Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2205/2025 24.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, inzibati qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X3 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nın 327.1 və 332.3-cü maddələri ilə təqsirləndirilməsinə dair DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025-ci il tarixli EQ/33219595 nömrəli protokol əsasında İXM-nın 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X3 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində **-QP-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəriməsi onun adına gəlmiş və o, sürücülük hüququndan məhrum olmuşdur. Ona görə də o, araşdırma aparılaraq cərimənin avtomobili idarə etmiş srücünün adına dəyişdirilməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş X3 şikayətini müdafiə edərək bildirmişdir ki, o, BYD QİN PLUS PLUG-İN HİBRİD minik markalı **-QP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və yol vərəqəsi əsasında taksi fəaliyyəti ilə məşğul olmaq üçün günlük 40 manat ödəməklə götürmüş, bu ilin oktyabr ayında avtomobili günlük icarəyə götürdüyü Orxan adlı şəxsə təhvil vermişdir. Buna baxmayaraq, artıq bir neçə dəfədir ki, həmin avtomobillə bağlı avtomobil geri təhvil verildikdən sonra cərimələr onun adına tərtib olunmuşdur. Bunun da hesab edir ki, əsas səbəbi sahibkarla arasında 200 manat pul qalığının olması olmuşdur. Belə ki, avtomobilin arxa hissəsi onun idarəsində olduğu zaman yüngül xəsarət almış, o, vurulmuş ziyanın təmin edilməsi üçün sığorta ilə bağlı bütün məsələləri həll etmiş və sahibkardan xahiş etmişdir ki, ona gələn linkə daxil olub kodu daxil etsin ki, sığorta məbləği onun hesabına köçürülsün. Lakin sahibkar vaxtı olmadığını bildirmiş, bundan sonra da onun xəstəsi olduğundan o, məcbur rayona qayıtmalı olduğu üçün avtomobili təhvil vermişdir. Rayona qayıtdıqdan sonra avtomobil kimin istifadəsinə verilmişdirsə o, bilməmişdir. Lakin bir neçə dəfə onun adına cərimələr gəlməsi nəticəsində sürücülük hüququ məhdudlaşdırılmışdır. Buna görə də o, bir neçə aydır ki, işləmək imkanından da məhrum olmuşdur. O, sahibkara bu barədə vatsapp yazışması ilə də məlumat vermişdir. Ona əsassız cərimələr yazıldığı üçün o, hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Hətta onu da bildirir ki, xx.xx.2025-ci il tarixində onun istifadəsində **-PQ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin avtomobillə inzibati xəta törətdiyinə 36 manat cərimə olunmuş və həmin cəriməni də ödəmişdir. Onun bir günün içərisində iki avtomobil idarə edib müxtəlif yerlərdə inzibati xəta törətmiş olması absurddur. O, hətta xx.xx.2025-ci il tarixində hazırda mübahisələndirdiyi qərardan elektron qaydada BDYPİ-yə də şikayət etmiş, bu günədək də şikayəti gözləmə statusunda qalmaqdadır. Hazırda istəyi odur ki, inzibati xəta üzrə cərimə həmin avtomobilin kim tərəfindən idarə edilməsi müəyyən edilərək həmin şəxs barəsində tətbiq edilsin və həmin cərimə və müvafiq bal da həmin şəxsin adına qeyd edilsin. Ona görə də o, şikayətinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası DİN-in BDYPİ-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 xx.xx.2025ci il tarixli EQ/33219595 nömrəli protokol əsasında İXM-nın 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X3 BDYPİ-yə şikayət etmiş, şikayəti gözləmə statusunda qalmaqdadır. Həmçinin təqdim edilmiş sənədlərdən görünür ki, Nəcəf Mahmudlu sahibkarla avtomobilin kimin idarə edib xəta törətməsi ilə bağlı vatsapp yazışmaları və danışıqları həyata keçirmiş, eyni zamanda xx.xx.2025-ci il tarixində istifadəsində **-PQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını, həmin avtomobillə inzibati xəta törətməsini və cərimə olunmasını bildirərək məhkəməyə həmin tənbehlə bağlı müvafiq sənədləri təqdim etmişdir. Məhkəmə hesab edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İXM-nın 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nın 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki, hazırki işin faktiki halları ondan ibarətdir ki, inzibati məsuliyyət yalnız faktiki olaraq xətanı törətmiş şəxsə tətbiq edilməli olduğu halda, inzibati tənbeh etibarnamə sahibinin adına çıxarılıb, lakin sözügedən inzibati xətanın nəqliyyat vasitəsinin mülkiyyətçi tərəfindən törədilməsi həm özünün etirafı, həm də digər sübutlarla tam təsdiq edildiyindən, məsuliyyət də məhz onun üzərinə düşür. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsinə dair İXM-nın 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nın 12-ci Fəslinin, İXMnın 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 v. 8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyət li orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X1 İXM-nın 327.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar ləğv edilməli və X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş materialları faktiki xətanı törtəmiş şəxs barəsində inzibati icraatın aparılması üçün aidiyyəti üzrə BDYP-yə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nın: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması. Göstərilənlərə və İXM-nın 53, 122, 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nın 327.1 və 332.3-cü maddələri ilə təqsirləndirilməsinə dair DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş materialları faktiki xətanı törətmiş şəxs barəsində inzibati icraatın aparılması üçün aidiyyəti üzrə DİN-in BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-2205/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2205/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver