Məhkəmə qərarları › İş №3(056)-2149/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2149/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2149/2025 15.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Ulacalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYY ƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2025ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayon məhkəməsinin qarşısında ucadan nalayiq söyüş söyərək ictimai qaydanı pozmuşdur. İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X3 inzibati xəta haqqında tərtib etdiyi protokolun tərtib edilməsinin səbəbləri və əsası haqqında bildirdi ki, 14 dekabr 2025-ci il tarixdə vətəndaş Şəxs kriminal aləmlə bağlı sosial şəbəkədə paylaşım etməsinə görə polis əməkdaşları ona yaşadığı kənddə yaxınlaşmış, onu profilaktik söhbət aparılması məqsədilə şöbəyə dəvət etmişlər. Həmin şəxs orada uca səslə polislərlə mübahisə etməyə başlamışdır. Buna görə də müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixində yaşadığı evdə olarkən polis əməkdaşları evinə gəlmiş, onu çölə çağırmış, orada “Odnaklasniki” sosial şəbəkəsində kriminal aləmlə bağlı paylaşım etdiyinə görə şöbəyə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına paylaşımın 8 il bundan əvvəl olduğunu, artıq heç kimin “Odnaklasniki” sosial şəbəkəsindən istifadə etmədiyini, özünün parolu belə unutduğunu bildirmiş, bu xüsusda polis əməkdaşları ilə bir qədər ucadan danışmışdır. Hazırda barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilir. Əməlindən peşmandır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərinə əsasən barəsində yüngül cərimə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinın tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Bu hal onun etirafedici ifadəsi ilə öz təsdiqini tapmaqdadır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənın əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs əməlindən peşman olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və rəsmi iş yerinə malik olmasını nəzərə almaqla, şəxs barəsində inzibati həbs tənbeh növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində azad edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun təxminən 1 gündən artıq müddətdə inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehi inzibati həbsdə saxlanıldığı müddətə uyğun kompensasiya edilməklə 50 manat azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 50 (əlli) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar