Məhkəmə qərarları › İş №3(056)-2134/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2134/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2134/2025 11.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ İHakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1980-ci ildə Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad şəhəri, Z.Əliyev küçəsi, 44 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3099/2021 saylı, xx.xx.2021-ci il tarixli və Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1350/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatı onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3099/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 50860 manat pul vəsaiti tutularaq tələbkar X1 ödənilməli, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1350/2024 saylı, xx.xx.2024-cü il tarixli icra üzrə isə cəmi 67291 manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcra sənədləri onun icraatına daxil olduqdan sonra borclu İcra şöbəsinə dəvət edilmiş, izahatı alınarkən Kommersiya Məhkəməsinin qərarında şikayət verəcəyini bildirmiş, lakin heç bir şikayət verməmişdir. Digər icra sənədi üzrə isə borcunu tələbkarla razılaşdıracağını bildirmiş, lakin tələbkar hər hansı razılıq ərizəsini məhkəməyə təqdim etməmişdir. İcra sənədləri üzrə borcun ödənilməsi hazırda tələb edilsə də, borclu borcunu bağlamaq imkanında olmadığını bildirmişdir. Buna görə də o, müvafiq protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, tələbkar X3 ilə danışıq aparmış və yəqin ki, qısa müddətdə müvafiq barışıq barədə icra məmuru da məlumatlı olacaqdır. Təlbəkar Zərərçəkmiş şəxs MMC-yə gəldikdə isə, bildirir ki, onun Ulacalı kəndində kiçik quşçuluq sexi olmuş və göstərilən tələbkardan yemə satın almış, bu minvalla borcu yaranmışdır. Tələbkar təşkilatın rəhbərliyi də bilir ki, o, ziyana getmiş və sexi bağlamışdır. Onlarla da danışıq aparacaqdır ki, ona müəyyən güzəştlər edilsin və o, borcunu ödəyə bilsin. Özü paralic keçirmişdir. Himayəsində 3 övladı vardır. Onlardan biri azyaşlıdır və azyaşlı övladı yüksək dərəcədə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Hazırda özünü təqsirli bilir. İlk dəfədir ki, inzibati xəta törədir. Məhkəmədən onun vəziyyətinin nəzərə alınaraq barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, işin hallarından göründüyü kimi, borclu digər icra sənədi üzrə də heç bir məbləğdə ödəniş etməmişdir. Hazırda mənafeyini müdafiə etdiyi təşkilat da borcun ödənilməməsindən narazıdır. Odur ki, o, borclu barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, ailə və sağlamlıq vəziyyətini İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, əgər o, inzibati qaydada həbs edilərsə həm özünün sağlamlıq vəziyyəti ağırlaşa, həm də xəstə olan övladı nəzarətdən kənarda qala bilər. Borclunun sağlamlıq vəziyyətinin ağırlaşması isə onun yaranmış borcları üzrə ödəniş etmək imkanını da məhdudlaşdıracaqdır. Odur ki, onun barəsində ona istinad olan maddənin sanksiyasında həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləğinin həddi isə borclunun əmlak və ailə vəziyyəti nəzərə alınmaqla minimum həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar