Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1890/2024 12.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad Rayon Polis X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol məhkəməyə daxil olmuşdur. Daxil olmuş protokola görə, X6 xx.xx.2024-cü il tarixdə, saat 11:40 radələrində Sabirabad rayonunda Kür çayının sahilində uca səslə danışaraq polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 izahat verərək özünü təqsirli bilməyib bildirdi ki, o, bir il əvvəl İnstagram sosial şəbəkəsində Nuray adlı xanımla tanış olmuş, xanım ona 24 yaşı olmasını, subay olmasını bildirmiş, bundan sonra onlar arasında münasibətlər yaranmış, o, Nurayı sevdiyi üçün bu il ərzində 3-4 dəfə Nurayla görüşmək üçün Sabirabad şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixində o, Sabirabad şəhərinə yenidən Nuray ilə görüşmək üçün gəlmiş, onlar Kür çayının sahilində görüşmüşlər və çöldə söhbət edərkən polis əməkdaşları onlara yaxınlaşmış, narkotiklərlə bağlı yoxlama keçirilməsini bildirib ondan sənədini tələb etmişlər. O, sənədini təqdim etdikdən sonra ona şöbəyə getməli olduğu bildirilmiş, o, hansı əsasla getməli olduğunu soruşmuş, lakin ondan təkidlə tələb edildiyindən o, öz avtomobili ilə avtomobildə Nuray və orada olan iki nəfər polis əməkdaşından biri olmaqla şöbəyə gəlmişlər. Orada məlum olmuşdur ki, xanım ailəlidir və bundan sonra ailəsinin dağılmaması üçün xanımı yola salmışlar. O, xanımın evli olmasını bilməmişdir. Polis əməkdaşları gələrkən də hər hansı ictimai qaydanı pozmamış və polisin qanuni tələbinə tabesizlik etməmişdir. Anası ilə birgə yaşayır. Anası ürək xəstəsidir. Evin tələbatlarını o, qarşılayır. Hazırda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Sabirabad RPŞ-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə X3 ilə Sabirabad şəhəri ərazisində xidmətdə olarkən Kür çayı sahilində bir qadın və bir kişinin mübahisə etməsini görüb onlara yaxınlaşmışlar. Onlar yaxınlaşan zaman qadın oradan uzaqlaşıb kişiyə məxsus avtomobilə əyləşmiş, kişi isə ilk əvvəl sənəd təqdim etmək istəməmiş, sonradan sənədini təqdim etmiş, bundan sonra onlar həmin şəxsləri şöbəyə dəvət etmişlər. Kişi hansı əsasla şöbəyə getməli olduqlarını soruşmuş, sonradan öz avtomobili ilə və onlardan biri ilə şöbəyə gəlmişdir. Şöbədə məlum olmuşdur ki, qadın Sabirabadlı olmaqla ailəlidir, kişi isə subay olmaqla Bakı şəhərindən gəlmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 şahid X5 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 ictimai yerdə kənar bir qadınla görüşmüş, bununla formalaşmış ictima qayda pozuntusuna yol vermişdir. Bu faktı o, məhkəmə iclasında vermiş olduğu izahatında da etiraf etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmiş, X2 İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elemetlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törətdilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. X4 istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcələnin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi üzrə X2 əməlində nə inzibati xəta hadisəsi, nə də inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 İXM-nin 510-cu maddəsi ilə barəsində başlanmış icraata münasibətdə onun ilk dəfə inzibati xəta törətməsi, yaşı və ailə vəziyyəti Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinin tələblərinə uyğun olaraq məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. X2 əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri deyil, inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bu qənaətin əsasını isə yuxarıda qeyd edilmiş və cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış xüsusatlar təşkil etməlidir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 11:00-da azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun 17 saata yaxın müddətdə inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehindən inzibati həbsdə saxlanıldığı müddət kompensasiya edilməklə 50 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 12, 32, 33, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. X2 inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 50 (əlli) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1890/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1890/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver