Məhkəmə qərarları › İş №3(056)-1944/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1944/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1944/2025 14.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi qaydada sürücü işləyən, Sabirabad şəhəri, X8 küçəsi, 80 saylı evdə qeydiyyatda olan və Bakı şəhərində ünvanını bilmədiyi mənzildə kirayənişin yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində tərtib olunmuş inzibati xəta haqqında 14 noyabr 2025-ci il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2-2(113)-6208/2022 saylı icra sənədinin tələbinə əsasən X2 ümumilikdə 52885,70 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Lakin borclu X5 icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2-2(113)-6208/2022 saylı icra sənədinin tələbinə əsasən X2 ümumilikdə 52885,70 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü qaydada icra etmək üçün borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Borclu qeydiyyatda olmadığı üçün onun barəsində xx.xx.2025-ci il tarixində axtarış qərarı qəbul edilmiş və o, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş, bu gün İcra şöbəsinə təhvil verilmişdir. Borclu izahatında borcunun hazırda 44000 manat təşkil etdiyini, məhkəmə qərarından sonra tələbkara hissə-hissə ödəniş etdiyini, son 5-6 ay ərzində imkanı olmadığından ödəniş edə bilmədiyini göstərmişdir. Borc məbləğləri ödənilmədiyi üçün o, inzibati xəta haqqında protokol tərtib etmişdir. Verilmiş suallara cavab olaraq Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, icraata başlamaq haqqında qərarın bu günə kimi borcluya çatdırılması barədə onda xəbərnamə yoxdur. Borclu ilk dəfədir ki, İcra şöbəsində olur. Borc məbləği çox olduğundan, həmçinin borclunun etdiyi ödənişlərlə bağlı sənəd təqdim edilmədiyindən o, müvafiq protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilməyərək göstərdi ki, o, icra sənədi barədə məlumatlı olmamışdır. Lakin məhkəmə qərarı barədə məlumatlı olmuş, buna görə də son 5-6 ayadək hissə-hissə olmaqla tələbkara xeyli miqdarda ödəniş etmişdir. İcra sənədi barədə məlumatlı olmamasının səbəbi də uzun müddətdir ki, Bakı şəhərində kirayədə yaşayıb orada işləməsi olmuşdur. İcra sənədi barədə bu vaxta kimi məlumatlı olmadığına görə hesab edir ki, heç bir inzibati xəta törətmədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati protokola əlavə olunmuş: Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2-2(113)-6208/2022 saylı icra sənədinin tələbinə əsasən X2 ümumilikdə 52885,70 manat tutularaq "xxxx" MMC-yə verilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən, göstərilən icra sənədi üzrə icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. xx.xx.2025-cü il tarixdə borclunun axtarılması barədə qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2-2(113)-6208/2022 saylı icra sənədi üzrə borclunun yaşadığı yer müəyyən edilmədiyindən onun barəsində axtarış qərarı qəbul edilmişdir. Sabirabad RPŞ-nin Sabirabad rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, borclu barəsində xx.xx.2025-ci ildə tutulmuşdur. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, həmçinin icra işini araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X3 əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, borclu X5 izahatında icra sənədinin verildiyi zamandan bu günə kimi xəbər tutmadığını bildirmiş, icra məmuru da icraata başalamaq haqqında qərarın borcluya çatdırılmadığını təsdiq etmiş, lakin ona tələbin könüllü icrası üçün qanunla müəyyən edilmiş müddət vermək əvəzinə, onun axtarışla gətirilməsini və borc məbləğini əsas götürərək əməlini icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirib onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İcra işindən o hal da aydın olur ki, icraata başlamaq haqqında qərar qəbul edilib tələbin könüllü surətdə 10 gün ərzində icra edilməsi barədə bildiriş borcluya ünvanlanmış olsa da, həmin sənədlərin borcluya təqdim edilməsi barədə hər hansı sübut mövcud deyildir. Borclu yalnız onun barəsində qəbul edilmiş axtarış qərarının nəticəsi olaraq icra və probasiya şöbəsinə gətirilmişdir. Bu halın özü də borclunun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməsinin əks göstəricisi kimi nəzərə alınmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X3 əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar