Məhkəmə qərarları › İş №3(056)-199/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-199/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-199/2023 23.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, X7 Azər oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu Həşimxanlı kəndində qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikasının İXM-nın 329.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN-in Şirvan şəhəri YPX inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN-in Şirvan şəhəri YPX inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikasının İXM-nin 329.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmişdir. X3 barəsində qəbul edilmiş yuxarıda istinad olunan inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini belə əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə İXM-nin 329.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək DİN-in Şirvan şəhəri YPX inspektoru polis serjantı X5 tərəfindən 150 manat məbləğində cərimə edilmişdir. İXM-nin 342.2.2-ci maddəsi avtomobildə normativ pozulmaqla avadanlıq quraşdırılması və dəyişdirilməsindən bəhs edir. Barəsində tərtib edilmiş cəriməni qanunsuz hesab edir. Belə ki, ona aid olan VAZ 21214 markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil Niva avtomobilidir. O, avtomobili necə almışdırsa elə də istifadə etmiş, avtomobildə heç bir dəyişiklik etməmişdir. Avtomobil normativ pozulmaqla və avadanlıq quraşdırılması adı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək cərimə meydançasında saxlanılmışdır. Avtomobil necə saxlanılmışdırsa eyni formada da ona gətirib verilmişdir. Yəni normativ qaydaları pozan heç bir şey sökməmişlər. İXM-nin 342.2.2-ci maddəsi ümumiyyətlə Niva avtomobillərinə aid deyil. Belə ki DYP-nin media ilə iş bölməsinin rəhbəri Araz Əsgərli bu barədə geniş müsahibə vermiş və bildirmişdir ki, bu hal Niva avtomobillərinə aid deyil. Odur ki, inzibati qərarı qərəzli hesab edərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şikayətçi X3 məhkəmə iclası zamanı şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. DİN-in Şirvan şəhəri YPX inspektoru polis serjantı X4 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə şikayətə inzibati xəta haqqında protokol tərtib etmiş və qrar qəbul etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş E.B.Xancanovun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə qismən təmin edilməli, E.B.Xancanovun İXM-nin 329.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 342.2.2-ci maddəsi hissəsində xitam verilməli və İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş tənbeh tətbiq edilməsi məsələsi üzrə ayrıca qərar qəbul edilməsi məsələsinə baxılması ilə əlaqədar qərar qəbul etmiş orqana qərar göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat məbləğində cərimə edilir. X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqından qərarda İXM-nın 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlamətləri formal olaraq sadalanmış, lakin təqdim edilmiş sübutlarla qeyd edilən normanın tələblərinin pozuntusuna yol verilməsi öz təsdiqini tapmamışdır. Hətta bu fakt şikayətçi tərəfindən şikayət ərizəsinə əlavə edilmiş DYP-nin media ilə iş bölməsinin rəhbəri Araz Əsgərlinin müashibəsini özündə əks etdirən CD diskdə də öz təsdiqin tapmışdır. Məhkəmə hesab edir ki, işin düzgün həlli üçün əhəmiyyətli məlumatlara malik olan DİN-in Şirvan şəhəri YPX inspektoru polis serjantı X5 xx.xx.2022-ci il tarixdə inzibati xəta hadisəsini araşdırarkən, E.B.Xancanovun hazırda məhkəməyə təqdim etdiyi şikayətinin dəlillərini nəzərə almadan, yəni Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi üzrə Elsevər Xancanovun əməlində inzibati xəta tərkibinin olmamasına və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən sübutları obyektiv surətdə qiymətləndirmək və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarmaq əvəzinə, hər hansı bir əsas olmadan, şəxsin konkret xətanı törətməkdə təqsirinin müəyyən edilmədiyi halda E.B.Xancanovun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Bundan başqa o da qeyd edilməlidir ki, şikayət olunan qərardan görünür ki, şikayətçi Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə də təqsirli bilinmiş, lakin qərar qəbul etmiş şəxs Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə istinadən şəxs barəsində daha ciddi cəzanı nəzərdə tutan İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 manat cərimə tənbehi tətbiq etmişdir. Hazırki halda məhkəmə hesab edir ki, X1 əməlində İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində, Azərbaycan Respublikası İXM-nın 329.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN-in Şirvan şəhəri YPX inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilərək Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş tənbeh tətbiq edilməsi məsələsi üzrə ayrıca qərar qəbul edilməsi məsələsinə baxılması ilə əlaqədar qərar qəbul etmiş orqana qərar göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 134, 135, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 əməlində İXM-nın 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun həmin maddə ilə inzibati xəta törətməsinə dair DİN-in Şirvan şəhəri YPX inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında Qərar ləğv edilsin. xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İXM-nın 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair E.B.Xancanovun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X2 Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş tənbeh tətbiq edilməsi məsələsi üzrə ayrıca qərar qəbul edilməsi məsələsinə baxılması ilə əlaqədar qərar qəbul etmiş orqana hazırki qərar göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar