Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-205/2024 05.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı Xİİ tağımın yol-patrul xidməti inspektoru X1 iştirakları ilə, xx.xx.1986-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İmişli rayonunun Qaradonlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 12-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 12-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi «HOWO ZZ3257N3847A yük» markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobilli icazə verilən qabarit, çəki və yüklə birlikdə oxşa düşən kütlə parametrlərini aşmaqla yükləyib idarə etmiş, o, bu xətanı il ərzində təkrar törətdiyi üçün barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı Xİİ tağımın yol-patrul xidməti inspektoru X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs idarə etdiyi ««HOWO ZZ3257N3847A yük» markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobil yüklü vəziyyətdə tərəzidən keçirilərkən icazə verilən qabarit, çəki və yüklə birlikdə oxşa düşən kütlə parametrlərini aşmaqla yükləməsi aşkar edilmiş, sürücü barədə elektron sistemdə yoxlama aparılarkən onun tərəfindən bu tip inzibati xətanın il ərzində təkrar törədilməsi müəyyən edilmişdir. Ona görə də onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi «HOWO ZZ3257N3847A yük» markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobili saxlanılan zaman onun artıq yük daşıması müəyyən edilərək barəsində müvafiq protokol tərtib olunmuşdur. O, ümumi avtomobil yollarında icazə verilən yük çəkis barədə məlumatlıdır. O, Körpü-Bina Müəssisəsi ilə işləyir və daşıdığı qum-çınqıla Müəssisədən əmək haqqı almış, hər ay onun və digər sürücülərin əmək haqqından 1100 manat tutulmuşdur ki, səlahiyyətli şəxslərə həmin vəsait veriləcək və onlar hərəkətdə olarkən yolda saxlanılmayacaqlar. Buna görə də onun avtomobilinə nə qədər yük yüklənirdisə o, həmin yükü təyinat yerinə çatdırırdı. Özü ailəlidir və ailəsinin dolanacağı sürücülük fəaliyyəti ilə məşğul olması ilə qarşılanır. Himayəsində iki azyaşlı övladı vardır. Hazırda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Materiala əlavə edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs hazırki əməlini etiraf etməsini, dolanacağının sürücülük hüququnun mövcudluğundan asılı olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini, yuxarıda sadalanan məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq ona İXM-nin 353.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması tənbeh tədbirinin həddinin minimum həddə - 6 ay müddətinə müəyyən edilməsaini məqsədəmüvafiq hesab edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 1200 (bir min iki yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-205/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-205/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver