Məhkəmə qərarları › İş №3(056)-215/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-215/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-215/2023 24.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, şikayət verən şəxs X2 iştirakları ilə Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kapitanı X1 İsmət Qismət oğlunun barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli TP5560601 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kapitanı X3 xx.xx.2023-cü il tarixli TP5560601 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X4 şikayətlə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalar törətməkdə təqsliri bilinib 40 manat məbləğində inzibati cərimə olunması barədə Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kapitanı X3 xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP5560601 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir X4 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kapitanı X3 TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən, onun barəsində xx.xx.2023-cü il tarixli İXP5026718 nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və o, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Qərar qüvvədə olan qanunvericiliyinin normalarının pozulması ilə tərtib edilmişdir. O, xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E 200 minik” markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərindən Sabirabad rayonuna qayıdan zaman Bakı şəhəri Ziya Bünyadov prospektindən Qələbə dairəsinə tərəf gedərkən eyni yolla hərəkətdə olan Toyota Prius markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobil qəsdən manevr qaydasını düzgün seçməyərək onun qarşısında tormoz əyləcini basıb qəza şəraiti yaratmış və o, isə bu qəzadan yayınamq üçün avtomobilin istiqamətini dəyişib sağ zolağa çıxmış və dərhal ciddi qəza baş verməsin deyə öz yoluna qayıtmışdır. Bu zaman Toyota Prius markalı avtomobil yol ayrıcında olan bariyora toxunara onun idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq aftomobilin buferini yararsız vəziyyətə salmış və ona 560 manat dəyərində ziyan dəymişdir. Lakin buna baxmayaraq Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru, polis kapitanı X6 qərəzli olaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə TP ******* saylı xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş və qərara əsasən o, 40 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan halın baş verməsi və necə baş verməsi barədə avtomobildə olan videregistrator görüntüsnü diskə köçürərək işə əlavə etmişdir. Odur ki, qərarın ləğv edilməsi və onun inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli TP5560601 saylı inzibati tənbeh vermə haqqında qərar tam qanuni qəbul edilmiş, qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Şikayət ərizəsində göstərilən xüsuslatlarla bağlı şikayətçi şikayətinə əlavə edilmiş CD diskə istinad etsə də, diskdə qeyd alınmış epizod fərqli tarixa aid olmuş, həmçinin şikayətinin istinad etdiyi hallar həmin disklə sübuta yetməmişdir. Ona görə də şikayət əsaslı hesab edilə və qəbul edilmiş qərarın ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 394.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxsişin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan özdaxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbərtutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar