Məhkəmə qərarları › İş №3(056)-1940/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1940/2025

06.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1940/2025 06.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, xx.xx.1976-cı il tarixdə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* №-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Abasov X1 Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinir ona görə ki, o, özünə məxsus mobil telefon vasitəsilə müxtəlif vaxtlarda “1xBet”, “Mosbet” və “Pin-Up” adlı onlayn mərc oyunlarından istifadə edərək qumar oynamış və bununla da İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inziabati xətanı törətmişdir. İşin araşdırılmış hallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İXM-nın 525-ci maddəsi ilə təqsirli bilinməsinin əsası kimi ilk növbədə onun tərəfindən, uduş əldə etmək niyyətilə ödəniş edərək özünə məxsus mobil telefon vasitəsilə “1xBet”, “Mosbet” və “Pin-Up” adlı onlayn mərc oyunlarından istifadə edərək qumar oynaması hallarına istinad edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edir ki, Şəxs özünə məxsus telefon vasitəsilə uduş əldə etmək niyyətilə ödəniş etməklə onlayn üsulu qaydasında “1xBet”, “Mosbet” və “Pin-Up” adlı qumar oynamasına dair hər hansı sübutlar təqdim edilməmişdir. Halbuki, qeyd edilən normanın sanksiyasında oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə cərimə tənbehinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsi inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsini tənbeh növü kimi müəyyən etmişdir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Göründüyü kimi, şəxsin göstərilən norma ilə məsuliyyətə cəlb edilməsi üçün mütləqdir ki, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir mövcud olmuş olsun. Hazırki iş materialları ilə isə belə bir sübutun (sübutların) mövcud olması müəyyən edilməməkdədir. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nın 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. İXM-nın 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nın 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə onun təqsirləndirilməsinə dair Sabirabad RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokol üzrə o, inzibati məsuliyyətdən azad olunmalı və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 53, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməlində İXM-nın 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan protokol üzrə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar