Məhkəmə qərarları › İş №3(056)-2/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2/2023 06.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad şəhəri, V.Əhmədov küçəsi dalan 4, ev 8-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli MN1427916 nömrəli protokola görə Şəxs xx.xx.2022-ci il tarixdə Sabirabad İnşaat Təmir-Tikinti ASC-yə məxsus dəmir konstruksiyaları oğurlamaqla qəsdən 32 (otuz iki) manat ziyan vurmuş və 444 (dörd yüz qırx dörd) manat məbləğində əmlakı məhv etmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, onun Kürkəndi kəndində qohumları yaşayır. O, həmin qohumlarıgilə gedəndə Kürkəndi kəndində istifadə olunmayan obyektlər olduğunu, həmin obyektlərin üzərində dəmir turbalardan hazırlanmış konstruksiyalar (fermalar) olduğunu görmüş, xx.xx.2022-ci il tarixdə həmin dəmirləri satmaq məqsədi ilə aparmaq qərarına gəlmişdir. Buna görə də 5 nəfər fəhlə və sürücü tutaraq həmin yerə aparmışdır. Fəhlələrə həmin yerin əmisinə məxsus olduğunu, buna görə də dəmirləri kəsmələrində heç bir problem olmadığını bildirmişdir. Fəhlələr işləyən zaman o, əmisigilə getmişdir. Bir müddət sonra orada işləyən usta ona zəng edərək, həmin yerə bir neçə nəfər şəxsin gəldiyini və ərazinin onlara məxsus olduğunu dediyini bildirmişdir. O da qeyd olunan yerə getmişdir. Orada 3 nəfər şəxsin gəldiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşmış, həmin şəxslər ondan kim olduğunu, nə üçün dəmirləri kəsdirdiyini soruşmuşlar. O da əmisinə məxsus olan dəmirləri kəsdiyini demişdir. Həmin şəxs də ona ərazinin komitəyə məxsus olduğunu bidirmişdir. Həmin şəxs polis çağırdığını, gözləməsini bildirmiş, o da avtomobilini yolun kənarında saxladığını bildirərək, oradan uzaqlaşmışdır. Əməlindən peşmandır. Bir daha eyni əmələ yol verməyəcəyinə dair söz verir. Ona görə də məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-1142/2022 saylı qərardadına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş material üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunması qərara alınmışdır. İnzibati materiala əlavə edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/8054 saylı (məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə) məlumatdan görünür ki, 3(056)- 1142/2022 nömrəli iş üzrə tərəflərindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəməemtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə məlumatın təqdimolunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət hal hazıradək təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azerbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbirinin tətbiq edilməsini, tənbeh tədbirinin həddinin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar