikayətin dəlillərini araşdırıb və iş materiallarını tədqiq edib hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Ə.Y.Babazadə və Sabirabad rayonu Minbaşı Bələdiyyəsinin mühasibi Şahid tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli AKTın surətindən görünür ki, həmin AKTla Sabirabad rayonu Qarağac kənd sakini X4 tərəfindən fəaliyyət göstərdiyi ticarət obyekti olan Marketin yaxınlığında təşkil edilmiş həmin çuxura həmin marketin fəaliyyəti nəticəsində formalaşan tullantıların atıldığı təsdiq edilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN1785778№-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə səbəb, onun xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Qarağac kəndi ərazisində olan özünə məxsus marketdə formalaşan tullantıları qalaqlamaqla bununla da yaşayış məntəqələri ərazisinin çirklənməsinə yol vermişdir. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi həmin maddə ilə nəzərdə tutulan digər əməllərlə yanaşı həmçinin yaşayış məntəqələri ərazisində yerlərin çirklənməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Şikayətçi E.B.Xankişiyev həmin qərarla razılaşmayıb və qərarı mübahisələndirərək şikayətini belə əsaslandırmışdır ki, özünə məxsus ticarət obyektinin fəaliyyəti nəticəsində formalaşan tullantıların kənd sakinlərinin istifadəsi üçün nəzərdə tutulan və kəndlərin müxtəlif hissələrində yaradılan çuxurlara onun tərəfindən atılması, onun tərəfindən yaşayış məntəqələri ərazisinin çirklənməsi kimi qiymətləndirilə bilməz. Belə ki, göründüyü kimi tullantılar üçün çuxurlar məhz ərazinin çirklənməməsi məqsədilə yaradılmışdır və ona görə də, bütün məişət və ya digər növ tullantılar kənd sakinləri ilə yanaşı, həmçinin onun tərəfindən də məhz ərazinin çirklənməməsi üçün həmin çuxurlara atılır və müəyyən müddətdən sonra həmin çuxurlardakı tullantılar daşınaraq çuxurlar təmizlənir. Beləliklə şikayətçi E.B.Xankişiyev etirazında özünə məxsus ticarət obyektinin fəaliyyəti nəticəsində formalaşan tullantıların ətrafa deyil, məhz kənd sakinləri üçün bu məqsədlər üçün yaradılan tullantıların qalaqlanması çuxuruna atdığı hallara əsaslanıb, bununla da onun əməllərində İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi E.B.Xankişiyevin barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri, yəni ona istinad olunan inzibati xəta əməlinin törətməməsinə dair dəlilləri əsassızdır və həmin dəlillər xx.xx.2024-cü il tarixli MN1785778 №-li inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, “Tullantılar haqqında” Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyət) müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Məhkəmə hesab edir ki, şikayətçi E.B.Xankişiyev fiziki şəxs kimi vergi orqanında qeydə alınıb, fərdi sahibkar statusu əldə edərək Marketin fəaliyyətini təşkil edərkən, ilk növbədə “Tullantılar haqqında” Qanunun tələblərinə əməl edərək, həmin sahibkarlıq fəaliyyət nəticəsində formalaşacaq məişət və ya digər növ tullantılar üçün tutumlar (urnalar) təşkil etməli idi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN1785778№-li inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, X2 həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN1785778№-li inzibati tənbeh vermə haqqında X1 şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar