Məhkəmə qərarları › İş №3(056)-1971/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1971/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1971/2025 24.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Sabirabad rayonu, Quruzma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Quruzma kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Nəcəfov X3 rayon Məhkəməsinin 2(056)-2105/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibatixəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-2105/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borcludan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər hər uşaq üçün 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Lakin, borclu bu günə kimi icra sənədi üzrə qismən ödəniş etmiş, bu günə 4703 manat ödənilməmiş borcu qalmışdır. O, izahatında iş yeri qazancı olmadığına görə ödənişləri tama həyata keçirmədiyini, cəmi 1057 manat ödəniş etdiyini, alimentdən əlavə uşaqlarına velosiped, yoldaşına telefon aldığını bildirmiş, həmin əşyalara görə ödəmiş olduğu pulun borcundan silinməsini xahiş etmişdir. Onun izahatından sonra tələbkarla telefon əlaqəsi saxlanılmış, tələbkar borclunun həqiqətən göstərilən əşyaları aldığını, lakin həmin əşyalara ödənilmiş pulun alimentlə əlaqəsinin olmadığını, əşyaların hədiyyə kimi alındığını bildirmiş, yaranmış borcun tam ödənilməsini tələb etmişdir. Tələbkar borcun ödənilməməsindən şikayətçidir. Borclundan öhdəliyini icra etməsi tələb edilmiş, o, imkansızlığını əsas göstərərək onun icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə qanuni tələbinə əməl etməmişdir. Ona görə də o, müvafiq protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, Rusiya Federasiyasında işləmiş, əldə etdiyi qazancla tələbkarın istəyi ilə uşaqlara velosiped, tələbkara telefon almış, həmçinin alimentdən də ödənişlər etmişdir. Son bir neçə aya kimi tələbkarla münasibətləri yaxşı olmuşdur. O, tələbkara sosial şəbəkə istifadə etməsini irad bildirəndən sonra münasibətləri yenidən pozulmuşdur. Ona görə də tələbkara çəkmiş olduğu xərcləri alimentdən silinməsinə razı deyildir. Hazırda o, özünü qeyd edilən əməl üzrə təqsirli bilir. Lakin yaranmış borcu tam ödəmək imkanında deyildir. Bundan sonra çalışacaqdır ki, aylıq ödənişləri müntəzəm ödəməklə yanaşı, əlavə vəsaitlər də ödəsin ki, borcunu bağlaya bilsin. Əgər həbs edilərsə onun əvəzinə kimsə aliment ödəməyəcəkdir. Ona görə də o, barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, yaranmış borc məbləğini və tələbkarın icra sənədinin tam icrasında israrını nəzərə alaraq, həmçinin onun maddi vəziyyətini daha da ağırlaşdırmamaq, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu borc məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini, həmin tənbehin həddinin qısa müddətə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Çünki, şəxsin uzun müddət inzibati qaydada həbs edilmiş olması onun uzun müddət öhdəliyini icra etmək imkanına da mane olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar