Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-201/2023 13.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Sabirabad rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Sabirabad rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-802/2021 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək bildirdi ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-802/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 14 sentyabr 2005-ci il təvəllüdlü X3 və 21 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 ödənilməsi və alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanması tələb olunur. İcra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi zamanı borclu İcra və Probasiya şöbəsinə dəvət edilmiş, o, izahat verərək bildirmişdir ki, tələbkara heç bir borcu olmamasıdır. Hazırda borclu icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının tam icrası ilə bağlı tələbini yerinə yetirmir. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, həqiqətən də Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən ondan 14 sentyabr 2005-ci il təvəllüdlü X3 və 21 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 ödənilməsi və alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Buna baxmayaraq, 2021-ci ilin dekabrın ayının 18-dək birgə ailə kimi yaşamışlar. Həmin tarixdə tələbkar 2 uşaqla onu evdən qovmuşdur. Belə ki, ev onun qayınanasının adına alınmışdır. O da uşaqlarla birlikdə kirayədə qalmışdır. 2022-ci ilin sentyabr ayında qızı Nəzrin görüş adı tələbkarın yanına getmiş, həmin zamandan tələbkar qızını yanında saxlamışdır. Oğlu isə bu günədək onunla yaşayır. Uzun müddət, daha sonradan isə yalnız oğlu onun yanında yaşadığından tələbkara heç bir məbləğdə aliment ödəməmişdir. Hazırda onun yaranmış borcunu ödəməyə maddi imkanı yoxdur. Özü Gənclikdə usta işləyir və aylıq qazncı 700-800 manat təşkil edir. Yaranmış borcunu hər ay 100-150 manat ödəməklə bağlaya bilər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, o, borclu ilə onun dediyi kimi birgə yaşamamışdır. O, ilk əvvəldən borcludan evdən çıxmasını tələb etmişdir. Çünki həmin ev onun naasına məxsus olmuşdur. Kamal evdən çıxmadığı üçün o, məcbur qalaraq Kamalın bacısı qızı ilə birgə kirayə evə çıxmış, 3 ay kirayədə yaşamış, sonradan aylıq ödənişi çatdıra bilmədiyi üçün 1 ay da onunla birgə xadimə işləyən Mərziyə xanımın evində qalmışdır. Daha sonra evinə qayıtmış, Kamal evdə olmamış, rayonda olmuş, uşaqlar evdə olmuşdur. Onun gəldiyini görən uşaqlar Kamala zəng etmiş, Kamal uşaqlara onu evə buraxmamalarını tapşırmışdır. Sonradan o, evə daxil olmuş, uşaqları ilə söhbət etmiş, uşaqlar ilk əvvəl Kamalla getsələr də, sonradan qızı Nəzrin onun yanına qayıtmışdır. Keçən müddətdə Kamal heç bir məbləğdə aliment ödəməmişdir. O, xadimə işləməklə əldə etdiyi az qazancla qızının tələbkatlarını qarşılamışdır. Oğluna onu əxlaqsız qadın kimi tanıtdırıb borclu. Halbuki o, əxlaqsız qadın olsa qızının tərbiyəsi ilə də məşğul ola bilməzdi. Qızı taekvando üzrə ölkə çempionudur. Avropada da yer tutmuşdur. Hazırda borclu Şəxs tələb olunan aliment borc məbləğlərini ödəməkdən qərəzli olaraq yayınır. Onun da ehtiyacları vardır. Aliment borcun tam ödənilməsini istəyir. Ona görə də, Şəxs barəsində icra sənədinin icrasına təsir edəcək tədbir görülməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, hazırki məhkəmə icraatı üzrə zərərçəkmiş şəxslə barışıq əldə edə bilməməsini, keçən müddətdə heç bir məbləğdə ödəniş etməməsini, yaranmış borc məbləğini nəzərə alaraq, həmçinin onun maddi vəziyyətini daha da ağırlaşdırmamaq, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aliment borcunu ödəməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməkdədir. Əgər onun barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu aliment məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini, həmin tənbehin həddinin isə minimum həddə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Çünki, şəxsin uzun müddət inzibati qaydada həbs edilmiş olması onun uzun müddət aliment öhdəliyini icra etmək imkanına da mane olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 13 fevral 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-201/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-201/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver