Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1990/2025 27.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Sabirabad RPŞ-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sabirabad rayonunun Qalağayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Qalağayın kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol məhkəməyə daxil olmuşdur. Daxil olmuş protokola görə, Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonun Qalağayın kəndi ərazisində uca səslə nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Sabirabad RPŞ-nin sahə rəisi X2 inzibati xəta haqqında protokolun tərtib olunmasının səbəbləri və əsası haqqında bildirdi ki, xx.xx.2025-ci il tarixində Sabirabad rayonun Qalağayın kəndi ərazisində polis nəfərləri xidmətdə olarkən bir nəfər şəxsin küçədə ucadan nalayiq ifadələr işlətməsini görüb ona yaxınlaşmış, onu intizama dəvət etmiş, həmin şəxs tabesizlik göstərdiyi üçün şöbəyə gətirilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, fərdi qaydada ustalıq etməklə məşğul olur. Yaşadığı kəndd bir ədəd kanalizasiya quyusunun qazılması və boru çəkilməsi ilə bağlı ev sahibi ilə 300 manat xidmət haqqına razılaşıb işə başlamışdır. xx.xx.2025-ci il tarixində ev sahibi onun pulunu kəsib ona 100 manat verdiyi üçün o, əsəbiləşmiş, evdə ev sahibinə nalayiq ifadələr işlətmiş, daha sonra həmin evdən çıxarkən də ifadələrini davam etdirmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb ictimai asayişi pozmamağı və nalayiq ifadələr işlətməməyi tələb etmiş, o, hərəkətinə görə üzrxahlıq etmişdir. Lakin polis əməkdaşları ona onlarla birgə şöbəyə getməyi təklif etmiş, o, etiraz etməyərək polislərlə birgə şöbəyə gəlmişdir. O, küçədə nalayiq ifadə işlətdiyinə görə əməlindən peşmandır. Lakin polislərə tabesizlik etməmişdir. İlk dəfədir ki, inzibati xəta törədir. Bir gündən çoxdur ki, ailəsindən xəbəri yoxdur. Himayəsində iki azyaşlı övladı vardır və ailəsinə yeganə qazanc gətirən şəxsdir. Ailəsinin yanına getmək istəyir. Ona görə də barəsində cərimə tənbehi tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai yerdə nalayiq ifadələr işlətmiş, bununla ictimai qaydanı pozmuşdur. Bu faktı o, öz ifadəsində də təsdiq etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmiş, Şəxs İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elemetlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törətdilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcələnin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi üzrə Şəxs əməlində nə inzibati xəta hadisəsi, nə də inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs İXM-nin 510-cu maddəsi ilə barəsində başlanmış icraata münasibətdə əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinin tələblərinə uyğun olaraq məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri deyil, inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bu qənaətin əsasını isə yuxarıda qeyd edilmiş və cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış xüsusatlar təşkil etməlidir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 16:30-da azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun 1 gündən artıq müddətdə inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehi inzibati həbsdə saxlanıldığı müddətlə kompensasiya edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 12, 32, 33, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət həmin məbləğlə kompensasiya edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1990/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1990/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver